Ru
17:30 / 31 İyul 2025

İranın Zəngəzur dəhlizinə müdaxilə şansı sıfıra bərabərdir - AÇIQLAMA

İranın Zəngəzur dəhlizinə müdaxilə şansı sıfıra bərabərdir -  AÇIQLAMA
Eye

“İran Zəngəzur mövzusundan danışanda həmişə “qırmızı cizgilər”dən bəhs edir. Amma bütün bunlar siyasi manipulyasiyadır, Cənubi Qafqazdakı proseslərə təsiri olmayan iddialardır. Məsələ ondadır ki, Zəngəzur dəhlizi ilə bağlı bir çox məsələlər hələ də həll olunmayıb”.

Bu fikirləri Bakupost.az -a politoloq Elçin Xalidbəyli İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.


Politoloqun sözlərinə görə, İran özünü elə göstərməyə çalışır ki, guya dəhlizin açılmasına əngəl törədən əsas tərəf məhz özüdür:

“Əslində isə İranın nə Ermənistanda, nə də ümumiyyətlə, Cənubi Qafqazda heç bir "qırmızı xətti" yoxdur və ola da bilməz. Əgər Zəngəzur dəhlizi açılacaqsa, heç kim İrandan bununla bağlı icazə almayacaq. Zəngəzur dəhlizi hazırda Türkiyə kimi güclü bir dövlətin, Azərbaycan kimi Cənubi Qafqazın lider dövlətinin maraqlarına uyğundur. Hətta Ermənistanın belə marağındadır. Çünki Ermənistanın prezidenti bu yaxınlarda bəyan etdi ki, Zəngəzur dəhlizi ölkəsinin inkişaf qapılarının açılması deməkdir. Yəni Ermənistan da bu dəhlizin açılmasını istəyir.”

Elçin Xalidbəylinin fikrincə, bu reallıqlar fonunda İranın Cənubi Qafqazda Zəngəzur dəhlizi kimi əhəmiyyətli geo-iqtisadi layihənin qarşısını almaq şansı faktiki olaraq yoxdur:

“Çünki İran Cənubi Qafqaz dövləti deyil. Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçəcək və Ermənistan buna razıdır. Bu dəhliz Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı, daha sonra isə Türkiyəni birləşdirəcək. İranın bütün bu proseslərə etiraz etmək və ya qarşısını almaq kimi potensialı, gücü və imkanı yoxdur. Özlərini nə qədər nəhəng dövlət kimi qələmə versələr də, hər bir dövlətin öz imkan çərçivəsi mövcuddur və İran bu dəqiqə həmin vəziyyətdə deyil”.

Politoloq əlavə edib ki, Zəngəzur dəhlizinin açılmasında təkcə Azərbaycan və Türkiyə deyil, həm də bir sıra beynəlxalq güclər maraqlıdır:

"ABŞ, Avropa Birliyi, Asiya ölkələri və hətta Çin bu dəhlizin açılmasında maraqlıdır. Belə olan halda, İran bu geo-iqtisadi layihənin reallaşmasına necə əngəl törədə bilər? Rəsmi Tehran və Zəngəzur dəhlizinin açılmasına etiraz edən İran rəsmiləri izah etməlidirlər ki, buna necə mane ola bilərlər? Müharibə edəcəklər? Ora qoşun yeridəcəklər? Nə ilə mane olacaqlar? Hazırda ABŞ ilə Ermənistan arasında müzakirələr aparılır ki, Zəngəzur dəhlizi Amerika şirkəti tərəfindən icarəyə götürülsün. Həmin şirkət gəlib Zəngəzur dəhlizində fəaliyyətə başlasa, İran həmin şirkətə nə edə bilər? Arxasında Amerika kimi bir güc dayanan şirkətə İranın gücü çatarmı? Və ümumiyyətlə, İran hansı resurslara sahibdir ki, buna əngəl törədə bilsin?

Elçin Xalidbəyli bildirib ki, hazırda İran siyasi elitasında vəziyyətə praqmatik və düzgün yanaşan yeganə şəxs Prezident Məsud Pezeşkiyandır:

O, bəyan edir ki, İranın inkişafı yalnız və yalnız qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulmasından keçir və bu, doğru yanaşmadır. İran nəhayət ki, qonşu dövlətlərlə rəqabət, gərginlik və qarşıdurma modelindən imtina edərək, inkişaf üçün bütün qonşularla münasibətləri normallaşdırmalıdır. Eyni zamanda, Zəngəzur dəhlizi açılarkən İran da bu dəhlizdən istifadə imkanlarını nəzərdən keçirməlidir. Pezeşkiyanın dediyi də budur ki, İran bütün geo-iqtisadi layihələrdən və qonşularla qarşılıqlı iqtisadi-ticari münasibətlərdən öz inkişafı üçün istifadə etməlidir. Və bu, həqiqətən də ən düzgün yanaşmadır.

Zəngəzur dəhlizi məsələsi Ermənistan, Azərbaycan, Türkiyə, Avropa ölkələri və digər maraqlı tərəflərin mövqeləri çərçivəsində həll olunacaq. Burada İranın hər hansı bir müdaxilə şansı isə sıfıra bərabərdir.”

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar