Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, ölkə daxilində siyasi qarşıdurma daha açıq və sərt fazaya keçir.
Bakupost.az Müsavat.com-a istinadla xəbər verir ki, son olaraq, baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında ölkənin siyasi səhnəsində yer alan və eyni zamanda, seçkilərdə əsas rəqibləri sayılan sabiq prezident Robert Köçəryan, iş adamı və siyasətçi Samvel Karapetyan, eləcə də “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyanın təmsil etdiyi qüvvələri kəskin tənqid edib.
Onun fikrincə, bu siyasi düşərgə Ermənistanla Azərbaycan arasında əldə olunmuş sülh gündəmini şübhə altına alaraq, regionda yenidən gərginliyin artmasına zəmin yaradır.
Paşinyanın iddiasına görə, adıçəkilən qüvvələr mövcud sülhün qorunması xəttini dəstəkləmir, əksinə, onu yenidən nəzərdən keçirmək və güc metodları vasitəsilə yeni reallıqlar formalaşdırmaq niyyətindədir. Bu bəyanat isə təkcə daxili siyasi polemika deyil, həm də Ermənistanın gələcək xarici siyasət kursu və regionda təhlükəsizlik balansı baxımından ciddi suallar doğurur.