Həsən Həsənov,
Biznes idarəçisi
Şirkətdə pul sıxıntısı olan kimi ilk qərar nə olur?
Bonuslar kəsilir. Maaşlar dondurulur. Xərclər azaldılır. Və buna “qənaət” deyilir.
3 ay sonra komanda zəifləyir.
6 ay sonra isə nəticə özü zəifləyir.
9 ay sonra da səbəbi tapmaq çətinləşir.
Bu yanaşma qənaət deyil. Bu, sadəcə reaksiyadır.
Qənaətcil idarəetmə (Lean management) biznesdə yeni anlayış deyil. Uzun illərdir tətbiq olunur və əsas ideyası sadədir: dəyər yaratmayan hərəkətləri, prosesləri və xərcləri sistemdən çıxarmaq. Bu yanaşmada məqsəd xərci azaltmaq deyil, prosesi təmizləməkdir.
Təəsüf ki, bizim bizneslərdə israf adətən böhran vaxtı yada düşür. Pul sıxılır, bazar daralır, ödənişlər gecikir və birdən hamı “qənaət etməliyik” deyir. Amma qənaət bu mərhələdə xatırlananda çox vaxt artıq gec olur. Çünki kor-koranə xərcləri azaltmaq bəzən şirkətə xeyirdən çox ziyan vurur.
Halbuki israf hər zaman var. Böhran olsun, ya olmasın. Sadəcə sakit dövrdə görünmür. Şirkət işləyir, satış gedir, pul bir yerdən girir, o biri yerdən çıxır və hər şey normal görünür. Ehtiyat yığılır, amma dövriyyə ölçülmür. Satınalma edilir, amma müqayisə edilmir. Görünməyən israf da məhz bu dövrdə yığılır.
- İsraf artıq ehtiyatda olur.
- Zəif planlamada olur.
- Ölçülməyən proseslərdə olur.
- Vərdişə çevrilmiş səhv qərarlarda olur.
Bu səbəbdən idarəetmədə qənaət xərci azaltmaq deyil, düzgün yerə yönəltməkdir. Daha dəqiq desək, qənaət israfı sistemdən çıxarmaqdır.
Bir istehsal şirkətində pul sıxıntısı yarandı. İlk qərar klassik oldu: bonuslar dayandırıldı, bəzi işçilər ixtisar edildi. Qısa müddətdə xərclər azaldı və rəhbərlik vəziyyətin nəzarətə alındığını düşündü.
Amma paralel olaraq sistemə toxunan yox idi.
Ehtiyatlar yenə yüksək qalırdı. Satınalma əvvəlki vərdişlərlə davam edirdi. İstehsalda planlama dəyişməmişdi. Proseslər ölçülmürdü. Sadəcə görünən xərc azaldılmışdı, görünməyən israf isə olduğu kimi qalırdı.
3-4 ay sonra istehsalda gecikmələr başladı.
6 ay sonra isə müştəri şikayətləri artdı.
Bir müddət sonra məlum oldu ki, problem maaşlarda yox, sistemdə idi.
Qənaəti pəhriz kimi düşünmək olar.
Məqsəd arıqlamaqdırsa, əsas məsələ çəkini azaltmaq deyil. Əsas məsələ düzgün çəki itirməkdir. İnsan bədəni əzələni yox, artıq yağı itirməlidir. Əzələ qalmalıdır, çünki güc oradadır.
Şirkətdə də eyni prinsip işləyir. Əzələ – insan keyfiyyəti, sistem, münasibətlər və proseslərdir. Bunlar qorunmalıdır. Gedən isə piy olmalıdır: artıq proseslər, lazımsız hərəkətlər, dəyər yaratmayan xərclər.
Qənaət harada yaranır?
Maliyyədə yox. Maliyyə yalnız nəticəni göstərir. Qənaət əməliyyatın içində yaranır.
Bu zəncirə baxsaq: Plan – Əməliyyat – Hesabat – Analiz – Qərar.
Plan səhvdirsə, əməliyyat ilk addımdan artıq yüklə başlayır. Əməliyyat artıqdırsa, hesabat şişir. Hesabat oxunmursa, analiz yoxdur. Analiz yoxdursa, qərar təsadüfidir. Qənaət də məhz bu zəncirin içində formalaşır.
Planlama dəqiq olanda ehtiyat şişmir və pul donmur. Əməliyyat düzgün qurulanda lazımsız hərəkətlər azalır və proses sürətlənir. Hesabat şəffaf olanda problem gizlənmir. Analiz səbəbi göstərir. Qərar vaxtında veriləndə isə sistem özünü tənzimləyir.
Lean yanaşmanın gücü də buradadır: xərclərə hücum etmir, israfı görünən edir.
Dünya səviyyəli şirkətlər bunu fərqli sahələrdə tətbiq edib.
Toyota artıq ehtiyatı problem kimi gördü və “Just-in-time” qurdu. Bu prinsiplə artıq ehtiyatı minimuma endirdi, axını sürətləndirdi. Just-in-time - ehtiyat yığmadan, yalnız lazım olanı, lazım olan vaxtda və lazım olan qədər istehsal edib hərəkət etdirməkdir.
Walmart isə eyni məntiqi təchizatda tətbiq etdi, məhsulu anbara yox, hərəkətə saldı. “Distribution center” modeli ilə məhsulun tədarükçüdən rəfə qədər hərəkətini optimallaşdırdı. Onların üstünlüyü xərci kəsməkdə yox, axını düzgün qurmaqda idi. Bu model, məhsulu anbarda saxlamaq üçün yox, tədarükçüdən mağazaya fasiləsiz və sürətli axınla çatdırmaq üçün qurulmuş sistemdir.
Bizim biznes mühitində isə qənaət çox vaxt başqa cür başa düşülür. Qənaət adı ilə maaşlar azaldılır, bonuslar kəsilir, işçilər ixtisar olunur. Bu qərarlar bəzən o qədər rahat verilir ki, elə bil problem prosesdə deyil, insanın özündədir.
Halbuki bu qənaət deyil. Bu ucuz qərardır.
Ucuz qərarın baha nəticəsi olur: sistem zəifləyir, motivasiya düşür, münasibətlər zədələnir. Biznesdə ən bahalı itkilərdən biri münasibət itkisidir.
Qənaət kəsməklə yaranmır.
Görməklə yaranır.
Qalanı sadəcə icradır.
Ən böyük səhv isə qənaəti böhran alətinə çevirməkdir. Qənaət böhran başlayanda yox, sistem qurulanda olmalıdır. Əks halda şirkət eyni dövrü yaşayır: çətinlik, kəsinti, qısa rahatlama və yenidən eyni problem.
Sistem qurulmadıqca qənaət davamlı olmur.
Biznesdə əsas sual “haradan kəsək?” deyil. Əsas sual belədir: “harada dəyər yaratmırıq?”
Bu sualın cavabı tapılanda qənaət artıq qərar olmur. Sistemin nəticəsi olur.