Ötən gün Bakıda iki şəxsin hamam otağında boğulması kirayə evlərdə təhlükəsizlik problemini bir daha gündəmə gətirdi. İnsanların daha ucuz mənzil axtarışı onları çox vaxt köhnə və təhlükəli şəraitdə yaşamağa məcbur edir. Nəticədə isə standartlara uyğun quraşdırılmayan qaz cihazları və ümumilikdə nəzarətsiz mühit faciəyə çevrilir.
Ən narahatedici məqam isə bu sahədə aydın məsuliyyət bölgüsünün olmamasıdır. Kirayə verilən evlərdə texniki yoxlamanın aparılıb-aparılmadığı, qaz və digər kommunikasiya xətlərinin təhlükəsizliyinin kim tərəfindən təmin edildiyi sual altındadır. Ev sahibləri çox vaxt mənzili yalnız maddi gəlir mənbəyi kimi görür, kirayəçilər isə seçim imkanlarının məhdudluğu səbəbindən mövcud risklərlə barışmalı olurlar.
Xüsusilə tələbələr və yeni müstəqil həyata başlayan gənclər həm maddi baxımdan məhdud imkanlara malikdir, həm də kirayə bazarında hüquqi və texniki tələblər barədə kifayət qədər məlumatlı olmurlar. Bu isə onları ən riskli şəraitdə yaşamağa məcbur edir.
Baş verən hadisələr bu sualı daha da aktuallaşdırır. Kirayə bazarında təhlükəsizliyi təmin etmək kimin üzərinə düşür? Ev sahibi, kirayəçi, yoxsa dövlət nəzarət mexanizmləri?
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Publika.az-ın suallarını cavablandırdı.
Onun sözlərinə görə, baş verən hadisə zamanı məsuliyyəti tək ev sahibinin üzərinə atmaq düzgün deyil:
"Birinci növbədə onu qeyd etmək istəyirəm ki, evini kirayə verən şəxs həmin evin daxilində təhlükəsizliyin təmin olunmasına da cavabdehdir. Lakin müəyyən qəzalar və hadisələr baş verdikdə, bu hallar mütləq şəkildə istintaq orqanları tərəfindən araşdırılır. Məsələn, əgər söhbət qaz sızmasından və ya dəm qazının yüksək zəhərlilik dərəcəsindən gedirsə, hər bir halda ev sahibini birbaşa günahkar saymaq düzgün olmaz. Belə hallarda məsuliyyətin bir hissəsi "Azəriqaz" İstehsalat Birliyi kimi aidiyyəti qurumların üzərinə də düşə bilər".
R.Süleymanov bildirdi ki, kirayə bazarında əsas problemlərdən biri tərəflər arasında aydın razılaşmanın olmamasıdır:
"Ümumilikdə isə vətəndaşlar kirayə mənzil götürərkən şərtləri açıq və aydın şəkildə razılaşdırmalıdırlar. Xüsusilə təhlükəsizlik məsələləri, sığorta ilə bağlı məqamlar, eləcə də mənzilin əşyalarının vəziyyətini əks etdirən təhvil-təslim aktı müfəssəl şəkildə tərtib olunmalıdır. Təəssüf ki, çox vaxt vətəndaşlar bunu etmirlər və ucuzluğa görə tələsik qərar verirlər. Bu isə sonradan müxtəlif problemlərin yaranmasına səbəb olur".
Hüquqşünas sonda vurğuladı ki, hüquqi sənədləşmə mütləqdir:
"Bu baxımdan tərəflər arasında mütləq şəkildə rəsmi müqavilə bağlanmalı, bütün şərtlər orada aydın şəkildə qeyd edilməlidir. Həmçinin təhvil-təslim aktı düzgün tərtib olunmalı, hər hansı texniki nasazlıq və ya çatışmazlıq əvvəlcədən müəyyən edilərək sənədləşdirilməlidir".