Nepal polisi vətəndaşlara pul müqabilində xarici ölkələrdə, o cümlədən Azərbaycanda və Kanadada işə düzəltməyi vəd edən iki nəfəri dələduzluq şübhəsi ilə saxlayıb.
"Bakupost" xəbər verir ki, saxlanılanlar paytaxt Katmanduda yaşayan 56 yaşlı Punja Prasad Niraula və 20 yaşlı Şreya Şresthadır.
Nepal Polis Mərkəzi Mətbuat Xidmətinin məlumatına görə, hər iki şübhəli barəsində zərərçəkənlər tərəfindən şikayət daxil olub.
Belə ki, Niraula vətəndaşlardan birinə Azərbaycanda iş təşkil edəcəyini vəd edərək ondan 3,2 milyon Nepal rupisi (35 min manatdan çox) almaqda ittiham olunur. Şreya Şrestha isə başqa bir şəxsi Kanadada işə düzəltmək vədi ilə 345 min rupi (3 800 manatdan çox) almaqda şübhəli bilinir.
Məlumata görə, pulu aldıqdan sonra hər iki şəxs müraciət edənlərlə əlaqəni kəsib.
Saxlanılan şəxslərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün Təhacal rayonunun Xaricdə Məşğulluq Departamenti və yerli polis araşdırma aparır.