Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonu, Kıyır kəndinin yaxınlığında üç nəqliyyat vasitəsinin içərisində ümumilikdə 8 nəfərin meyiti aşkarlanıb.
"Bakupost" xəbər verir ki, hadisə Ayazini və Kıyır kəndlərinin ərazisində baş verib.
Hadisə nəticəsində bir nəfərin də ağır yaralandığı bildirilir.
İlkin araşdırmalar zamanı şəxslərin tüfənglə vurularaq öldürüldüyü müəyyən edilib. Şübhəlinin isə hadisə yerindən qırmızı rəngli avtomobililə qaçdığı bildirilir.
Şəhər kənarından gələn şübhəli avtomobillə Kütahya istiqamətində hərəkət edib.
Hadisə ilə əlaqədar kəndlərə gedən yollar jandarm qüvvələri tərəfindən bağlanıb. Polis və jandarm əməkdaşları qaçan şübhəlinin saxlanılması üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.