Kəramət Böyükçöl yerli-dibli məhv edilməlidir! Özgə çarə yox artıq... Necə? Təklif edirəm, hətta təkid edirəm ki, əvvəlcə Akademiya bağına gedib hökumətin ona bağışladığı o alabəzək avtobusun təkərlərini deşik-deşik edək. Əlbəttə, biz bunu ucubiz bizlərlə həyata keçirməliyik.
Daha sonra, elə həmən o parkda yaraşıqlı bir dar ağacı qurub onu ikibaşlı-gicirtkanlı statuslarından (dilotu yemiş dilindən də olar) asmalıyıq. Nəhayət, Kəramət Böyükçöl adlı yazıçının göz yaşlarıyla yazdığı və sata-sata milyarder olduğu kitablarını bittə-bittə topalamalı, od vurub yandırmalıyıq. Qoy, hamıya dərs olsun, - bilsinlər, qansınlar ki, xımır-xımır İqtidar müəllimlə iş birliyi yapan satılmış mış-mış adamların axırı belə olur, ya axırı olmur!..
Kəramət yoxdusa, əlavə, onun kitabları-zadı da yoxdusa, deməli, problem də yoxdur...
İnanın: ərz elədiyim fənd, üsul, ya vasitə onu ifşa edən palaz-palaz yazılardan daha təsirli, üstəlik, hirsli-hikkəli cavab atəşləri açıb düşməni susdurmaqdan yüz dəfə asandı.
Nəyin bahasına olursa olsun, bizlər ucubiz bizlə silahlanıb elliklə "bizləmə" əməliyyatına start verməliyik.
Əsil siyasi partizanlıq zamanı, Kəramət adlı siyasi appendisiti kəsmək məqamıdı! Haydı bəylər, tələsin. Dünən tez idi, bu gün gec ola bilər.
Bəli, bizim... biz ola bilməyimiz üçün, “hurrey” deyib hücuma, bizləmə hücumuna keçmək zamanıdı!
Redaksiyadan qeyd: Kəramət Böyükçöl müxalifətçi Əli Kərimli haqda bir cümləlik statusuna görə sosial şəbəkələrdə AXCP üzvləri tərəfindən linç edilir.
Eldəniz Quliyev