Xalq artisti, tanınmış tarzən Ceyran Haşımova səhhətində yaranan problemlərdən danışıb.
"Bakupost" xəbər verir ki, Ceyran Haşımova Musavat.com-a açıqlamasında son vaxtlar arterial təzyiqinin yüksəldiyini, ürək təzyiqinin isə aşağı düşdüyünü bildirib.
"Səhhətim yaxşı deyil. Arterial təzyiqim qalxır, ürək təzyiqim isə düşür. Çox əziyyət çəkirəm. Ürək təzyiqim həddindən artıq aşağıdır", - deyə sənətçi qeyd edib.
Xalq artisti jurnalistlərin onunla əlaqə saxladığını, lakin səhhəti ilə əlaqədar tədbirlərdə iştirak edə bilmədiyini söyləyib:
"Sağ olsunlar, televiziyadan zəng edirlər. Amma mən heç yerə gedə, heç nə edə bilmirəm. Çünki bu vəziyyət mənə çox əziyyət verir. Yaş öz sözünü deyir".
Ceyran Haşımova son dövrlərdə təngnəfəsliyinin də artdığını qeyd edib:
"Qan təzyiqim qalxanda dərman içirəm ki, düşsün. Amma dərman içəndə ürək təzyiqim lap aşağı düşür. Ona görə belə əziyyət çəkirəm. Hər gün təngnəfəs oluram. Kim zəng edib əhvalımı soruşursa, danışığımdan vəziyyətimi hiss edir. Həkimlər deyirlər ki, yaşla bağlıdır, belə olmalıdır. Mənim artıq 90 yaşım var. Allah ömür verib, onun işinə qarışa bilmərəm. Mənim kimi sənətçilərdən də çox az insan qalıb, əksəriyyəti dünyasını dəyişib".