"Mənim üçün insanların sağlamlığı əsas prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir".
"BakuPost"un məlumatına görə, bunu 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında prezident İlham Əliyev deyib.
Prezident bildirib ki, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib. Əlbəttə, o böyük çökmənin qarşısı alınıb və neftin qiyməti tədricən bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. "Ona görə bizim gəlirlərimiz azalır. Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb. Onların biri turizm sahəsidir. Biz son 4-5 il ərzində turizm sahəsini çox güclü və təkanverici sektor kimi formalaşdırmışdıq və ildən-ilə Azərbaycana gələn turistlərin sayı artırdı. Keçən il rekord həddə çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş gəlmişdir. Müxtəlif hesablamalara görə, onlar Azərbaycanda təqribən bir yarım – iki milyard dollar pul xərcləyiblər. Bu, ölkəmizə gələn valyutanın artması deməkdir. Yəni, biz bundan məhrum olduq.
Bir neçə başqa sektor artıq uzun müddətdir ki, fəaliyyətsizdir. Dövlət o sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürübdür. Biz indi 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edirik və 190 manatın verilməsi müddəti uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və böyük xərclər deməkdir. Amma biz bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar və kim onlara kömək edəcək?! Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır".