Ceffri Epşteynlə əlaqələrinə görə şahzadə titulunu itirmiş keçmiş Böyük Britaniya şahzadəsi, 66 yaşlı Endryu İngiltərənin ticarət elçisi olduğu dövrdəki fəaliyyəti ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi əsasında saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Bakupost.az Britaniya mediasına istinadən xəbər verir ki, İngiltərə polisi Endryu Mauntbatten-Vindzor dünən səhər saxlanılıb və axşam saatlarında “şərti şəkildə” azad edildiyini bildirib. Britaniya mediası Kral III Çarlzın qardaşının polis binasını tərk etdiyini yazıb.
Temz Velli polis idarəsi açıqlamasında keçmiş şahzadənin “vəzifədən sui-istifadə” maddəsi ilə saxlanıldığını təsdiqləyib. İstintaq çərçivəsində İngiltərənin şərqində və Londonun qərbində yerləşən iki mülkdə axtarışlar aparıldığı da bildirilib. Qeyd olunur ki, bu hadisə müasir Britaniya tarixində kral ailəsi üzvünün saxlanılması baxımından nadir hal sayılır.
Həbs əməliyyatı Endryunun doğum gününə təsadüf edib.
Polis, 2010-cu ildə Endryunun Epşteynə “kommersiya xarakterli hesabatlar göndərməsi ilə bağlı iddiaların” araşdırıldığını açıqlayıb. Keçmiş şahzadə ABŞ Ədliyyə Departamentinin Epşteyn işi üzrə təxminən 3 milyon sənədi açıqlamasından sonra monarxiya əleyhdarı “Republic” qrupu tərəfindən polisə şikayət edilib.
Məlumata görə, araşdırılan sənədlər Endryunun Vyetnam, Sinqapur və digər ölkələrə rəsmi səfərləri ilə bağlıdır.
Keçən il Kral III Çarlz Epşteyn qalmaqalı fonunda qardaşı Endryunun bütün titullarını və rəsmi vəzifələrini əlindən almışdı. Yeni açıqlanan sənədlərdə 2010–2011-ci illərdə Epşteynlə məxfi yazışmalara dair iddialar da yer alır.
Kral III Çarlzdan ilk açıqlama
Qalmaqal kralın ictimai tədbirlərinə də təsir göstərib. Lankaşirdə keçirilən tədbir zamanı bir vətəndaş Endryu ilə bağlı sual səsləndirərək kralın çıxışını yarımçıq kəsib.
Qardaşının saxlanılmasından sonra ilk açıqlamasında Kral III Çarlz “qanun öz işini görməlidir” deyib və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq ediləcəyini bildirib.
Hökumət üzərində təzyiq artır
Qalmaqal təkcə kral ailəsini deyil, Britaniya hökumətini də sarsıtmağa davam edir. Epşteyn dosyelərində keçmiş ABŞ səfiri Piter Mendelsonla bağlı yeni məlumatların üzə çıxması Baş nazir Keyr Starmer üzərində təzyiqi artırıb.
Dauninq Stritin Kommunikasiya Direktoru Tim Allan istefa verdiyini açıqlayıb. Bundan bir gün əvvəl baş nazirin aparat rəhbəri Morqan Maksvini də vəzifəsindən getmişdi.
Cavid, BakuPost