Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar verilib. Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasov qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilib. Ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.
"Ramiz Mehdiyev işi" çərçivəsində atılan bu addıma münasibətini açıqlayan Azərbaycan Demokrat Partiyasını sədri Sərdar Cəlaloğlu Bakupost.az -a bildirib ki, Abbas Abbasov həm Əbülfəz Elçibəyin, həm də Heydər Əliyevin vaxtında dövlətdə yüksək post tutub və Rusiya ilə əlaqələrin tənzimlənməsində iştirak edib:
“O, Azərbaycanda uzun müddət üzdə olan adamlardan biridir. Əgər hakimiyyət belə bir qərar veribsə, deməli, əlində nəsə ciddi faktlar var. Əgər hər hansı şəxslə bağlı cinayət işi qaldırılıbsa, onun yerləşdiyi dövlətlə Azərbaycan arasında müqaviləsi varsa, həmin şəxsin ekstradisiyası tələb edilə bilər”.
ADP sədri qeyd edib ki, Abbas Abbasov Rusiyaya xidmətdə və Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunur:
"Bu isə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginliyə səbəb olacaq. Mən inanmıram ki, Rusiya Abbasovu asanlıqla, qeyd-şərtsiz təhvil versin. Bu hadisələr getdikcə siyasiləşir və iki ölkə arasında əlaqələrinin ciddi şəkildə pozulmasına gətirib çıxaracaq. Düzdür, praktikada Rusiyanın Surət Hüseynov və Rəhim Qazıyev kimi şəxslərin təhvil verməsi halalrı olub. Amma bu şəxslərlə Abbas Abbasovu eyniləşdirmək olmaz. Həmin şəxslər Kremlin əlində alət idilər və onların Moskva üçün o qədər də böyük əhəmiyyəti yox idi. Abbasov müxtəlif hakimiyyətlərdə təmsil olunduğu və Kremlin Azərbaycandakı siyasəti ilə daha çox tanış olan şəxs kimi Rusiya üçün ümdədir”.
Sərdar Cəlaloğlunun fikirincə, əgər hakimiyyət cinayət işi qaldırıbsa, bu işin araşdırmalarının nə ilə nəticələnəcəyini gözləmək lazımdır:
“Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Abbas Abbasova dövlət çevrilinə cəhdlə bağlı cinayət işinin qaldırılması bir çox şübhələrin yaranmasına əsas verəcək. Biz görürük ki, Kreml Bakıya qarşı müxtəlif təsir vasitələrindən istifadə edir. Abbasovun ölkədəki əlaqələrindən də bu məqsədlə istifadə edildiyi ehtimal olunur. Bu cinayət işi göstərir ki, hakimiyyətin əlində ciddi faktlar var”.
ADP sədri Ramiz Mehdiyevin “Milyarderlər İttifaqı” ilə müttəfiqliyi haqda fikirləri isə qəbul etmir:
“Rusiya Ramiz Mehdiyev vasitəsilə bacarmadığı siyasəti “Milyarderlər İttifaqı” əlini ilə həyata keçirməyə çalışırdı. Bir növ Rusiyanın maraqları baxımından Mehdiyevlə adıçəkilən ittifaq rəqabətdə idi. Ramiz Mehdiyev “Milyarderlər İttifaqı” ilə mübarizə aparırdı ki, özü Kremlin Azərbaycanda yeganə təmsilçisi olsun. Çünki PA-nın sabiq rəhbəri hesab edirdi ki, Milli Şura və ittifaq ona qarşı alternativ kimi yaradılıb. Amma Abbasovla Ramiz Mehdiyev eyni vaxtda və iqtidarda təmsil oluduqları üçün onların arasında münasibətlər, əlaqələr vardı. Hətta onlar SSRİ hakimiyyəti dövründə də vəzifədə idilər – Ramiz Mehdiyev Mərkəzi Komitədə katib, Abbas Abbasov isə Nazirlər Kabinetində işləyirdi. O ki, qaldı bu münasibətlərin birgə əməkdaşlıq və vahid məqsədə xidmət etməsinə, bunu yalnız istintaq müəyyənləşdirə bilər”.
Cavid, BakuPost