Moskva mediası və Kreml yönümlü təbliğat kanalları Rusiyanın Orexovo-Zuyevo şəhərində baş verən qalmaqallı hadisəni növbəti dəfə Azərbaycana qarşı çeviriblər.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, hadisənin mərkəzində 46 yaşlı Müşeq Mejlumoviç Alkamyan dayanır. O, avtobusda sərnişinləri təhqir edib. Daha əvvəl o, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin ailəsini zorlamaqla təhdid etmişdi. Sonradan polis onu saxlayıb və barəsində “xuliqanlıq” və “nifrət zəminində təxribat” maddələri ilə cinayət işi açıb. Alkamyan hərəkətlərini davamlı sərxoş olması ilə izah edib.
Məsələnin ən qalmaqallı tərəfi odur ki, Kreml təbliğatçıları bu şəxsi azərbaycanlı kimi təqdim edirlər. Halbuki soyadı – Alkamyan, atasının adı – Mejlumoviç, boynundakı xaç aksessuarı onun erməni olduğunu açıq şəkildə göstərir. Bu, nə müsəlmana, nə də azərbaycanlıya aid ola bilməz.
Ən pis halda mümkündür ki, bu adam Sovet İttifaqı dövründə Bakı, Sumqayıt, Mingəçevir və ya Gəncədə doğulub. Lakin 1989-cu ildən sonra bu şəhərlərdə erməni yaşamır. Müstəqillik dövründə isə onun Azərbaycan vətəndaşı olması, pasport, ya da şəxsiyyət vəsiqəsi alması mümkünsüzdür. Hətta bu halda belə doğum yerinin Azərbaycan olması onun milliyyətini dəyişmir, azərbaycanlı etmir.
Belə saxtalaşdırmalar təsadüfi deyil. Kreml media resursları bu cür təqdimatla iki məqsəd güdür:
1. Azərbaycan diasporunun nüfuzuna xələl gətirmək;
2. Azərbaycanın adını kriminal hadisələrə bulaşdırmaq.
Əslində isə bu, tipik ikili standart və yalan təbliğat nümunəsidir. Rusiyada Bastrıkinin ailəsini zorlamaqla təhdid edən, sərnişinləri söyən və zorakılıqla hədələyən şəxs – ermənidir, xaçlıdır və Azərbaycanla heç bir bağlılığı yoxdur.
Bu hadisə bir daha göstərir ki, Kreml təbliğatı hər fürsətdə azərbaycanlıların adına ləkə yaxmaq üçün uydurma və saxta təqdimatlardan istifadə edir. Halbuki faktlar açıqdır: Bastrıkinin ailəsini zorlamaqla hədələyən şəxs – Alkamyan soyadlı bir ermənidir.