Kriptovalyuta nədir?
Kriptovalyuta – virtaul (rəqəmsal) valyutanın bir növüdür. Kriptovalyutanın əldə edilməsi prosesi – mining (mayninq) adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində "kripto” prefiksindən istifadə olunur. Kripto sözü yunan dilində olan "kruptos” sözündən yaranıb və mənası "sirr” deməkdir. Hər bir kriptovalyuta vahidi ingilis dilində – coin (koin) adlanır və koinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunan alqoritm əasasında məhdud sayda olur. Koinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Koinlərin şəbəkədə olmasını, onların üçotunu və hesabatlığının aparılmasını Blokçeyin sistemi təmin edir.
Kripovalyuta necə tənzimlənir?
Kriptovalyuta heç bir dövlətin siyasətindən, qanunlarından, pul vahidindən asılı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutaları, əsasən isə ABŞ dollarıyla mövcud bazar məzənnəsi ilə mübadilə edilə bilir. Bu valyutanı istifadə etməyi heç kim məcbur və ya qadağan edə bilməz, çünki rəqəmsal valyutaların dövriyyəsi internetdə baş verir və onlardan istifadə edənlərə heç kim nəzarət etmir.
Kripotvalyutanın digər elektron pullardan fərqi nədir?
Adi pulların elektron hesabda olması üçün ilk növbədə həmin pulu fiziki olaraq bank vasitəsilə hesaba qoymaq lazımdır. Yəni pulun hesabda elektron görünüşü – sadəcə olaraq onun fiziki formasının elektron formadakı əksi deməkdir. Kriptovalyutalar isə birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil.
Mərkəzləşidirilmiş nəzarət mexanizminin olmaması, inflyasiyaya məruz qalmamağı, kriptovalyutanın əsas xaraqteristikası hesab olunur. Hazırda 2090 adda müxtəlif kriptovalyutalar mövcuddur. Kriptovalyutalara bağlı bir neçə risk faktorları da var.
1.Yüksək volatillik riski.
Bu o deməkdir ki, qiymət artımı zamanı müəyyən gəlir əldə etmiş investor qısa müddət ərzində qiymətin düşməsi zamanı bütün investisiyasını itirə bilər və bundan heç kim sığortalanmayıb.
2.Hüquqi risk.
Kriptovalyutalar üzrə hələ də hüquqi tənzimləmə mexanizmi olmadığından investorların istədikləri ölkədə öz rəqəmsal pullarını nəğdləşdirmək və ya ödəniş vasitəsi kimi istifadə imkanları məhduddur.
Ekspert Elnur Quliyev kriptovalyutaların istifadə mexanizmi və yararlığı barədə BakuPost oxucularına tövsiyə verib.
E.Quliyev deyir ki, kriptovalyutadan istifadəyə qərar verdiyimiz zaman ilk iş investisiya etdiyiniz kripto-sektoru ətraflı araşdırıb öyrənməkdir: "Bir çoxları kriptovalyutaların xüsusiyyətlərini, tətbiq imkanlarını, təhlükəsiz saxlama formalarını bilmədən investiya etməyi qərara alırlar. Lakin qiymətin bahalaşmasını səbəb gətirərək tələsik investiya etmək düzgün deyil. Razıyam ki, investor üçün əsas məqsəd qazanmaqdır, lakin "hamı alır, mən də alım” prinsipi kripto texnologiya sektorunda keçərli deyil və ani səhv nəticəsində bütün vəsaitlərinizin itirilməsi ilə nəticələnə bilər. Hesab edirəm ki, daha çox qazana biləcəyiniz deyil, daha çox bildiyiniz sahəyə yatırım etməniz daha məsləhətlidir”.
Ekspert deyir ki, investisiya edilən sahə üzrə nə qədər çox bilik və təcrübə olsa, uğur qazanmaq şansı bir o qədər çox olacaq: "İstənilən investisiya müəyyən risklə müşayət olunur ki, kriptovalyutaların qiymətinin volatilliyi faktoru bu riskləri ikiqat daha çox artırır. Bəzi investorlar hesab edir ki, koinlərin qiyməti ancaq artan temp üzrə gedir və ya daim belə olacaq. Lakin təcrübə göstərdi ki, qətiyyən belə deyil. Qiymətlərin dəyişməsi mütləq şəkildə hər hansı bir informasiya və ya hadisədən asılı olaraq baş verir. Bu səbəbdən qiymətə təsir edən faktorları analiz edərkən, səbrli və soyuqqanlı olmaq lazımdır. Qiymət düşdüyü zaman tələsik qərar verib, investisiyanı çıxarmaq və ya qiymətlərin artdığı vaxt əlavə investiya etməyə tələsməyin.
E.Quliyev kriptovalyutaların saxlanması qaydalarını da izah edib: "Kriptovalyutanın təhlükəsiz yerdə saxlanmasına əmin olun. Kriptovalyutaların üç əsas saxlanma forması var: elektron cüzdan, birja hesabı və xüsusi "offline” fleşkartlar. Koinləri almazdan əvvəl sizin üçün şərtləri daha əlverişli və təhlükəsizlik səviyyəsi daha yüksək olan elektron cüzdanı seçmək lazımdır. Bacardığınız qədər elektron cüzdanların təklif etdiyi bütün təhlükəzik qaydalarını aktivləşdirin. Elektron cüzdanlar və kripto birjalarda işləmək bacarığı və təcrübəsi olmayan investorlar üçün əməliyyatlar aparmaq çox təhlükəlidir və istənilən cüzi səhv elektron vəsaitin itirilməsi ilə nəticələnə bilər. Xüsusilə bitkoinlərin saxlanıldığı kripto cüzdan üzrə parolun itirildiyi və ya unudulduğu zaman onun bərpası mümkün olmayacaq. Kriptovalyutalarınızı birjada uzun müddət saxlamayın. Alqı-satqı edəcəyiniz birjalar haqqında qabaqcadan məlumat toplayın. Birjalar əlverişli interfeys, çox funksionallıq, mübadilə edilə bilən valyuta cütlüklərin sayı, komissiya haqqı və etibarlılığına görə bir-birindən fərqlənirlər.”
Ekspert investorlar kripto-birjaların xidmətindən istifadə edərkən 3 əsas risk amilini nəzərə almalı olduqlarını bildirir. Bunlar birjanın iflası, birjaya xaker hücumu, birja inzibatçılarının fırıldaqçılığı ola bilər: "Çox vaxt investorlar qiyməti baha olan koinlərdənsə, nisbətən kiçik kapital ilə dəyəri bir dollardan aşağı olan koinlər almağa üstünlük verir ki, gələcəkdə qiymət artan zaman daha çox qazansınlar. Əgər siz yenisinizsə, kaptalizasiyasına görə top 20-likdə olmayan kriptovalyutalara dərindən analiz etmədən investisiya etməyin. Elə koinlər var ki, onlar spekulyativ xarakter daşıyır. Bu tip koinlər qısa müddət ərzində dəyərinin əhəmiyətli artması zamanı özünə diqqət cəlb edir və müəyyən həddə çatdıqdan sonra spekulyantlar koinlərini satıb bazardan çıxırlar. Son nəticədə bazara ən son girən investorların aktivlərinin dəyərdən düşməsinə səbəb olur. Bu tip "əməliyyatlar” kripto-birjalarda adi haldır”.
E.Quliyevin sözlərinə görə, əgər uzunmüddətli yatırım etmək planınız varsa, o halda investisiya portfelini: 50-60% bitkoin, 20-25% ethereum, 15-20% isə litecoin, stellar, EOS-da saxlamaq daha məqsədə uyğundur: "Təbii ki, bu zaman faiz nisbətlərini dəyişməklə digər – Ripple, Neo, IOTA, Monero, Waves kimi potensialı yüksək qiymətləndirilən rəqəmsal aktivlərdə də saxlamaq mümkündür. Lakin çalışmaq lazımdır ki, mümkün qədər 50 faiz investisiyanızı bitkoində saxlayasınız. Əgər qısamüddətli yatırım etmək istəyirsinizsə, o halda altkoinlərə investisiya etmək sərfəli olmayacaq. Çünki qiymətinin artım tempi hazırda ən çox bitkoində müşahidə olunur və sizə digər koinləri əldə etmək üçün bitkoin alıb, onu altkoinlərə çevirmək lazım olacaq. Sonradan koinlərinizi nəğdləşdirmək üçün onları bitkoinə çevirmək lazim gələcək və bu zaman altkoinlərin dəyərinin bitkoinin dəyərinə nisbətində çevirdikdə uduza bilərsiniz”.
Ayna
BakuPost