Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Qrenlandiya ətrafındakı vəziyyət Avropa üçün ciddi siqnaldır.
Bakupost.az xəbər verir ki, Makron Yelisey Sarayında Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Fredrik Nilsen ilə görüşüb.
O, görüşdə bildirib ki, Qrenlandiya ətrafındakı vəziyyət Avropa suverenliyinin təsdiqlənməsi, Arktika təhlükəsizliyinə töhfə verilməsi, xarici müdaxilə, dezinformasiya, iqlim dəyişikliyi ilə mübarizə və strateji asılılığın azaldılması baxımından bütün Avropa üçün narahatedici strateji siqnaldır.
Fransa liderinin sözlərinə görə, Avropa İttifaqı 2026-cı ildə Arktika strategiyasını yenidən nəzərdən keçirməlidir: "Biz həmçinin NATO-nun Arktikada gücləndirilmiş əməliyyat rejiminin yaradılması yolu ilə iştirakını dəstəkləyirik və ona qoşulmağa hazırıq. Fransa 2023-cü ildə Avropa İttifaqı ilə Qrenlandiya arasında imzalanmış strateji tərəfdaşlığın həyata keçirilməsini sürətləndirməyi təklif edir. Bu tərəfdaşlıq strateji xammal sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün fürsət yaradacaq".
Frederiksen isə qeyd edib ki, Avropa son həftələrdə çox şey öyrənib: "Əgər birləşsək, demokratik dəyərlərimizdən güzəştə getməsək, mövqeyimizi çox aydın şəkildə ifadə etsək, xüsusən də xarici təzyiqə cavab versək, onda özümüzü müdafiə edə və birlikdə irəliləyə bilərik".
Qrenlandiyanın Baş naziri Fransaya Qrenlandiyanın suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib.