İyunun 26-da Azərbaycanda məktəbəqədər hazırlıq qrupları və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar qüvvəyə minib. Elm və təhsil naziri Emin Əmrullayevin iyunun 2-də imzaladığı qərara əsasən, şagirdlərin məktəbə gətirdiyi telefon və digər elektron cihazlar dərs müddətinin sonunadək xüsusi saxlama yerlərində söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.
Təhsil eksperti Sona Əliyeva
Bakupost.az-a bildirib ki, verilən qərar müsbət olmaqla yanaşı, gecikmiş addımdır:
“Uşaqlar məktəblərdə telefondan əksər hallarda sui-istifadə edirlər. Əslində texnologiya insanın inkişafına, onun həyat şəraiti, və həyat keyfiyyətinin artmasına xidmət etməlidir. Amma uşaqların telefondan istifadəsi daha çox əyləncə məqsədi daşıyır və fikirlərini yayındırır. Gənclər kitablardan istifadə edib, düşünə-düşünə öyrənmək əvəzinə, telefon, süni intelektdən istifadə edərək, hazır cavab və məlumatlar əldə etməyə üstünlük verir. Bu isə uşağın düşünmə, araşdırma qabiliyyətini əlindən alır, onun fikrini dərsdən yayındırır. Düşünə bilməyən, manyak kütlə yetişdirmək lazım deyil. Atılan addım isə bu kimi problemlərin həllinə, məktəbdə nizam-intizamın artmasına xidmət edəcək. Uşağın əlinə kitab vermək lazımdır”.
S. Əliyevanın sözlərinə görə, telefonla bağlı məsələ müəllimlərlə yanaşı valideynləri də yorurdu:
“Digər tərəfdən, uşaqlar məktəbdə müxtəlif qeyri-etik, xoşagəlməyən videolar çəkib, paylaşırlar. Qərar bu hallara da son qoyacaq. Telefonlardan istifadə həmçinin sosial bərabərlik mühitini də pozurdu”.
Telefon olmadıqda kiçik yaşlı uşaqların məktəbdən götürülməsinə gəldikdə, həmsöhbətimiz problemin həllinin çətin olmadığı qənaətindədir:
“Valideyn onsuz da uşağın saat neçədə məktəbə daxil olduğu və neçədə dərsi bitirib çıxdığını bilir. Onsuz da valideynin telefonu sinif rəhbəri və ya məktəb rəhbərində olur. Məktəbdə internet və kompüter var. Lazım olanda, dərs prosesində uşaqlar ona baxa bilirlər”.
Rüfət Sultan,
BakuPost