Aprelin 18-də sosial şəbəkələrin Azərbaycan seqmetində Bakının Suraxanı rayonu 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.
Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olduğu aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Aprelin 20-də isə Yasamal rayonu, 286 nömrəli tam orta məktəbdə IX sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək yandırıb. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Etibar Əliyev bu tip faciələrin baş verməməsi üçün davamiyyətə ciddi nəzarət edilməli olduğunu buldirib.
“Məncə, ilk növbədə məktəblərdə dərsə davamiyyət məsələsinə ciddi diqqət yetirilməlidir. Hazırda davamiyyət çox aşağı səviyyədədir. Yuxarı sinif şagirdlərinin bir çoxu demək olar ki, məktəbə gəlmir, daha çox repetitor yanına gedir və məktəbdən uzaq düşür. Halbuki məktəb hər zaman üç əsas funksiyanı yerinə yetirib: şagirdlərə zəruri bilik vermək, onlara tərbiyə aşılamaq və fiziki hazırlıqlarını gücləndirmək.
Əgər məktəbdə davamiyyət yoxdursa, təbii ki, tərbiyə faktorundan danışmağa dayməz. Hamımıza məlumdur ki, dövr dəyişib. Uşaqlar günün böyük hissəsini sosial şəbəkələrdə keçirirlər, çoxfunksiyalı telefonlar vasitəsilə yaşlarına uyğun olmayan informasiyalarla qarşılaşırlar. Bütün bunlar da onların psixologiyasına mənfi təsir göstərir.
Yaxın vaxtlarda mən bir məsələ qaldırmışdım. Üç məktəbə gedən yolun üzərində açıq şəkildə heyvanların başı kəsilir və həmin başlar qəssabxananın qarşısında asılırdı. Təbii ki, uşaqlar bunu görür və bu, onların psixologiyasına mənfi təsir edir. Hətta nəvəm bir dəfə mənə sual vermişdi ki, “Niyə bunun başını kəsiblər?”
Mən bu məsələni qaldırandan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi bunu nəzarətə götürdü və həmin ərazidə müəyyən tədbirlər gördü. Amma məsələnin başqa tərəfi də var, niyə biz bunu deməliyik? Məgər aidiyyəti qurumlar bunu özləri görmürlər? Ola bilsin, həmin qurumların rəhbərləri də hər gün o yoldan keçirlər. Belə hallarda qabaqlayıcı tədbirlər görülməlidir. Vətəndaş məsələ qaldırandan sonra yox, ondan əvvəl hərəkətə keçmək lazımdır”.
Mütəxəssis bildirir ki, məktəblərdə maarifləndirici söhbətlərə və psixoloji işə kifayət qədər önəm verilmir:
“Digər bir problem isə məktəblərdə maarifləndirici söhbətlərin və psixoloji işin zəif aparılmasıdır. Bu gün biz məktəb psixoloqlarından danışırıq, amma onları hazırlayan sistemin özü də zəifdir. Mən dəfələrlə demişəm ki, məktəblərdə psixologiya üzrə tədris çox aşağı səviyyədədir. Nəticədə hazırlanan psixoloqlar da məktəbdə bu işin öhdəsindən lazımınca gələ bilmirlər.
Bu gün cəmiyyətdə uşaqlar arasında aqressiyanın artdığını görürük. Məsələn, bir uşağın digərinin üstünə spirt töküb yandırması kimi ağır hadisələr baş verir. Belə halların sayı da artır. Burada ən ciddi məsələlərdən biri məktəblərə rəhbərlik edən və onlara nəzarət edən qurumlardakı səriştəsizlikdir”.
O bildirib ki, bəzi direktorlar məktəb mühitini və uşaq psixologiyasını yetərincə bilmirlər:
“Məktəb direktorlarının böyük bir hissəsi məktəb mühitini, pedaqogikanı və uşaq psixologiyasını kifayət qədər bilmir. Onların diqqəti bəzən başqa məsələlərə yönəlir və bu da ciddi fəsadlara yol açır. Eyni vəziyyət Elm və Təhsil Nazirliyində, Bakı Şəhəri üzrə Təhsil İdarəsində və regional təhsil idarələrində də müşahidə olunur. Orta təhsilin mahiyyətini dərindən bilməyən şəxslər yüksək vəzifələr tutur. Halbuki onlar məktəblərdə olmalı, tərbiyənin, təhsilin və uşaqların fiziki inkişafının gücləndirilməsi üçün addımlar atmalıdırlar.
Əgər bir sahəni bilməyən adamı başqa sahədə rəhbər vəzifəyə gətirsəniz, təbii ki, sistem zamanla sıradan çıxacaq. Məsələn, bir həkimi neft-qaz idarəsinə rəhbər təyin etsəniz, o sahəni bilmədiyi üçün düzgün idarəçilik mümkün olmayacaq. Təhsildə də eyni vəziyyətdir. Bu isə sonda özgələşməyə və çox ciddi problemlərə səbəb olur.
Mən hesab edirəm ki, hər kəs məktəbi qorumalıdır. Çünki gələcək məhz məktəbdə formalaşır. Bizim gələcəyimizi quracaq, cəmiyyətdə sağlam və nikbin düşüncə yaradacaq gənc nəsil burada yetişir. Buna görə də hamı bu sahəyə həssas yanaşmalıdır.
Bir məsələyə də diqqət yetirin: illərdir məktəblə və məktəbəqədər təhsillə bağlı çoxsaylı qrant layihələri həyata keçirilir. Amma bu layihələrin real effekti çox zəif görünür. Məsələn, Finlandiya kimi bir ölkədə yüz minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və onların böyük bir hissəsi təhsil sahəsi ilə bağlıdır. Orada əsas istiqamətlərdən biri də uşaqların məktəbdənkənar davranışına nəzarətin təşkil olunmasıdır. Biz də uşaqların və yeniyetmələrin davranışına diqqət yetirsək görərik ki, tərbiyə faktorundakı boşluqlar artıq ciddi və xoşagəlməz nəticələrə gətirib çıxarır”.
Uşaq psixoloqu, pedaqoq Zeynəb Əyyubova deyib ki, bu tip hadisələr başqa ölkələrdə olsa belə, məktəblilərə təsir edir:
“Məktəblərdə baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradır və bu xəbərlər uşaqların psixoloji durumuna da təsirsiz ötüşmür. Uşaqlar bu cür hadisələri eşitdikdə məktəbi təhlükəli məkan kimi qəbul etməyə başlaya bilirlər. Bu isə onların təhlükəsizlik hissinin zəifləməsinə səbəb olur Xüsusilə, həssas və narahat uşaqlarda qorxu hissi daha güclü şəkildə özünü göstərə bilər.
Belə xəbərlərdən sonra bəzi uşaqlar məktəbə getmək istəməyə bilər valideyndən ayrılmaqda çətinlik çəkə bilər yuxu problemləri yarana bilər.
Uşaqlarda kabuslar gecə oyanmaları həddindən artıq narahatlıq özünə qapanma və ya aqressiv davranışlar müşahidə oluna bilər Bəzi uşaqlar isə hadisə haqqında tez tez suallar verir və təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edirlər”.