Mənim bir canlı səsim var.
Seçkilər günü onu da mütləq kiməsə verəcəm. Virtual səsimi isə istənilən bir dairədən olan namizəd üçün elan edəcəm. O da gərək, fövqəladə bir namizəd olsun.
Hər ikisini mütləq sosial şəbəkədə bildirəcəm.
Səs vermək vətəndaşlıq borcumdur. Düzgün namizədə səs versəm, bu artıq vətən qarşısında xidmətim olacaq.
Səsimi almaq istəyən namizədlərdən ricam var, oxuduqları kitablar və yığdıqları kitablar barədə məlumat paylaşsınlar.
Hazırkı namizədlərin bəzilərini yaxından tanıyıram, böyük kitabxanaları oluduğu barədə məlumatım var. Məsələn, Etibar Əliyev, Fazil Mustafa.
Dostluğumda olan namizədlər, lütfən kitabxanalarınızı bizlərlə paylaşın. İnsanlar oxuduqları kitablarla tanınar.
Hələ ki, cəmiyyət üçün faydalı seçki proqramı ilə çıxış edən namizəd üfüqdə yoxdur. Faydalı proqram - təhsil və səhiyyə ilə bağlı görmək istədikləri işlərdir. Əksər namizədlər rüşvət və korrupsiya ilə bağlı danışırlar. Yəni, o məsələdən danışırlar ki, hətta heç bir deputat onu həll etmək gücündə deyil.
Diqqətlə Fərhad Mehdiyevin imza toplamasını müşahidə etdim. Paylaşdığı təcrübə çox faydalıdır.
Nurana Cəlil namizəd kimi diqqətimi cəlb edib və mütəmadi onun paylaşımlarına baxıram.
Rauf Arifoğlu və İqbal Ağazadənin eyni dairədən namizəd olması mövzu kimi cazibəlidir. Bu dairədə çox qızğın bir mübarizə olacaq. Çox istərdim ki, bu döyüş seçicilərə yaxınlaşmaq uğrunda olsun. Ağır günlərin dostları bir-birinə zədə vurmadan döyüşsünlər – taxta qılınclarla. İnnovativ seçki nümunəsi göstərsinlər.
Cəsarət nümunəsi kimi Kəramət Böyükçölün namizədliyini təqdir edirəm.
Gənclər səhv edər. Onu düzəltmək asandır. Vay o gündən ki, böyüklər özlərini buraxalar...
Seçicilərdən ricam – yarıtmazlıqlarına səs verənləri bir daha seçməyin. Onlar, ingilislər demiş Hopeless case -dirlər, ümumi inkişafı ləngidənlər, marafon yürüşündə sıradan çıxanlar artıq sərbəstdirlər.
Mənim bir canlı səsim var. Onu kitab oxuyana, kitabxanası olana, millətin maariflənməsinə, sağlamlığına xidmət edən namizədə verəcəm.