Ötən gün mediada Ramiz Mehdiyev mövzusunda daha bir sensasion məlumat yayıldı.
Bakupost.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun R.Mehdiyevlə gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb.
Saytın yazdığına görə, M.Mənsimov Türkiyədə yaşasa və biznesini bu ölkədən idarə etsə də, onun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya amili mühüm yer tutur. Belə ki, o, dənizçilik sahəsində fəaliyyətə məhz Rusiyadan alaraq İstanbula gətirdiyi gəmi ilə başlayıb. Ona məxsus “Palmali” şirkəti qısa vaxtda hədsiz böyüyüb və bir ara Mənsimov özünün 100-dən artıq gəmisi ilə Aralıq dənizi və Qara dəniz arasında Rusiya neftinin nə az, nə çox, düz 75 faizini daşıyırdı.
Yazıda o da iddia olunur ki, 2021-ci ildə Allahşükür Paşazadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazaraq Mübariz Mənsimovun azadlığa buraxılmasını xahiş edib.
Bu yazıdan sonra mövzuya aid daha bir sensasion məlumat yayıldı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında səs-küylü paylaşım edib.
Sitat:
“Hələ 3 il əvvəl yazmışdım ki, Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SİX gəmiçilik şirkəti 2017-ci ildə öz səhmlərini Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin Maltada adına qeydiyyatda olan MP TRADE SHIPPING LIMITED şirkətinə keçirib.
ARMADA VOYAGER SİX Mərkəzi Amerikada, Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində qeydiyyatdadır, eyni adla Türkiyədə də fəaliyyət göstərir və Palmali şirkətlər qrupuna daxildir”.
Göründüyü kimi, Mənsimovla Paşazadələrin əlaqələri yalnız yerliçiliyə, etnik yaxınlığa bağlı deyil. Burada maliyyə, biznes maraqları ciddi rol oynayır. Yəqin, bu məlumatları aiddiyəti dövlət orqanları dəyərləndirəcək və lazımi addımlar atılacaq.