Ru
00:48 / 01 Avqust 2026

Bu universitetlərdə boş yerlər qalacaq

Bu universitetlərdə boş yerlər qalacaq
Eye

“Bu il ali təhsil müəssisələrinə qəbul üçün müraciət edənlərin sayı ötən illərlə müqayisədə yüksəkdir. Mövcud statistika qəbul planının da daha yüksək səviyyədə dolacağını göstərir”.

"Bakupost" xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, bu il ali məktəblərə ümumilikdə 134 min müraciət qeydə alınıb. Onun sözlərinə görə, müraciət edənlərin 90 mindən çoxu, yəni təxminən 100 min nəfəri I, II, III və IV ixtisas qrupları üzrə seçim edib.

"Bu qruplar üzrə ayrılmış plan yerlərinin sayı təxminən 63-64 min təşkil edir. Mövcud göstəricilər onu deməyə əsas verir ki, qəbul planı iki tur ərzində demək olar ki, tam dolacaq. Birinci turda bütün yerlərin dolması ehtimalı yüksək olmasa da, ikinci turdan sonra plan yerlərinin ən azı 95 faizinin tutulacağını gözləyirik", – deyə ekspert bildirib.

Elçin Əfəndinin sözlərinə görə, ötən illə müqayisədə bu il həm paytaxt, həm də bölgə universitetlərində qəbul planının doluluq səviyyəsi daha yüksək olacaq:
"Demək olar ki, bütün ali məktəblərdə plan yerlərinin doluluğu ötən illə müqayisədə ən azı 3-4 faiz artacaq".

Ekspert hesab edir ki, birinci turdan sonra bəzi ixtisaslar üzrə boş plan yerləri qala bilər. Onun fikrincə, bölgə universitetlərində əsasən aqrar və kənd təsərrüfatı istiqamətləri üzrə müəyyən boşluqlar müşahidə oluna bilər. II ixtisas qrupunda biznes, mühasibat və menecment, I qrupda isə mexanika, maşın mühəndisliyi və materialşünaslıq mühəndisliyi kimi ixtisaslarda ikinci tur üçün boş yerlərin qalması mümkündür.

Elçin Əfəndi bildirib ki, III ixtisas qrupunda muzeyşünaslıq, bəzi özəl universitetlərdə isə tərcümə ixtisasları üzrə plan yerləri tam dolmaya bilər. IV qrupda isə əsasən aqrar istiqamətlərdə, xüsusilə ekologiya ixtisasında boş yerlərin qalacağı ehtimal edilir.

"Bu ixtisaslara abituriyentlərin marağı digər istiqamətlərlə müqayisədə daha azdır. Məhz buna görə həmin sahələrdə boş plan yerlərinin qalması mümkündür", – deyə o vurğulayıb.

Ekspert dövlət universitetlərində qəbul planının özəl ali məktəblərlə müqayisədə daha yüksək faizlə dolacağını da qeyd edib. Onun sözlərinə görə, bəzi dövlət universitetlərində məhdud sayda boş yerlər ikinci tura qala bilər.

"Əsasən Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində bəzi ixtisaslar üzrə az sayda plan yerlərinin ikinci tura qalması mümkündür. Bununla belə, ümumilikdə dövlət universitetlərində doluluq faizi özəl ali məktəblərlə müqayisədə daha yüksək olacaq", – deyə Elçin Əfəndi bildirib.

Ekspert sonda vurğulayıb ki, qəbul planının dolmasına imtahan nəticələri və müsabiqəyə buraxılan abituriyentlərin sayı birbaşa təsir göstərir:

"Müsabiqəyə nə qədər çox abituriyent buraxılırsa, universitetlərin qəbul planının tam dolması ehtimalı da bir o qədər artır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar