Ru
21:01 / 02 Noyabr 2026

"Dedim, Zülfünün nəvəsiyəm, Maestro Nizami də məni evindən qovdu, amma..." - Xalq artisti

"Dedim, Zülfünün nəvəsiyəm, Maestro Nizami də məni evindən qovdu, amma..." - Xalq artisti
Eye

Simfonik musiqi və dirijorluq sahəsini seçməyimin təməlini Zülfü Adıgözəlov qoymuşdu. Babamın üç övladı vardı, atam Vasif Adıgözəlov, əmim Rauf Adıgözəlov, bibim Cəmilə Adıgözəlova. Bibim Cəmilə xanım memar idi. Uşaqlar böyüyəndə babamın ətrafındakı bütün dostları - xanəndələr, musiqiçilər, şairlər, hamı deyirmiş ki, Vasifi tara, Raufu kamançaya ver, çünki Zülfünün övladları milli sənətdə olmalıdırlar. Babam da o vaxt deyib ki, muğam Azərbaycan xalq musiqisidir, Vasifin də, Raufun da həmişə qanında olacaq. Mənim istəyim odur ki, onlar Avropa klassik musiqisinə yiyələnsinlər.

"Bakupost" xəbər verir ki, bunu Xalq artisti, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru Yalçın Adıgözəlov Teleqraf-a geniş müsahibəsində deyib.

"Atam Qara Qarayevin tələbəsi olur, Rauf skripka üzrə Moskva Konservatoriyasında təhsil alır. Onu da deyim ki, atamın bütün əsərləri muğam üstündədir, "Segah" simfonik muğamı, "Natəvan" operası, "Qarabağ şikəstəsi" oratoriyası... Muğamı çox yaxşı bilirdi. Onların xəmiri muğamla yoğrulmuşdu - Vasif Adıgözəlovun da, Rauf Adıgözəlovun da. Mən isə fortepianoya getdim.

Maestro Niyazinin evində böyümüşdüm. Niyazinin bir şakəri vardı, hər ay uşaqları evinə toplayardı. Beş yaşımdan başlayaraq Yeni ili onun evində keçirdiyimi xatırlayıram. Təsəvvür edin, 40-50 uşaq Niyazinin evinə yığışırdıq. Bəstəkarların, yazıçıların, rəssamların uşaqları toplaşırdı, Şaxta baba gəlirdi. Atam pianonun arxasına keçirdi. Hamımız oxuyurduq, oynayırdıq, hədiyyələr alırdıq...

Atam deyəndə ki, Yalçın dirijor olmaq istəyir, Niyazi əsəbiləşdi, dedi, mənimlə niyə məsləhətləşməmisən? Yanımda dərs keçməyib, məşqlərimə gəlməyib, o, dirijor ola bilməz. Dirijorluq üçün gərək musiqiyə onun öz münasibəti olsun.

Mən də bir az özündənrazılıq etdim, qayıtdım ki, Maestro, mən Zülfünün nəvəsiyəm, Vasifin oğluyam, musiqiyə necə öz münasibətim yoxdur? Məni evindən qovdu. Amma Leninqrad Konservatoriyasına, professor İlya Aleksandroviç Musinin yanına gedəndə - o, Rusiya simfonik musiqi məktəbinin patriarxıdır - Niyazi məni yanına çağırdı. Bir bağlı məktub verdi, ciddi-ciddi baxdı və dedi ki, get görüm səndən nə çıxacaq...Təşəkkür edib getdim, məktubu Musinə çatdırdım. Məktubu açdı, oxudu və cibinə qoydu. O məktubu bir də beş il sonra konservatoriyanı bitirəndə gördüm. Məktubda yazılmışdı: "Yalçını öz övladınız kimi qəbul edin". Səmimi və istiqanlı bir məktub idi. Allah Niyaziyə rəhmət eləsin. Bu gün onun qoyduğu irsin bəhrəsini görürük, onun çörəyini yeyirik. Azərbaycanda dirijorluq məktəbinin əsasını qoyan, bu sənətin möhkəm və sağlam bünövrəsini formalaşdıran Maestro Niyazidir", - o deyib.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar