Ru
16:15 / 08 İyul 2026

Milli azlıqların mədəni irsi necə qorunur?

Milli azlıqların mədəni irsi necə qorunur?
Eye

Müasir dövrdə qloballaşma prosesinin sürətlənməsi xalqların milli kimliyinin, dilinin, adət-ənənələrinin və mədəni irsinin qorunması məsələsini beynəlxalq miqyasda aktual problemlərdən birinə çevirir. Xüsusilə Azərbaycan kimi çoxmillətli və multikultural cəmiyyətlərdə milli azlıqların mədəni irsinin mühafizəsi yalnız etnik müxtəlifliyin saxlanılması deyil, həm də sosial həmrəyliyin, tolerantlığın və mədəni dialoqun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda yaşayan xalqlar əsrlər boyu öz maddi və mənəvi mədəniyyətlərini qoruyaraq ümumxalq mədəniyyətinin zənginləşməsinə mühüm töhfələr veriblər. Müstəqillikdən sonra dövlət siyasətində mədəni müxtəlifliyin qorunması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib, milli azlıqların dilinin, folklorunun, teatrının, musiqisinin, dini və tarixi abidələrinin yaşadılması istiqamətində mühüm layihələr həyata keçirilib.

Milli azlıqların mədəni irsi dedikdə biz onların tarixən formalaşdırdığı maddi və qeyri-maddi mədəniyyət nümunələrini başa düşürük. Maddi irsə memarlıq abidələri, qalalar, körpülər, dini tikililər, qədim yaşayış məskənləri, sənətkarlıq nümunələri daxil olduğu halda, qeyri-maddi irsə folklor, xalq musiqisi, rəqslər, mərasimlər, milli mətbəx, dil və şifahi xalq yaradıcılığı aid edilir.

Dövlət proqramları və mədəni siyasət

Azərbaycan dövləti milli azlıqların mədəni irsinin qorunmasını mədəni siyasətin əsas istiqamətlərindən biri hesab edir. “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı” və ondan sonrakı illərdə həyata keçirilən işlər milli irsin sistemli şəkildə qorunmasına yönəlmiş mühüm dövlət proqramları maddi-mədəni irsin qorunmasına xidmət edir.

Respublikada fəaliyyət göstərən milli-mədəni mərkəzlərə dövlət dəstəyi göstərilir. Talış Mədəni Mərkəzi, “Samur” Ləzgi Mədəni Mərkəzi, “Saxur” Mədəni Mərkəzi, “Orayin” Udi Mədəniyyət Mərkəzi və digər təşkilatlar milli irsin yaşadılması istiqamətində fəaliyyət göstərirlər.

Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyəti milli teatr sənətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Teatrda vaxtaşırı keçirilən “Teatr - uşaqların gözü ilə” müsabiqəsi gənc nəslin milli teatr ənənələrinə marağının artırılmasına xidmət edir.

2015-ci ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının ləzgi dilində səhnələşdirilməsi Azərbaycanda multikulturalizm siyasətinin uğurlu nəticələrindən biri hesab olunur.

Milli azlıqların mədəni irsinin qorunması beynəlxalq hüquq normaları və dövlət qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası UNESKO, Avropa Şurası və ATƏT-in mədəni müxtəliflik və multikulturalizm sahəsində qəbul etdiyi proqram və konvensiyalarda fəal iştirak edir. Dövlət milli azlıqların mədəni hüquqlarının qorunmasını Konstitusiya səviyyəsində təmin edir.

Azərbaycanda milli mənsubiyyətindən asılı olmayaraq bütün tarixi və mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Şəki rayonunun Kiş kəndindəki qədim Alban kilsəsi, Qəbələnin Nic kəndində yerləşən dini abidələr, Qax rayonundakı xristian məbədləri və Astara bölgəsində yerləşən orta əsr qalaları dövlət tərəfindən bərpa edilərək mühafizə olunur.

Folklor festivalları və xalq yaradıcılığı

Heç kimə sirr deyil ki, folklor festivalları milli irsin təbliğində mühüm mexanizmdir. Azərbaycanın müxtəlif bölgələrində keçirilən Ənənəvi Respublika Folklor Festivalı xalq yaradıcılığının inkişafına böyük töhfə verib. Festivalda müxtəlif regionlardan folklor kollektivləri, o cümlədən azsaylı xalqların nümayəndələri iştirak edirlər.

"Xarıbülbül" Festivalı isə Azərbaycanın multikultural dəyərlərinin Şuşadan dünyaya ünvanladığı mesaj idi. Festival Azərbaycanın zəngin mədəni irsinin, multikultural dəyərlərinin və milli birliyinin ən möhtəşəm nümayiş olunduğu beynəlxalq tədbirlərdən biri oldu. Uzun illərdən sonra 2021-ci ildə Şuşanın işğaldan azad edilməsinin ardından yenidən keçirilən festival təkcə musiqi bayramı deyil, həm də Azərbaycanın müxtəlif xalqlarının ortaq vətən anlayışını dünyaya nümayiş etdirən mühüm mədəni platformaya çevrildi.

Festivalın əsas mövzusu da "Azərbaycan musiqisində multikulturalizm" oldu. Cıdır düzündə səslənən müxtəlif xalqların musiqisi, milli geyimlər və folklor nümunələri ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq və qarşılıqlı hörmət ənənələrinin canlı ifadəsinə çevrildi.

Festivalın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, Azərbaycanda yaşayan bütün xalqların Şuşada bir araya gələrək öz mədəniyyətlərini nümayiş etdirməsi 44 günlük Vətən müharibəsində nümayiş etdirilən milli həmrəyliyin və qardaşlığın rəmzidir. Müxtəlif etnik və dini mənsubiyyətə malik insanların eyni səhnədə çıxış etməsi Azərbaycanın vahid dövlət və xalq ideyasına sadiqliyini nümayiş etdirir. Bu baxımdan "Xarıbülbül" festivalı yalnız musiqi tədbiri deyil, həm də Azərbaycanın multikulturalizm modelinin beynəlxalq auditoriyaya təqdim olunduğu mühüm mədəni diplomatiya platformasıdır.

Festivalın diqqət çəkən cəhətlərindən biri də müxtəlif xalqların musiqilərinin həm Azərbaycan dilində, həm də onların ana dillərində təqdim olunması idi. Bu yanaşma ölkədə bütün xalqların dil və mədəni hüquqlarına göstərilən hörmətin bariz nümunəsi kimi qiymətləndirilir. Konsert proqramları ilə yanaşı, festival günlərində Azərbaycanın müxtəlif xalqlarının milli geyimləri, xalq tətbiqi sənəti nümunələri, xalçaçılıq ənənələri, əl işləri və mətbəx mədəniyyəti də təqdim olundu.

Mədəniyyət Nazirliyi tərəfindən xalq teatrlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə Respublika Xalq Teatrları Festivalı təşkil olunur, bir sıra folklor kollektivlərinə “xalq kollektivi” statusu verilib. Lahıc folklor kollektivi, “Nənələr” folklor qrupu və “Şirvan” folklor ansamblı kimi kollektivlərin fəaliyyəti milli yaddaşın qorunmasına xidmət edir.

Əlbəttə, milli irsin qorunması yalnız daxili siyasətlə məhdudlaşmır, həm də beynəlxalq əməkdaşlıq vasitəsilə həyata keçirilir. Azərbaycan müxtəlif beynəlxalq forum və festivallarda fəal iştirak edir.

Qusarda keçirilən “Mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” beynəlxalq konfransı isə multikulturalizm və humanizm ideyalarının təşviqinə xidmət edib. Konfransda müxtəlif ölkələrdən alim və mütəxəssislərin iştirakı Azərbaycanın mədəniyyətlərarası dialoq platforması kimi nüfuzunu daha da artırıb.

Azərbaycanın müxtəlif bölgələrində yaşayan milli azlıqlar zəngin mədəni irsə malikdirlər. Məsələn, talışların “Halay” mahnı-rəqsləri, ingiloyların “Dambudam danqni” rəqsi, tatların “Lahıc Xalq Folklor Qrupu” (İsmayıllı), “Xınayaxdı Tat Folklor Xalq Qrupu” (Şabran), ləzgilərin folklor ənənələri, avar və saxurların xalq musiqisi, udilərin qədim dini-mədəni irsi ölkəmizin multikultural zənginliyinin mühüm göstəriciləridir.

Şəki-Zaqatala bölgəsində yaşayan ingiloyların folkloru qədim etnik ənənələrin qorunmasının bariz nümunəsidir. Onların qeyd etdiyi Qorqot bayramı Novruz ənənələri ilə səsləşərək həm qədim inancları, həm də ümumtürk mədəniyyətinin elementlərini yaşadır. İngiloy toy mərasimləri, bayatıları, laylaları və xalq rəqsləri bu xalqın milli kimliyinin qorunmasında mühüm rol oynayır.

Maddi-mədəni irsin qorunması

Azərbaycanın bölgələrində yerləşən tarixi abidələr milli azlıqların mədəni yaddaşının mühüm hissəsidir. Astara rayonundakı Şindan qalası, Kafu qalası, Divankə qalası və Yekdəst qalası qədim müdafiə tikililəri kimi tarixi əhəmiyyət daşıyır. XIII əsrə aid Sipiyəpard və Piyəcənəpar körpüləri orta əsr memarlıq ənənələrinin nümunəsidir.

Ərçivan kəndində yerləşən Yanar bulaq təbiət və mədəni irsin vəhdətini əks etdirən nadir abidələrdəndir. Astara zərbxanalarının mövcudluğu isə bölgənin orta əsrlərdə iqtisadi və ticarət mərkəzi olduğunu sübut edir. Bu abidələrin dövlət tərəfindən qeydiyyata alınması, bərpası və turizm marşrutlarına daxil edilməsi onların qorunmasının mühüm mexanizmlərindəndir.

Azərbaycanın multikulturalizm siyasəti milli azlıqların mədəni irsinin qorunmasına mühüm zəmin yaradır. Ölkədə müxtəlif xalqların dillərinə, dinlərinə və adət-ənənələrinə hörmətlə yanaşılır. Milli azlıqlar öz dillərində təhsil almaq, mədəni tədbirlər keçirmək və milli birliklər yaratmaq imkanına malikdirlər.

Milli azlıqların mədəni irsinin qorunması və təbliği hər bir dövlətin mədəni siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan bu sahədə zəngin təcrübəyə malik ölkələrdən biri kimi milli müxtəlifliyin qorunmasını dövlət siyasətinin əsas prioritetinə çevirib. Dövlət proqramları, folklor festivalları, teatr layihələri, beynəlxalq konfranslar, rəqəmsallaşdırma təşəbbüsləri və mədəni diplomatiya milli irsin qorunmasına mühüm töhfə verir.

Əlbəttə, Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin qorunması ölkədə tolerantlıq və multikulturalizm mühitinin daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasət yalnız milli irsin yaşadılmasını deyil, həm də gələcək nəsillərə ötürülməsini təmin edir. Müasir dövrdə mədəni irsin qorunması xalqlar arasında qarşılıqlı hörmətin, humanizmin və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm vasitə olaraq qalır.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar