Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov mətbuata müsahibəsində ali təhsil sahəsindəki bir sıra problemlərə toxunub.
O, universitetlərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin MİQ imtahanına hazırlanması ilə bağlı problemlərin olduğunu bildirib:
“Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. İndi MİQ imtahanı keçirilir. Dövlət İmtahan Komissiyası bu şəxsə müəllimlik ixtisası üzrə diplom verir, sonra həmin şəxs gedib yenidən MİQ imtahanı verir. Elə MİQ imtahanını da burada keçirin. Amma tələbəni də MİQ-ə hazırlayın da. MİQ-də verilən sualların heç birindən tələbənin xəbəri yoxdur. Mən dördüncü kurs tələbələri ilə görüşmüşəm. Deyirlər ki, ya özəl məktəblərə gedəcəyik, çünki orada MİQ imtahanı yoxdur, ya da başqa sahəyə. MİQ imtahanından da ona görə keçə bilmirlər ki, həmin sualları öyrənməyiblər”.
M.Mərdanov BDU-nun tədris planında dəyişiklik etmək üçün artıq 6 aydır çalışdığını, lakin bu istiqamətdə müəyyən çətinliklərin olduğunu bildirib:
“Mən təhsil sahəsində cəmiyyətdə müəyyən qədər sözü keçən adamlardan biriyəm. Lazım olsa, nazirlə də, müavinləri ilə də, rektorlarla da danışa bilərəm. Mən 6 aydır bizim universitetdə tədris planında dəyişiklik istiqamətində çalışıram, hələlik onu həll edə bilməmişəm. Bilirsiniz, niyə edə bilmirəm? Çünki mənə deyirlər ki, Misir müəllim, bax, burada bu müəllimlər bu dərsi keçir. Sən dediyin olsa, o müəllimlər necə olacaq? Sən onların çörəklərinə bais olacaqsan.
Ancaq mən çalışıram ki, o müəllimlərə az ziyan olmaqla ən azı həmin dəyişikliyi edim. Məsələn, orta məktəbdə riyaziyyat müəllimi olacaq adam bilmir ki, riyaziyyatın tədrisi metodikası nədir. Bu gedib necə müəllim olacaq? Çox ciddi problemlər var”.
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov
“Bakupost”a bildirib ki, keçmiş təhsil naziri, professor Misir Mərdanovun Azərbaycanın ali təhsil sistemi ilə əmək bazarı arasındakı uyğunsuzluğa dair səsləndirdiyi fikirlər, təhsil sosiologiyası və institusional idarəetmə prizmasından tamamilə doğru və fundamental diaqnozdur:
“Müstəqillik dövründə ölkənin ən uzunmüddətli təhsil naziri olmuş Misir müəllimin zamanında da bu problemlərin mövcud olmasına baxmayaraq, onun vurğuladığı "universitetlərə girişin asan, çıxışın isə akademik filtrli (çətin) olması" yanaşmasını illərdir biz də deyirik”.
Bu vəziyyət isə müsahibimizə görə, müasir universitetlərin keyfiyyət süzgəci funksiyasını itirdiyini və dövlət adından verilən diplomların legitimlik böhranı yaşadığını göstərir:
“Əgər dövlət qurumu tərəfindən təsdiqlənən ali təhsil sənədi başqa bir dövlət mexanizmi (məsələn, müəllimlərin işə qəbulu prosesində olduğu kimi) tərəfindən birbaşa keçərli sayılmırsa və tələbə yenidən fundamental imtahanlara cəlb olunursa, bu, sistem daxilində institusional etibarsızlıq sindromunun bariz nümunəsidir”.
Ekspert hesab edir ki, professor Misir Mərdanov tərəfindən qeyd olunan digər mühüm məqam – tələbələrin MİQ suallarından xəbərsiz olması isə ali təhsil proqramları (kurikulumlar) ilə əmək bazarının real funksional tələbləri arasındakı uyğunsuzluqdan xəbər verir:
“Universitetlər hələ də akademik-nəzəri, statik biliklər ötürdüyü halda, sertifikasiya prosesləri müasir tətbiqi metodikanı, funksional savadlılığı və situasiya tipli yanaşmanı tələb edir.
Qlobal miqyasda uğurlu təhsil modelləri araşdırıldıqda professorun haqlı tərəfləri daha aydın görünür. Məsələn, Finlandiyada müəllimlik ixtisasına qəbul olan tələbələr magistr dərəcəsi səviyyəsində kəskin akademik süzgəcdən keçir və universitet daxilində real məktəb mühiti ilə sinxron fəaliyyət göstərən kliniki təcrübə proqramlarını tamamlayırlar. Universitetin keyfiyyət süzgəci o qədər etibarlıdır ki, məzunlara dövlət tərəfindən heç bir təkrar imtahan olmadan birbaşa müəllimlik hüququ verilir. Digər bir qlobal lider olan Sinqapurda isə tələbələr Milli Təhsil İnstitutunda təhsil alarkən proqram birbaşa ölkənin ümumi təhsil standartları və müəllim sertifikasiyası ilə 100 faiz inteqrasiya olunmuş şəkildə qurulur. Beləliklə, tələbə məktəblərdə uzunmüddətli mentor nəzarəti altında fəaliyyət göstərərək təhsilini bitirdiyi və diplomunu əldə etdiyi andan sistemə hazır kadr kimi daxil olur”.
Bu kontekstdə eksperti qeyd edir ki, mövcud struktur böhranından çıxmaq üçün ölkəmizdə də kompleks makro-islahatların aparılması qaçılmazdır:
“İlk növbədə, ali təhsildə yekun qiymətləndirmə mexanizmi müasirləşdirilməli, universitetlərdəki formal dövlət attestasiya imtahanları ləğv edilərək Elm və Təhsil Nazirliyi ilə birgə təşkil olunan vahid milli sertifikasiya (MİQ analoqlu) imtahanı ilə əvəzlənməlidir. Beləliklə, tələbə məzun olarkən, beynəlxalq nümunələrdə olduğu kimi, həm diplomunu, həm də birbaşa müəllimlik lisenziyasını əldə etməlidir”.
İ. Orucov paralel olaraq, ali təhsil məktəblərinin kurrikulumlarının gözlənilən nəticələrə əsaslanan təhsil modelinə uyğun olaraq yenidən dizayn edilməsi, nəzəri yükün azaldılaraq rəqəmsal pedaqogika, inklüziv təhsil və sinif idarəedilməsi kimi praktik fənlərin çəkisinin artırılmasını təklif etdi:
“Mövcud formal pedaqoji təcrübə sistemi tamamilə ləğv edilərək tibb təhsilindəki rezidentura strukturuna bənzər pedaqoji internatura modeli tətbiq olunmalı, sonuncu kurs tələbələri il boyu məktəblərdə mentor nəzarəti altında real iş mühitinə adaptasiya edilməlidirlər”.
Həmsöhbətimiz universitetlərin hesabatlılıq və muxtariyyət mexanizmlərinin işə salınmasını, məzunlarının MİQ imtahanlarındakı müvəffəqiyyət faizinin aşağı olduğu ali məktəblərin pedaqoji kadr hazırlığı lisenziyaları və dövlət sifarişli kvotalarının ixtisar edilməsilə, müəssisələr arasında rəqabət mühitinin yaradılmalı olduğunu da diqqətə çatdırdı:
“Belə sərt qaydalar və elmi-pedaqoji yanaşma tətbiq edilmədikdə universitetlər sadəcə qəbul həyata keçirən və tələbənin dörd ilini əlindən alan məkan olaraq qalacaq. Lakin əsas hədəf onların dövlət və cəmiyyət üçün real keyfiyyət zəmanəti verən elmi-praktik mərkəzlərə çevrilməsidir. Əks halda, nazirliyin dövlət nümunəli sənəd olaraq məzuna verdiyi diplom, yekunda özünün təşkil etdiyi imtahanda uğur əldə edə bilməyən gənc üçün lazımsız bir kağız parçası olmaqda davam edəcək və bunun məsuliyyətini kimsə daşımayacaq”.
Rüfət Sultan,
BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqamətində hazırlanıb.