Ermənistanda keçirilən parlament seçkilərindən iki həftədən artıq vaxt keçməsinə rəğmən hələ də, Rusiya, İran və Çin Paşinyanı təbrik etməyib.
Onlar diplomatik sükut saxlamaqda davam edirlər. Rusiyanın addımı müəyyən qədər başa düşüləndir. Moskva öz adamının qalib gəlməməsi fonunda hələlik gözləmə mövqeyi tutur. Amma proseslə bağlı Tehranla Pekinin sükutu başadüşülən deyil.
Siyasi şərhçi Mehman Əliyev
Bakupost.az-a bildirib ki, burada siyasi qalmaqal axtarmağa ehtiyac yoxdur:
“Seçkilər başa çatsa da, hələlik yeni hökumət Ermənistan parlamenti tərəfindən təsdiq olunmayıb. Paşinyanın yenidən baş nazirliyə təyin olunması da parlamentdə onun qərarı ilə olmalıdır. Buna görə də bəzi ölkələr, o cümlədən İran, Çin və hətta deyərdim, Rusiyanın özü də həmin prosesin baş verməsini gözləyirlər. Burada hansısa bir başqa problemin olduğunu düşünmürəm. Rusiya ilə müəyyən gərginliyi çıxmaq şərtilə İrəvanın adı çəkilən bu üç ölkə ilə münasibətləri yaxşıdır. Sadəcə olaraq, həmin 3 ölkə daxil bəzi ölkələr prosedurun başa çatmasını gözləyir. Belədə, Paşinyanın baş nazir vəzifəsinə təyinatı parlament tərəfindən təsdiqini tapandan sonra, təbriklər gələcək”.
Rüfət Sultan, BakuPost