General Fanil Sarvarovun öldürülməsi faktı Rusiya ərazisində yüksək rütbəli hərbçilərə qarşı həyata keçirilən hədəfli likvidasiyalar sırasında ilk deyil. Bu hadisə həm icra üsulu, həm də siyasi-psixoloji təsiri baxımından Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı general İqor Kirillov (dekabr 2024) və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini Yaroslav Moskalikin öldürülməsi (aprel 2025) ilə diqqətçəkən dərəcədə oxşardır.
Bakupost.az xəbər verir ki, bu fikirləri politoloq Kamran Cəfərov qeyd edib.
Onun sözlərinə görə, Kirillovun Moskvada, Moskalikin isə Moskva vilayətində partlayış nəticəsində həlak olması hallarındakı kimi, burada da söhbət avtomobil partlayışından gedir:
“Hədəfin seçimi, vaxtlama və hücum üsulu yüksək səviyyəli hazırlıqdan, həmçinin generalların hərəkət marşrutları və təhlükəsizlik rejimi barədə həssas məlumatlara çıxışın olmasından xəbər verir.
Bu qətlləri birləşdirən əsas məqam var: onların hamısı Rusiyanın ərazisində baş verir. Ərazi məsələsi çox önəmlidir, ona görə ki, Rusiya ordusunun ali zabit heyəti üçün Moskva ən "təhlükəsiz zona" sayılır. Məhz bu amil sözügedən əməliyyatları hərbi və güc strukturlarının elitası üçün xüsusilə ağrılı və həssas edir.
Bu cür likvidasiyaların əhəmiyyəti konkret fiqurların fiziki aradan qaldırılmasında deyil. Cəbhə xəttində gedən döyüşlərlə paralel olaraq, getdikcə daha aydın şəkildə görünür ki, xüsusi xidmət orqanları arasında amansız bir qarşıdurma gedir. Bu mübarizədə zərbələr təkcə şəxslərə deyil, simvollara, strukturlara və qarşı tərəfin psixoloji dayanıqlığına endirilir.
Moskva və Moskva vilayətində generalların öldürülməsi, xüsusilə qərargah və idarəetmə səviyyəsində çalışan zabitlər arasında təhlükəsizlik hissini dağıdır. Daimi bir zəiflik duyğusu yaranır: əgər generalları paytaxtda aradan qaldırmaq mümkündürsə, deməli, heç kim tam təhlükəsizlikdə deyil.
Bu qorxunun praktik nəticələri də var. Zabit başa düşəndə ki, dövlət ona arxa cəbhədə belə tam müdafiə təmin edə bilmir, verbovkaya, informasiya sızmasına və gizli əməkdaşlığa meyillilik artır. Xüsusi xidmət orqanlarının tarixi göstərir ki, paranoya, inamsızlıq və daxili təzyiq mühiti hərbi strukturların içəridən zəiflədilməsi üçün ən effektiv alətlərdən biridir.
Beləliklə, Fanil Sarvarovun öldürülməsi müharibənin bir elementidir. Bu müharibənin məqsədi təkcə qoşunların idarə olunmasını zəiflətmək deyil, həm də qorxu yaratmaq, zabit korpusunu demoralizasiya etmək və arxa cəbhəni daimi psixoloji qeyri-sabitlik zonasına çevirməkdir.
Məhz bu mənada, bu cür əməliyyatlar döyüş meydanındakı zərbələrdən heç də az əhəmiyyətli deyil”.
Asena,
BakuPost