Moskvada ermənilərlə azərbaycanlıların davası ilə bağlı cinayət işi açıldı

  • 24 İyl 2020 20:05
  • 1153 Baxış
Moskvada ermənilərlə azərbaycanlıların davası ilə bağlı cinayət işi açıldı



Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində Azərbaycan və Ermənistan vətəndaşları arasında davadan sonra cinayət işi açılıb.

“BakuPost” xəbər verir ki, bu barədə “TASS” Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin Mətbuat Xidmətinə istinadən xəbər verib. Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə başladılıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hazırda 25 nəfər saxlanılıb.

“İyulun 24-nə keçən gecə Moskvanın Marino rayonunda vətəndaşlar arasında bir sıra münaqişə baş verib. Hadisə zamanı kişiyə bədən xəsarəti yetirilib, onun olduğu avtomobil zədələnib. Həmçinin, kafedə naməlum şəxslər ziyarətçiləri və işçiləri təhdid edərək, kassadan 50 min rubl məbləğində pul oğurlayıblar, əmlaklarını zədələyiblər, bundan sonra hadisə yerindən qaçıb gizləniblər. Polis əməkdaşları və Rusiya Milli Qvardiyası döyüşçülərinin tədbirləri nəticəsində hüquqazidd əməllər törətməkdə şübhəli bilinən 25-dən çox şəxs saxlanılıb”, - agentliyin həmsöhbəti deyib.

“Moskva polisi qrup halında ictimai asayişin pozulmasının qarşısını dərhal alacaq, qanun pozucularını qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edəcək. Bundan əlavə, Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə uyğun olaraq, xarici vətəndaşlar üçün 5 il müddətinə Rusiya Federasiyasına giriş qadağasının qoyula biləcəyi ilə bağlı tədbirlər görülə bilər”, - Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin Mətbuat Xidmətinin nümayəndəsi qeyd edib.



X