ABŞ və İsrailin İrana hücumu ilə başlayan və artıq 25 gündür davam edən müharibədə gərginlik pik həddə çatıb. Trampın verdiyi müddətə baxmayaraq, tərəflər qarşılıqlı hücumları dayandırmır.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, The New York Times qəzetinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampa müharibəni dayandırmamaq və davam etdirmək üçün çağırış edib.
Vəliəhd Şahzadə bu vəziyyəti regionu yenidən formalaşdırmaq üçün "tarixi fürsət" kimi qiymətləndirib. Səudiyyə tərəfinin əsas tələbləri bunlardır:
İranın enerji infrastrukturuna zərbələr endirilməsi.
Strateji əhəmiyyətli Xark adasını ələ keçirmək üçün quru əməliyyatının başladılması.
Səudiyyə rəsmiləri ehtiyat edirlər ki, müharibə vaxtından əvvəl başa çatarsa, İran vaxtaşırı Hörmüz boğazını bağlayaraq Körfəz iqtisadiyyatını iflic edə bilər. Digər tərəfdən, İran dövlətinin tamamilə çökməsinin daha böyük qeyri-stabilitəyə yol açacağından da narahatdırlar. Hazırda davam edən qarşıdurma səbəbindən Körfəzdə neft ixracı demək olar ki, tamamilə dayanıb.
Mənbələr bildirir ki, Səudiyyə Ərəbistanının müharibəyə birbaşa daxil olması an məsələsidir. Həmçinin Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) də hərbi müdaxilə variantını ciddi şəkildə dəyərləndirdiyi vurğulanır.