Almaniyanın Münhen şəhərində yerləşən beynəlxalq hava limanında yenidən dron təhlükəsi səbəbindən uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Bakupost.az “Bild” qəzetinə istinadən xəbər verir ki, polis dron müşahidəsi ilə bağlı məlumatları araşdırır və təhlükəsizlik məqsədilə bütün reyslərin icrasını dayandırıb. Hazırda dronların axtarışı davam etdirilir, lakin hava limanının fəaliyyətinin nə zaman bərpa ediləcəyi hələ məlum deyil.
Münhen hava limanının rəsmi saytında yayılan məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində uçuşlar növbəti xəbərdarlığa qədər məhdudlaşdırılıb. 23 reys alternativ istiqamətlərə yönləndirilib, Münhenə planlaşdırılan 12 uçuş isə tamamilə ləğv olunub. Hadisə nəticəsində təxminən 6500 sərnişin hava limanında gözləmək məcburiyyətində qalıb.
Qeyd edək ki, ötən gecə də Münhen hava limanı eyni səbəbdən – dron müşahidəsi səbəbi ilə – bir neçə saat bağlı qalmış və 3500 sərnişinin səfəri ləngimişdi.
Bu, son bir həftə ərzində Münhen hava limanında dronla bağlı qeydə alınan ikinci insidentdir və hadisə Almaniyada hava nəqliyyatı təhlükəsizliyi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib.