Ru
16:28 / 09 Noyabr 2020

Musa Yaqubdan 50 yaşlı möhtəşəm Şuşa şeiri

3533

Təqdim etdiyimiz bu şeiri Xalq şairi Musa Yaqub 1970-ci ilin iyun ayında yazıb. Cənnət məkanımız Şuşa ilə bağlı ən möhtəşəm şeirlərdən biridir.


Qayalar qaladır,

Qalalar – qaya,
Bu yerlər tarixin daş səhifəsi.
Binalar ucadan baxır dünyaya,
Hər evin daşında bir əsrin səsi.

Əsgəran qalası sökülür daha,
Əllərin zəhməti yatır əbədi,
Daş var
qala üstə çıxır sabaha,
Daş var ki,
torpağa batır əbədi.

Kahalar sonuncu sığıncaq yeri,
İndi göy mamırlar örtmüş üzünü.
Gərilib qayanın daş biləkləri,
Qaldırıb çiyninə Cıdır düzünü.

Babalar can qoyub
bu torpaqda, can,
Elə başdan-başa qaladır ölkə,
Bu yerdən Şirvana diqqətlə baxsan
Cavanşir qalası görünə bəlkə.

Gah tağlar,
gah bürclər kəsdi qarşımı,
Bürcləri il çapıb, qılınclar çapıb.
Bu daş Vaqif yatan zindan daşımı,
Yoxsa yaşadığı saraydan qopub?..

Tək Şuşa adına uyub aldanan,
Daşı şüşə bilib
ona ox atdı.
Fələyin damından daş yağan zaman
Bir kənd də yarandı –
adı Daşaltı.

Bu qala yaşayar
illərlə sirdaş,
Bir baxın bu dövran kimə neylədi, -
Qacarın başıdır axırıncı daş,
Gəlib bu qalanı tamam eylədi.

A şahid qayalar,
çevrilin bəri...
Burda yaylaqlar da daş-daş qabarmış,
İnsanın nə böyük görəcəkləri,
Tarixin nə qalın kitabı varmış...

Bax, yolda tozlanan o daşa sən də,
O, Məhəmməd bəyin ürəyi idi;
Şair ölümünə fərman verəndə
Daşlaşıb, ayağa dolaşır indi.

İndi ki, daşlardan yoğrulub şəhər,
Bəs Şuşa, adını hardan alıbdır
Bəlkə Natəvanın,
bəlkə Vaqifin
Şuşə ürəyində bu ad qalıbdır.

Elə çağladı ki, Bülbülün səsi
Daşlar da mahnıya çevrildi axır
Üzeyir nəğməsi –
Həyat çeşməsi,
Elə bu daşlardan süzülüb axır.

Bu çılpaq daşlarda
istəyim, arzum,
Yaşar nişanımız qayalar üstə.
Burda binalara özül nə lazım,
Tikilir dünənki qayalar üstə.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər