Ru
18:00 / 02 Sentyabr 2025

Naziri aldadırlar, idmançılar belə kənarlaşdırılır

Naziri aldadırlar, idmançılar belə kənarlaşdırılır
Eye

Azərbaycanın titullu boksçularından olan Bağır Əmirxanlının hüquqları pozulub.

Bakupost.az xəbər verir ki, boksçunun atası Şahin Əmirxanlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinə müraciət ünvanlayıb.

Şikayətçi bildirib ki, oğlu bir çox beynəlxalq yarışların mükafatçısı və qalibi, 2022 və 2024-cü ildə yeniyetmələr, 2025-ci ildə isə gənclər arasında böyük üstünlüklə Azərbaycan çempionu olub:

“Bağır Əmirxanlı həm daxili yarışlarda, həm də beynəlxalq turnirlərdə özünü sübut etmiş peşəkar və perspektivli idmançıdır. O, 2022-ci ildə Azərbaycan çempionu olduqdan sonra 14 yaşında ilk dəfə iştirak etdiyi Avropa çempionatında Azərbaycana bürünc medal qazandırıb. Həmçinin 2024-cü ildə gənclər arasında Rumıniyada keçirilən beynəlxalq “Drakula” turnirində aralarında dünya mükafatçılarının da olduğu bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Oğlumun ardıcıl iki il Azərbaycan çempionu olmasına baxmayaraq, Avropa çempionatına başqa idmançılar göndərilib. Bu titula hörmətsizlik etməklə oğlumun layiq olduğu beynəlxalq təmsilçilik hüququndan kənarda qalması ilə nəticələnib”.

Onun sözlərinə görə, fərdi idman növlərində yeniyetmələr və gənclər arasında Azərbaycan çempionatının keçirilməsində əsas məqsəd – ölkənin ən güclü idmançılarının müəyyən olunması və onların qitə və dünya çempionatlarında ölkəni təmsil etmələri üçün seçilməsidir:

“Bütün federasiyalar fərdi idman növlərində bu prinsip əsasında fəaliyyət göstərir və idmançının zədələnməsi, idmanla məşğul olmaq istəməməsi kimi qeyri-adi bir hal baş verməyibsə, ölkə çempionu qitə və dünya çempionatında ölkəni təmsil edir. Bu prinsipə əməl edilmədikdə, həm idmançıların haqqı tapdanır, həm də ölkə adına zəif təmsilçilik riski yaranır.

Faktlara əsaslanaraq bildirirəm ki, Bağır Əmirxanlı 2024-cü ildə görüşlərinin əksəriyyətində böyük üstünlüklə qələbə qazanaraq Azərbaycan çempionu olub. Elə həmin il keçirilmiş Heydər Əliyev Kuboku uğrunda final döyüşündə bütün psixoloji təzyiqlərə və nəticədən asılı olmayaraq çempionun artıq əvvəlcədən müəyyən edildiyi yönündə məqsədli təbliğata baxmayaraq, finalda Əli Baxışova qarşı bariz üstünlüklə döyüş aparmış, lakin hakimlərin qərəzli qərarı nəticəsində qələbə ona verilməmiş və bu hal hər kəs tərəfindən böyük təəccüb və heyrətlə qarşılanmışdır. Bu haqsız nəticəyə açıq video-sübut mövcuddur.

Göstərilən vaxt aralığında Bağır Əmirxanlının rəqibinə qarşı heç bir şübhəyə yer qoymayan açıq-aşkar üstünlüyü aydın görünür. Lakin nəticədə qalib elan edilən Əli Baxışov Avropa çempionatına göndərilib və elə ilk görüşdəcə məğlub olaraq yarışdan kənarlaşıb.

2025-ci ildə isə Bağır Əmirxanlı 60 kq çəki dərəcəsində Azərbaycan çempionu olduğu halda, Avropa çempionatına 57 kq çəki dərəcəsində qalib olan idmançının göndəriləcəyi bildirilib və oğlum əsassız bir şəkildə yığma komandanın baş məşqçisi tərəfindən guya məşqlərə gəlmədiyinə görə təlim-məşq toplanışından uzaqlaşdırılıb.

Bu sistemli haqsızlıqlar oğlumun psixologiyasına, motivasiyasına, idmana olan inamına ciddi zərbə vurmaqla yanaşı, Azərbaycanın idmanına olan ictimai etimada da xələl yetirir. Bir daha vurğulamaq istəyirik ki, Azərbaycan idmançısı Azərbaycanı təmsil edir və bu cür neqativ hallar təkcə oğluma qarşı deyil, bütövlükdə ölkəmizə hörmətsizlikdir”.

Şahin Əmirxanlı yuxarı instansiyalardan oğlunun hüquqlarının bərpa olunmasını xahiş edir.

Almaniyada yaşayan azərbaycanlı boksçu Əli Zamanov da müraciət ünvalayıb. Əli Zamanov müraciətində ölkəni tərk etməsini Azərbaycan boksundakı haqsızlıqlarla əsaslandırıb:

“Bezərək ölkəni tərk etdim. Təsəvvür edin, gəlib Almaniyada, yad bir ölkədə bu ölkənin çempionu titulunu qazanmışam. Amma Azərbaycanda istedadı olsa belə, irəli getmək mümkün deyil. Çünki boksun rəhbərliyində bu idman növündən xəbəri olmayanlar, boksa biznes kimi yanaşanlar da var. Federasiyanın prezidenti cənab Sahil Babayevi də aldadırlar. Ona yalan məlumatlar verirlər. İstedadlı idmançıları, məşqçiləri gözdən salırlar ki, öz məqsədlərini həyata keçirsinlər”.

Rusiyada yaşayan azərbaycanlı boksçu Şamil Nəcəfov da Azərbaycan Boks Federasiyasından şikayətçidir.

Şamil Nəcəfovun sözlərinə görə, Azərbaycanda döyüşərkən ona bildirilib ki, qalib gələcəyi təqdirdə vətəndaşlıq alacaq:

“Mən də Azərbaycan vətəndaşı kimi ölkəmi təmsil etmək istəyirdim. 4 döyüş keçirdim. 3-cü döyüşdə əlimi sındırdım. Həmin döyüşdə tək əllə döyüşərək 1/4 finalı keçdim. Bunu hər kəs bilir. Təsəvvür edin, 80 kiloqram çəki dərəcəsində tək əllə finala çıxdım. Finalda əlimin sındığını gizlətmək istədim. Lakin həkimlər bunu bildi və məni döyüşə buraxmadılar. İkinci yerə çıxdım, məğlub olmadan. Bundan sonra bizi yığmaya çağırdılar. Beynəlxalq turnir təşkil olundu. Birinci döyüşdə ərəb əsilli boksçu ilə döyüşə çıxdım. Həmin turnirdə də əlim zədələndi və sona qədər döyüşə bilmədim”.

Şamil Nəcəfovun sözlərinə görə, 2025-ci ildə Azərbaycan çempionu olub. Boksçu deyir ki, bununla belə, ona nə maaş verilib, nə də beynəlxalq yarışlara aparılıb:

“Xahiş etdim, yalvardım ki, pula görə gəlməmişəm. Azərbaycanın bayrağını qaldırmağa gəlmişəm. Niyə rusun bayrağını qaldırmalıyam ki? Maaş vermirsiniz, heç olmasa, beynəlxalq yarışlara aparın. Amma heç bir nəticəsi olmadı. Sonuncu dəfə 25 gün məşq etməklə Azərbaycan çempionu oldum. Amma məni həvəsdən saldılar. Belə olduğu üçün Azərbaycan boksu heç vaxt qabağa getməyəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar