"Bu, ianə kampaniyasına bənzəyirdi, Ucalın ona
ehtiyacı yoxdur”
Mən Mövludla son görüşümüzü belə xatırlayıram:
qapıdan çıxanda dedi ki, Emil, bir işıq ucu var, yaxşı olacaq... Bax, belə
nikbin və zil qaranlıq içində də işıq görən işıqlı adam idi o...
Həyatda sevdiyim üçüncü adamdır ki, 28 yaşında ömrü
sona çatır: Barış Akarsu, Viktor Tsoy və Mövlud Mövlud... Barış doğum günü
partisinə gedərkən yol qəzasında, Tsoy Litvadan yeni albomunun hazırlığından
dönərkən avtomobil qəzasında həyatını itirərkən, Mövludun "qəzası” kitabının
çapına az qalmış baş verdi.
Mayın 27-də onun "Çətirsiz” kitabının təqdimatına
gedə bilmədim. Ona görə də Mövludun xanımı Sevinc Fədai ilə görüşüb kitabı və onun
yaradıcılığı, həyata baxışları ilə bağlı söhbətləşmək istədim. Sağ olsun,
müsahibədən qaçan Sevinc sözümü yerə salmadı, danışmağa razılıq verdi.
Onun BakuPost.az-a müsahibəsini təqdim edirik:
- Sevinc, ondan başlayaq ki, bütün bu hadisələrdən
sonra özünü necə hiss edirsən?
Yaxşıyam...
Elə hesab edirəm ki, Mövlud əvvəlkindən indi daha yaxşıdır. Nədənsə, qəribə bir
rahatlıq var içimdə. Mən onu yoxmuş kimi qəbul edə bilmirəm.
Elə
bilirəm ki, bu müsahibəni verəndə də yanımdadır... Yəni, yoxluğuna inanmaq dözülməz
olardı. Özümə bunu təlqin etmişəm ki, Mövlud var və həmişə yanımdadır.
Məzar
daşı qoyulanda da fikirləşdim ki, gedim-getməyim. Sadəcə, qəbir üstünə gedəndə
mənə ölüm çatdı. Sonra ordan qayıtdım və özümü yenə toparlayıb inandırdım ki,
Mövlüd var, gələcək, gəlməsə də yaşayacaq.
- Eyni hisslər
Ucal üçün də qüvvədədirmi, yəni atasının varlığını hiss etməsi?
- O hiss
edir ki, Mövlud yoxdur. Ona həmişə dədə-dədə deyirdi. Çox həssas uşaqdır. Axşam
idi, onu yatızdırırdım. Əlini telefona uzatdı ki, ver dədə ilə danışım.
Sonra mənim
susmağımı görüb üzünü çevirdi və bir nöqtəyə baxıb yatdı. Yəni elə bil ki,
atasızlıq yükünü daşımağa başlayıb. Ancaq bu itkini ona hiss etdirməməyə
çalışıram. Qoy böyüsün, zamanı gələndə ona hər şeyi başa salaram.
- Ümumiyyətlə,
intihar etmiş atanın övladını böyütmək başqa uşaqların tərbiyə sistemindən fərqlidirmi?
- Övlad
böyütməyə heç vaxt dırnaqarası baxmamışam. Bir çox ailələrdə uşaqlar Allah
ümidinə böyüyür. Mən Ucal doğulmamışdan qabaq fikirləşirdim ki, bir insan böyüdəcəm.
Təbii
ki, iki insanın böyüdəcəyi uşaqla bir insanın böyüdəcəyi uşaq fərqlidir. Amma
çalışacam ki, həyatında boşluq, yara olmasın. Çünki uşaqlıq travmalarını böyüyəndə
düzəltmək mümkün olmur.
- Sevinc, bu sualı sənə verməliyəm: hadisənin ilk günlərində
verdiyin müsahibə çoxlarına qeyri-səmimi təsir bağışladı, hətta Aydın Canıyev də
bu haqda məqalə yazmışdı. Niyə müsahibən belə qarşılandı?
-
Bilirsiz, cəmiyyət ərinin dalınca saçını-başını yolan, ağlayan qadın görmək istəyirdi.
Bunu görmədilər. Onlar elə bilirdilər ki, yalandan, üzülmüş bir obraz yaratmaq
istəyirəm. Ancaq ehtiyac görmürəm ki, necə üzüldüyümü göstərim. Heç kimin göz
yaşımı görməsini istəmirəm.
- Niyə istəmirsən?
- Hətta
biri yazmışdı ki, bundan sonra şeirlər yazacaq, başını bağlayacaq və s. Əksinə,
hətta anam da göz yaşımı görmür. Mövludun da bunu görməsini istəmirəm. Amma
bilirəm ki, Mövlud görür.
Sadəcə,
heç kəsə zəif tərəfimi göstərmirəm. Evli olanda da, ayrı yaşayanda da tək-tük
dostlardan başqa kimsə bilməyib ki, biz ayrılmışıq. Mövludla ayrıldığımız iki
ayda bir-birimizin yanında olmuşuq, görüşmüşük.
Son bir
həftə istisna olmaqla tez-tez görüşürdük. Ona görə də tək-tük dostların
qınağından başqa heç kimin qınağı məni incitmədi.
İndi də
heç kimi qınamıram, heç kimdən anlayış da gözləmirdim, müsahibəmi də kimlərsə
qeyri-səmimi qəbul edibsə özü bilər. Mən demirəm ki, siz kimsiz nəsə deyirsiz.
Sadəcə,
qınanmaqla təəccüblənmədim. Ən əsası Mövlud hər şeyi yaxşı bilirdi. Mövlud
qarşısında vicdanım narahat olsaydı, mən də bar-bar bağırardım, adamların mənə
acımasını istəyərdim.
- Bəlkə bax belə aqressiv sözlərin, yəni "heç kimdən
anlayış gözləmirdim, özümə ağlamağa stop qoymuşdum...” kimi ifadələr insanların
sənə münasibətini dəyişir?
- Niyə
aqressiv olur ki? Elə fikirləşmirəm ki, insan acısını ictimai şəkildə
yaşamalıdır. Bilirsən Emil, son aylarda Mövludun özünə də demişdim ki, ətrafımızda,
dünyamızda dəhşətli hadisələr olur.
Məsələn,
suriyalı uşağın ölüsünün dəniz sahilində tapılması haqda fotonu görəndə
Mövlüdla günlərlə özümüzə gəlmədik.
Mövlüd
da, mən də həssas idik. Deyirdim ki, Mövlud, yanımızda insanlar anidən ölürlər,
yanğın hadisəsində daha çox ölümü hiss etmişdim, yəni bütün bunları bilən
adamlar xırdalığa getməməlidir, bir-birinə həmdəm olmalıdır.
Çünki
biz yazı-pozu ilə məşğuluq. İnsanlar bizə baxır, yazılarımızı oxuyur, insanlara
təsəlli verə bilirik.
Ayrıldığımız
iki ayda mənim də zəif anlarım çox olub, amma hiss etdirməmişəm. Leksikonumda
indi də kimsə soruşanda deyirəm ki, yaxşıyam. Mən insanları məni qınamağını
başa düşürəm.
Amma o qədər
adam var ki, susdular. Onlar mən qədər Mövlud üçün yanırlar. Onlar üçün mənimlə
münasibət saxlamaq indi asan deyil. Məni günahlandırmaq haqqını da onlara verirəm.
Çünki Mövlud boyda yazarı, insanı, dostu itirmişik.
Deyə
bilmərəm ki, niyə bu yanğı ilə üstümə gəlirsiz? Mən hətta Kamyunun "Yad”ındakı
adamı da başa düşürəm. O mənada məni qınayan hər kəsi başa düşürəm.
Sadəcə,
bəzi dostlar var idi ki, yanımızda olublar. Onların məsələni ətraflı bildikdən
sonra fikirləri də dəyişdi. Ancaq o adamları itirmişəm. Çünki onların
ittihamları bəs idi.
- Yəni
Mövludla münasibətlərdə özünü Kamyunun "Yad”ının yerində görürsən?
- Yox.
Sadəcə hər kəsin öz həqiqəti var. Zamanla daha soyuq başla fikirləşmək olar.
- Sevinc, səhv
etmirəmsə, Mövlud bu ölkədə ilk intihar edən yazıçıdır?
- Bəli -
ilk idi.
- Səncə, yazıçı intihar etməlidirmi?
- Heç
kim intihar etməməlidir. Mövlud əsərlər yaratmaq qabiliyyəti olan adam idi. Sözə,
yaradıcılığa sığına bilərdi.
Bu hadisələrdən
sonra psixoloq yanına gedirdim. Psixoloqdan da soruşdum ki, Mövlud niyə
yaradıcılığına sığına bilməsin, axı kosmopolit idi?
Dedi ki,
onlar özlərinin qəbul etdiyi həqiqətləri yazmayıblar. O həqiqətlərə özləri
çatmayıblar, sadəcə onlardan yazıblar. Demək çatmayıb ki, sığına bilməyiblər.
- Ümumiyyətlə,
onun yazılarını oxuyurdun?
- İlk
oxucusu olurdum (gülür). Gecə yazısını bitirirdi, ilk mənə oxuyurdu. Deyirdi
ki, yalandan tərifləmə. Fikrimi əsaslandıranda inanırdı. Bir dəfə hansısa hekayəsini
oxuyub qurtaranda sual elədim ki, qurtardı?
Elə
bildi ki, lağ edirəm. Acıqlandı mənə, dedi ki, belə böyümüsən məni tənqid edirsən?
Sonra fikrimi izah elədim, hekayənin sonuna əlavə etdi, dedim bax, gördün indi
hekayənin sonu alındı. Yəni, Mövlud belə çılğın adam idi.
Yazısı
çıxanda soruşurdu ki, niyə paylaşmadın? Deyirdim ki, qoy oxuyum, sonra
paylaşım. Çox inciyirdi. Bizdə bir cırtqoz sözü var e, sözün yaxşı mənasında əsl
cırtqoz idi Mövlud (gülür).
Sonra
paylaşanda görürdü ki, yazısının yaxşı yerini tutub Feysbukda statusa
çıxarmışam, xoşuna gəlirdi. Belə bir
adam idi. Yəni, uşaq kimi əzizlənməyi bir başqa sevirdi, yazıçı kimi başqa nəvazişi
sevirdi.
Fikrinə
güvəndiyi adam bir yazısını paylaşanda təkrar-təkrar açıb hansı yeri bəyənibsə
o yeri neçə dəfə oxuyurdu. Ancaq sizə deyim ki, özünə tənqidi yanaşırdı. Bir
hekayəni 3 saata yazırdısa, üstündə 6 ay işləyirdi. Deyirdim ay Mövlud, bəsdir
də, yaxşıdır. Çap elətdir.
- Heç olubmu hansısa yazısına pis rəy verəsən, bu
da onda bir yaradıcı depressiyası yaratsın?
Yox. Pis
rəy verdiyim hekayəsi olmayıb. Ən balaca hekayəsində də enerji olurdu. Bir tərəfdən
də axı bizim ruhumuz yaxın idi... Ona görə də yazılarını bəyənirdim.
Mənə həmişə
deyirdi ki, mənaya bax, cümlələrdə səhvlərə baxma, onsuz da redaktədə səhvlər
düzələcək. Buna görə küsürdü, oxumurdu, keçirdi o biri otağa. Dəqiqədə 100 dəfə
küsüb barışırdıq.
- Olub-keçənlərdən sonra Mövlud barədə memuar
yazmaq fikrin varmı?
- Nə
vaxtsa ola bilər. İndi buna hazır deyiləm. Mənə elə gəlir ki, Ucala yazdığım həmin
yazını elə Mövluda həsr eləmişəm.
- Yeri gəlmişkən,
Mövludun kitabı çap olundu və bir narazılıq var idi. Deyirdilər ki, onun 17
hekayəsi olmayıb, esselərini də hekayə kimi salıblar...
- Bir
publisistik yazısı təqdim olunub. "Əzab çəkirəm, aşkım” adlı anasına yazdığı
esse idi. Sadəcə, nə qədər yazıbsa onları kitaba salıblar. Mövlud o qədər
yazmışdı.
Çünki
işinə məsuliyyətlə yanaşırdı. Onun "unutmadığım adamlar” silsiləsindən 4-5
hekayəsi çıxdı. İnciyirdi ki, yazarlar arasında adımı çəkmirlər. Deyirdim ki,
Mövlud bu yazı sahəsi vəfasızdır. Bir il yazma unudulursan. Jurnalistika da belədir.
Amma
ümidləndirirdim ki, yazmaq lazımdır. Deyirim ki, uşaqlıq travmalarını yazırsan,
stili dəyişmək lazımdır. Onda deyirdi ki, bah, Sevinc məni artıq bəyənmir. Sonra "Monstrak” kimi fərqli üslublarda hekayə yazdı.
- Şəhriyar Del Gerani kitabın qiyməti və Ucala
bankda hesab açılmasına sərt reaksiya verdi. Sən necə düşünürsən?
- Şəhriyarın
statusundan əvvəl özüm müdaxilə etdim. O uşaqların niyyəti düşünüldüyü kimi
deyildi. Amma kitabın qiymətinin qoyulmamasına etiraz olundu, bir də Ucalın
adına hesab açılmasına etiraz etdim.
O xəbərləri
də saytlardan çıxartdırdım. Çünki bu, ianə kampaniyasına bənzəyirdi. Ucalın
buna ehtiyacı yoxdur. Onun belə miskin, zəif səsləndirilməsinə qarşıyam.
Ucala nə
qədər həssas uşaq olsa da, güclü olacaq və travmaların öhdəsindən gələcək. Bir
fürsət yaranıb deyim, o vaxt paylaşırdılar ki, ay yazıq uşaq, tək qoymayın, can
və s. İstədim yazam ki, Ucala belə yanaşma olmasın, nə isə susdum. Çünki belə
davranışla gələcəkdə o özünü atasız, yazıq hissə edə bilər.
Qətiyyən
buna qarşıyam. Kimsə Ucalı sevirsə onu bir şəxsiyyət kimi görsün. Mövluda da
deyirdim ki, görünən adamlardan potensiallı, istedadlısan, özünü zəif göstərmə.
Çünki
Mövlud əks cərəyanları, tarixi, əks istiqamətli adamları bilirdi. Elə bilirdim
ki, yanımda canlı "google” var. Güclü oxu qabiliyyəti var idi. Mən 10 günə
oxuduğum kitabı o bir günə bititirdi.
Deyirdim ki, güclü olmaq lazımdır.
- Sevinc, son sualımı verirəm - Mövludun ömrünü belə
sona çatdırmağı gözlənilən oldu?
- Mən
evdən gedəndən sonra bir ay günün 10-12 saatını Mövludla yazışırdıq. O vaxt onu
intihar fikrindən daşındırdım. Dedi ki, o qədər yazışdıq məni ümidləndirdin.
Amma o sözləri dost kimi dayaq olmaq üçün deyirdim.
Bir dəfə
zəng etdi ki, Sevinc, qərar vermişəm, bir daha sənə intihar edəcəm deməyəcəm.
Çünki bu özü səni yorur, hədə altında saxlayır.
Güclü
olacam, özümü toparlayacam, bacarsam münasibəti düzəldəcəm. Mən də çox
sevinmişdim. Fikirləşirdim ki, Mövlud bizi qorxutmaq üçün dərman içər, sonra
bizə zəng edər qaçıb gedərik mədəsini yuyarıq.
Çünki
hündürlükdən qorxurdu, adicə "lampıçka”nı mən düzəldirdim, iynə vurdurmaqdan
qorxan adam idi. Ancaq sənə deyim bir məsələ var - o binadan bir polis özünü
atmışdı. Mənə dedi ki, üzərindən ailəsinin şəkillərini tapıblar.
Dedim, yəqin
ki, ağlından belə bir fikir keçmir. Dedi yox, nə danışırsan, mən indi daha
böyük ideyalar, planlar düşünürəm, işlər qururam.
Ancaq
indi fikirləşirəm ki, həmin binadan polisin özünü atması hadisəsi olmasaydı,
Mövludun ağlına gəlməzdi ki, özünü 17-ci mərtəbədən atsın...
Emil Salamoğlu
BakuPost