Yetkinlik yaşına çatmayan qızları hədəf alan şəbəkə qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin sağ olduğu iddia edilib.
Bakupost.az xəbər verir ki, bu iddianı amerikalı milyarder İlon Maskın atası Errol Mask “RİA Novosti”yə açıqlamasında səsləndirib.
“O, sağdır. Epşteyn ölməyib. Buna heç bir şübhə yoxdur. Demək istəyirəm ki, onun ölmüş olması heç bir şəkildə, hətta uzaqdan belə mümkün deyil”, - o deyib.
Errol Mask Epşteynin ölümü barədə rəsmi versiyaya şübhə ilə yanaşdığını bildirib, bunu əsaslandırmaq üçün qalmaqallı maliyyəçinin cəsədinin aşkarlanması ilə bağlı qəribəliyə diqqət çəkib.
Xatırladaq ki, rəsmi sənədlərdə və ABŞ Ədliyyə Departamentinin (DOJ) hesabatlarında Ceffri Epşteynin 10 avqust 2019-cu ildə Nyu-York həbsxanasında öldüyü qeyd olunur. “Epşteyn işi” üzrə yenilənmiş sənədlərdə onun cəsədinin fotoları, ölümündən sonra meyitin yarılmasına dair hesabatlar və həbsxanadaxili müşahidə qeydləri yer alıb ki, bunlar da rəsmi ölüm faktını təsdiq edir. Daha əvvəl C.Epşteynin öldüyü gecə həbsxananın nəzarət kamerası ilə çəkilən videogörüntülər yayılmışdı. Lakin açıqlanan videoda 1 dəqiqəlik materialın çatışmazlığı mübahisələrə və fərziyyələrə səbəb olmuşdu.