Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alan və əlilliyi müəyyən edilmiş şəxslər üçün yeni güzəşt təklif olunur. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilən məsələyə əsasən həmin şəxslərin ali təhsil müəssisələrindəki təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur.
Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, təklif Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində yer alıb. Qaydalara görə əlavə təhsil istisna olmaqla bütün ödənişli təhsil formaları bu güzəştə daxil edilə bilər. Bu təşəbbüs hərbi xidmət zamanı sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsini gücləndirmək və onların təhsilə əlçatanlığını təmin etmək məqsədi daşıyır.
Hazırda layihə müzakirə mərhələsindədir və rəsmi təsdiqindən sonra icrasına başlanılması gözlənilir. Bu addım həm də qazilərin cəmiyyətə inteqrasiyası və peşə bacarıqlarının artırılması üçün mühüm fürsət hesab olunur.