“Ordumuz Azərbaycan tarixinə Hadrutun işğaldan azad olunmasını qızıl hərflərlə yazdı”.
Bunu
Bakupost.az -a açıqlamasında
millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsinin hər saniyəsi canlı tarix, qəhrəmanlıq salnaməsidir:
“Əminəm ki, tarixçilərimiz, tədqiqatçılarımız, alimlərimiz, şairlərimiz Vətən müharibəsinin hər saniyəsinin xronologiyasını böyük bir qəhrəmanlıq salnaməsi halında hazırlayacaq və gələcək nəsillərə ötürəcəklər.
44 günlük Vətən müharibəsi bizim namus, şərəf, ləyaqət, qürur müharibəsi idi. 20 faiz torpaqlarımızın işğal olunması ilə belimiz bükülmüşdü. Sanki üzərimizdə bir ləkə var idi. Çünki Vətənimizin ərazi bütövlüyünə təcavüz olunmuşdu.
44 günlük Vətən müharibəsinin zəfərini yazanlara, başda Ali Baş Komandan olmaqla, yüz minlik ordumuzun hər bir əsgər və zabitinə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Şəhidlərimizin qanı ilə yoğrulmuş bu torpaqları hər zaman göz bəbəyi kimi qoruyacağıq. Bunu gələcək nəsillərə ötürəcəyik. Çünki azad olunmuş torpaqların hər qarışında şəhidlərimizin, qazilərimizin qanı, şücaəti, qəhrəmanlığı var”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan əyilməzliyini, məğlubedilməzliyini bir daha sübut etdi:
“Həmin günlərdə cəbhə bölgəsindən gələn sevincli xəbərləri böyük səbrlə gözləyirdik. Ali Baş Komandanın düşmənə, düşmənin havadarlarına informasiya meydanında verdiyi qətiyyətli, cəsarətli cavabları, rəşadətli ordumuzun qəhrəmanlığı Azərbaycanı beynəlxalq aləmdə, dünyada əyilməzliyini, məğlubedilməzliyini bir daha sübut etdi.

Biz artıq müzəffər xalq kimi dünyanın ən qürurlu, ləyaqətli xalqlarındanıq. Bu günlərdə bir tərəfdən işğaldan azad olunan hər bir qarış torpağın azadlığının sevincini bayram ediriksə, digər tərəfdən bu sevinci bizə qanı, canı bahasına qaytaran şəhidlərimizin də ildönümünü qeyd edirik. Bu sevincli günlərin fonunda bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik. Qazilərimizə isə tezliklə şəfa tapmalarını arzulayırıq. Onların valideynlərinə sonsuz ehtiramımızı, hörmətimzi, minnətdarlığımızı bildiririk. Var olsun, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, var olsun rəşadətli Azərbaycan ordusu, var olsun xalqımız, yaşasın Azərbaycan”.
Fəridə Söhrabqızı
Baku Post