Zaman təsadüflərdə ilişib qalmır. Sadəcə insan beyninin formalaşdıra bilmədiyi planları reallığa çevirir.
Bu reallıqlar arasında bu gün genişlənməkdə olan Türk ailəsi də var.
Beləliklə, bir qrup media nümayəndəsilə qardaş
Özbəkistana səfər etdik. Qayıtdıqdan sonra təəssüratlarımı yazıya çevirmək üçün bir neçə gün gözlədim. Bu arada, yaddaşım da tam gücü ilə təzələndi. Düşünürəm ki, indi təəssüratlari təqdim etməyin tam zamanıdır.
Xüsusən də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən sonra...
İstiliyin gətirdiyi doğmalıq
Paytaxt Daşkənd bütün mənalarda bizi isti qarşıladı. Havanın temperaturunun 40 dərəcəyə yaxın olmasına baxmayaraq, əbədi dostluq və qardaşlığın gətirdiyi istilik birliyimizin rəmzini nümayiş etdirirdi.
Siyasi platformalarda möhkəmlənən güc birliyi, xalqların gözlərində və dodaqlarinda aydın görünür. İstiliyin doğmalığın bir forması da budur. Məhz buna görə də mənim üçün bu səfərin ən böyük təəssüratı insanlarla bağlı idi.
Bizi birləşdirən dəyərləri bir arada görmək o qədər xoşdur ki...
Yanılmıramsa, son illərdə Avropanın soyuqluğunu həm də insanların simasında görmək olur. Bu da bizə xoşbəxtliyimizi daha dərindən hiss və şükr etməyə imkan verir. Çünki Avropadan fərqli olaraq Mərkəzi Asiya ilə münasibətlərdə bir doğmalıq var. Bəlkə də bunun adı eyni tarix, eyni dil və eyni yaddaşdır.
Sənin dilinə yaxın bir dildə danışırlar. Küçədə, mağazada, restoranda.... Məkanın fərqi yoxdur. Eşitdiyin sözlərin çoxu sənə yad gəlmir. Qarşına çıxan yazı lövhələrini oxuyanda da qəribə bir hiss keçirirsən. Başqa ölkədəsən, amma gördüklərinin bir hissəsini öz dilində oxuya və anlaya bilirsən.
Bunun adı həm də doğmalıq hissidir.
Bəzən insan qarşısındakının ona münasibətini kəlmə kəsmədən öncə hiss edir. Soyuq münasibət saxta gülüş, yalançı baxış... Sözsüz də anlamaq olur.
Uzun sözün qısası, qardaş Özbəkistanda səmimiyyətin süni olmadığını hiss etdik.
Bu əsnada, düşünürəm ki, Ortaq türk əlifbasına mütləq ehtiyac var.
2020-ci il tarixi Zəfərimizdən sonra türk dünyasının qarşısında açılan imkanları yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşdırmaq olmaz. Bizim bir-birimizi daha asan anlamamız üçün dil və əlifba məsələsi də mühüm addımlardan biridir.
Əgər sənin dilində danışıramsa, məni anlayırsansa, sözlərimiz bir-birinə yaxındırsa, niyə bunu daha da möhkəmləndirməyək?
Niyə ortaq əlifba bizi bir-birimizə daha da yaxınlaşdırmasın? Ümid edirəm ki, ortaq türk əlifbası ilə bağlı istəklərimizin gerçəkləşməsi uzaqda deyil.
Daşkənd qatarında Qarabağ sevgisi
Səfərimizin növbəti günlərinin birində Daşkənddən Səmərqəndə sürət qatarı ilə getdik.
Pəncərənin o tərəfində dəyişən sadəcə mənzərə idi. Qatarın sürəti artdıqca şəhər arxada qalır, düzənliklər, kəndlər, yollar görünürdü.
Qatarda sanki Azərbaycan Özbəkistan arasındakı məsafə də azalırdı.
Və əlbəttə ki, məsafənin azalmasında yenə də qardaşlıq amili rol oynayır. Söhbət əsnasında qatar bələdçisi gəldiyimiz ünvanı soruşdu. “Azərbaycandan gəlmişik”- dedik. Cavab isə möhtəşəm oldu. “Qarabağ... Qarabağ çox yaxşı oynayır. Qarabağın azarkeşiyəm”.
Onun gözləri gülürdü, mənim isə nitqim quruyurdu. İkimizi də sevgi və qardaşlıq birləşdirirdi.
Qardaşlığın daha bir nümunəsini qatardan düşəndə yaşadıq. Özbəkistan milli musiqi ansamblı "biz mehriban ailəyik" ifa edirdi.
Budur doğmalıq. Özbək qardaşlarimiz "biz mehriban ailəyik" musiqisi ilə həm də güc və birlik mesajı verirdilər.
Səmərqənd... dini dəyərlərimiz
Eyni tarix, eyni dil eyni ənənə... Səmərqənddə İmam Əli Buxarinin mədrəsəsini ziyarət etdik. Məzarı olan guşədə Quran oxunurdu. Özbəkistanla Azərbaycani həm də dini dəyərlər birləşdirir axı.
Bizi birləşdirən dini dəyərlərimizə hörmət əlaməti olaraq müqəddəs Quran ayələrindən hissələri dinlədik.
Quran sədaları altında ruhumuz da dincəlirdi.
Bir sözlə, hər daşı tarix olan bu torpaqlarda türk gücü dalğalanır.
Qarabağ-artıq vizit kartımıza çevrilib
Müşahidələrimə söykənib bir haşiyə çıxmaq istəyirəm.
Uzun illər xaricdə ölkəmizi daha çox Bakı ilə tanıyıblar. Bakı hər zaman Azərbaycanın vizit kartı olub. Heç şübhəsiz ki, bu, bu gün də belədir. İndi isə bu tanınma xəritəsinə Qarabağ da əlavə olunub.
Qarabağ artıq yalnız bir coğrafiyanın adı deyil.
O, Azərbaycanın tarixinin, mübarizəsinin, Zəfərinin və bu gününün simvollarından biridir.
Və ən maraqlısı odur ki, bu ad artıq yalnız siyasi kluarlarda səslənmir.
Artıq səfər etdiyimiz ölkələrdə insanların dilində səslənir.
Növbəti dəfə Qarabağin adını eşitdim. Səmərqənddən Daşkəndə qayıdanda... Daşkənd küçələrində çəkiliş apardığımızı görüb xoş təbəssümlə bizə yaxınlaşan özbək qardaşımız hardan gəldiyimizi xəbər aldı. “Azərbaycan” deyəndə, “ooo azad Qarabağ” kəlməsi ruhumuzu isitdi.
Açığı, mənim üçün Özbəkistanda bunun xüsusi mənası vardı.
Bir xalqın yaşadığı ağrı başqa bir xalqın yaddaşında da iz buraxa bilirmiş.
Bir xalqın Zəfəri başqa bir xalqda da sevinc yarada bilirmiş
Qarabağın adı çəkiləndə bunu hiss etməmək qeyri-mümkündür.
Ağrının sevincə doğru addımladığı qardaşlıq.
Üstəlik, bər-bəzəksiz.
Təbii şəkildə.
Və sonda bizi birləşdirən Türk ailəsidir. Bu ailənin ən gözəl tərəfi də odur ki, Azərbaycan və Özbəkistan xalqları bir-birini uzaqdan tanımır. Biz həm də bir-birimizi yaddaşımızdan tanıyırıq.
Prezident İlham Əliyev 2024-cü il iyulun 6-da TDT-nin dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı demişdi. “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. İşartılar göz önündədir.
Zaman isə bütün mənalarda Türk dünyasının xeyrinə işləyir
Bakı-Daşkənd-Səmərqənd-Bakı
Namidə Bingöl