“Şər imperiyası” adlandırılan SSRİ 35 il əvvəl dağılsa da, onun yerində yaranan müstəqil dövlətlərin əhalisi arasında müxtəlif səviyyələrdə sovet nostalgiyası hələ də qalmaqdadır.
Bu gün də bəzi insanlar tərəfindən sovet dövrünün “üstünlükləri” qabardılır, həmin illərdəki sosial təminat, sabitlik və idarəçiliklə bağlı müsbət fikirlər səsləndirilir.
Bəzi ölkələrdə, xüsusilə Baltikyanı respublikalarda və Ukraynada sovet nostalgiyası demək olar ki, arxa plana keçib. Belarus kimi ölkələrdə isə bu tendensiyanın hələ də güclü olduğu müşahidə edilir.
Bəs Azərbaycanda vəziyyət necədir? Cəmiyyət sovet dövründən qalan nostalji hisslərini geridə qoya bilibmi?
Hüquqşünas Qulamhüseyn Əlibəyli
“BakuPost”a bildirib ki, bu məsələyə münasibət yaş qruplarına görə ciddi şəkildə fərqlənir:
“Gənclər və orta nəslin nümayəndələri arasında bu cür nostalji demək olar ki, yoxdur. Çünki onlar ya sovet dövrünün sonlarında yaşayıblar, yaxud da müstəqillik dövründə doğulublar. Amma yaşlı nəslin nümayəndələri arasında müəyyən qədər də olsa, bu nostalji hissləri qalmaqdadır. Əsasən yerli icra hakimiyyəti orqanlarında və polisdə baş verən müəyyən özbaşınalıqlar, sosial-iqtisadi vəziyyətdəki çətinliklər yaşlı insanlarda keçmişlə bağlı nostalji hisslərini qoruyub saxlayır. Ötən əsrin 90-cı illərində isə bu cür hisslər daha güclü idi”.
Ekspertin fikrincə, keçmişə nostaljinin yaranmasında Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət də mühüm rol oynayıb:
“Azərbaycanda müstəqilliyin ilk dövrlərində xeyli sosial problemlər yarandı. Nəticədə bəzi insanlarda belə bir fikir formalaşdı ki, müstəqillik sosial problemlərlə müşayiət olunur. Baxmayaraq ki, bu problemlər hələ ötən əsrin 80-ci illərinin sonlarında özünü göstərməyə başlamışdı”.
Q.Əlibəyli sovet dövrü ilə indiki dövrü müqayisə edən insanların daha çox dövlət qurumlarının fəaliyyətinə və vətəndaş müraciətlərinə münasibətə diqqət yetirdiyini bildirib:
“Keçmiş dövrlərdə şikayət ediləndə ona baxır, müəyyən tədbirlər görürdülər. İndi isə elə şikayətlər olur ki, nə qədər müraciət etsən də, konkret nəticə əldə etmək mümkün olmur. Məhz belə məqamlar bəzi insanlarda köhnə dövrlə bağlı nostalji hissləri yaradır”.
Həmsöhbətimiz hesab edir ki, zaman keçdikcə sovet nostalgiyası təbii şəkildə zəifləyərək yox olacaq:
“Çünki artıq o dövrü görən, həmin dövrdə yaşayan insanların sayı getdikcə azalır. Zaman keçdikcə insanların, o cümlədən yaşlı nəslin şüurunda da müəyyən dəyişikliklər baş verir. Nəticədə köhnə dövrlə bağlı nostalji hissləri tədricən zəifləyir”.
Rüfət Sultan,
BakuPost