Ru
12:59 / 27 Oktyabr 2026

Türkiyə-Azərbaycan qardaşlığı tarixin sınaqlarından keçmiş sarsılmaz birlikdir!

Türkiyə-Azərbaycan qardaşlığı tarixin sınaqlarından keçmiş  sarsılmaz birlikdir!
Eye

Tənzilə Rüstəmxanlı

Millət vəkili


Tarixi yaddaş, şəxsi şahidlik və bu günün siyasi reallıqları haqqında düşüncələrim


Türkiyə–Azərbaycan münasibətləri ətrafında son dövrlərdə yaşanan gərginliklər mənə illər öncə şahidi olduğum hadisələri xatırladır. Tarix bəzən eyni prosesləri fərqli zamanlarda, fərqli simalar və adlar altında yenidən qarşımıza çıxarır. Dünən də iki qardaş dövlətin arasına nifaq salmağa çalışan qüvvələr var idi, bu gün də var.


Ömrümün böyük bir hissəsini Türkiyə–Azərbaycan münasibətlərinin inkişafına, iki qardaş xalq arasında mənəvi bağların möhkəmlənməsinə həsr etmiş bir insan olaraq, bu münasibətlərin ən həssas, ən kövrək dövrlərinin canlı şahidlərindən biriyəm. Ona görə də bu gün baş verənlərə yalnız gündəlik siyasi hadisə kimi deyil, tarixi yaddaşımın və şəxsi təcrübəmin işığında baxıram.


2009-cu ildə yaşanan hadisələr bu baxımdan xüsusilə yadımdadır.

Həmin dövrdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin açılması məsələsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurmuşdu. Qarabağ torpaqları işğal altında olduğu bir zamanda bu prosesin Azərbaycanın milli maraqları nəzərə alınmadan irəliləməsi ehtimalı bizi dərindən düşündürürdü. Təəssüf ki, yaranmış gərginlikdən müxtəlif siyasi və ideoloji dairələr öz məqsədləri üçün istifadə etməyə çalışırdılar.


Mənim o dövrdəki müşahidələrimə görə, Azərbaycanda sovet siyasi təfəkküründən qopa bilməyən, Türkiyə ilə yaxınlaşmaya mənfi münasibət bəsləyən müəyyən məmur çevrələri bu gərginliyi daha da dərinləşdirirdilər. Həmin proseslərdə Ramiz Mehdiyevin rəhbərlik etdiyi çevrələrin rolunu da xüsusi qeyd etmək istəyirəm. Türkiyə əleyhinə aparılan bəzi informasiya kampaniyalarının arxasında məhz bu çevrələrin dayandığı qənaətində idim.


Burada bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Həmin illərdə Gülən hərəkatının Azərbaycandakı əlaqələri, bəzi yüksək vəzifəli şəxslərin ətrafında formalaşmış münasibətlər və bu çevrələrin informasiya mühitinə mümkün təsiri məndə ciddi narahatlıq yaradırdı. Xüsusilə Ramiz Mehdiyevin yaxın inzibati çevrələrində Gülən hərəkatı ilə əlaqəli olduğunu bildiyim şəxslərin fəaliyyəti diqqətimi çəkirdi.


Bu gün də həmin dövrün bəzi iştirakçılarının və onlara yaxın çevrələrin Azərbaycan–Türkiyə münasibətləri ətrafında yaranan gərginliklərdə tutduqları mövqeləri diqqətlə izləyirəm. Mənim qənaətimə görə, keçmişdə formalaşmış müəyyən ideoloji və şəxsi əlaqələrin təsir imkanlarının tamamilə aradan qalxdığını düşünmək doğru olmazdı.


Bir şeyi unutmasınlar: biz 2009-cu ildə baş verənləri də, o dövrdə münasibətlərimizin gərginləşməsində rol oynadığını düşündüyümüz çevrələri də unutmamışıq. Tarixi yaddaş yalnız keçmişi xatırlamaq üçün deyil, eyni səhvlərin təkrarlanmasının qarşısını almaq üçün də vacibdir.


Məni ən çox narahat edən isə müəyyən siyasi və ideoloji maraqların Azərbaycanda Türkiyə əleyhdarlığına, Türkiyədə isə Azərbaycan əleyhdarlığına çevrilməsi təhlükəsidir. Bu, iki xalqın ortaq gələcəyinə qarşı son dərəcə məsuliyyətsiz yanaşma olardı.


Türkiyədə də həmin illərdə dövlət strukturlarında, hüquq-mühafizə sistemində və mediada təsir imkanlarını genişləndirmiş Gülən hərəkatının fəaliyyəti diqqət çəkirdi. Sonralar Türkiyədə FETÖ adı ilə terror təşkilatı elan edilən bu strukturun həmin dövrdəki fəaliyyəti ölkənin siyasi tarixində ayrıca bir mərhələ təşkil edir.


O illərdə Türkiyə mediasının müəyyən hissəsində Azərbaycana qarşı aparılan kampaniyaları, dini ritorika ilə siyasi məqsədlərin bir-birinə qarışdırılmasını yaxşı xatırlayıram. Bəzi qəzetlərdə, o cümlədən Yeni Şafak və Akit kimi nəşrlərdə dərc olunan yazılar ciddi narazılığımıza səbəb olurdu.

Mənim üçün ən ağrılı məqamlardan biri isə Azərbaycan–Türkiyə qardaşlığının müdafiəsinə qalxan insanların müxtəlif siyasi ittihamlarla hədəfə alınması idi.


Ergenekon prosesi zamanı mənim də adımın müxtəlif materiallarda doqquz dəfə hallandırıldığını xatırlayıram. Bizi guya Ergenekonun Azərbaycan ayağı olmaqda ittiham etməyə çalışırdılar. Halbuki bizim mübarizəmizin mahiyyəti son dərəcə aydın idi: Azərbaycanın milli maraqlarını, Türkiyə ilə tarixi qardaşlığını və Qarabağ məsələsində ədalətli mövqeyini müdafiə etmək.


Həmin dövrdə Türkiyə Böyük Millət Məclisində, o zaman Baş nazir olan Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən AK Parti qrup toplantısı ətrafında yaşanan hadisələr də unudulmayıb. Azərbaycandan gedən qadınların və vətəndaş cəmiyyəti nümayəndələrinin etirazları, Ermənistanla sərhədlərin açılması məsələsinə münasibətimiz o günlərin siyasi atmosferinin bir hissəsi idi.


Bizim mövqeyimiz nə Türkiyə dövlətinə, nə də türk xalqına qarşı idi. Əksinə, biz Türkiyəni özümüzdən ayrı görmədiyimiz üçün narahatlığımızı açıq ifadə edirdik.

Çünki qardaşlıq yalnız xoş günlərdə bir-birinin yanında dayanmaq deyil, çətin zamanlarda da həqiqəti söyləmək, bir-birinin milli həssasiyyətlərinə hörmət etmək bacarığıdır.


Aradan illər keçib. Siyasi şərait, qüvvələr nisbəti, hadisələrin iştirakçıları dəyişib. Lakin bu gün bəzi radikal dini çevrələrin Azərbaycan dövlətinə, onun dünyəvi konstitusion quruluşuna və dövlət rəhbərliyinə qarşı səsləndirdiyi fikirləri eşidəndə həmin illər yenidən gözlərim önündə canlanır.


Dini inanc hər bir insanın mənəvi haqqıdır. Lakin dini dəyərlərdən başqa bir dövlətin daxili işlərinə müdaxilə etmək, onun siyasi quruluşunu hədəfə almaq və iki qardaş xalq arasında qarşıdurma yaratmaq vasitəsi kimi istifadə olunması qəbuledilməzdir.


Mən yaxşı xatırlayıram ki, hələ Ulu Öndər Heydər Əliyevin dövründə Türkiyədəki bəzi marginal qruplar Azərbaycan dövlətinin rəhbərliyinə qarşı hörmətsiz münasibət sərgiləyəndə buna açıq etiraz edirdik. O zaman da deyirdik ki, Azərbaycan Prezidentinə qarşı təhqiramiz ifadələr işlətmək heç kimin haqqı deyil.


Bu gün də həmin prinsipial mövqedəyəm.

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına səsləndirilən təhqirləri qəbul etmirəm. Siyasi fikir ayrılığı, tənqid və müzakirə demokratik cəmiyyətin təbii xüsusiyyətləridir. Lakin tənqidlə təhqir arasında ciddi mənəvi və siyasi sərhəd var.


İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Qarabağ Zəfərinə rəhbərlik etmiş dövlət başçısıdır. Bu tarixi hadisənin Azərbaycan xalqının yaddaşında tutduğu yeri, onun milli qürurumuz üçün əhəmiyyətini heç kim görməzdən gələ bilməz.

Əsrlər boyu torpaq itkiləri, müharibələr, işğallar və ağır tarixi sınaqlarla üzləşmiş bir xalqın öz torpaqlarına qovuşması yalnız hərbi-siyasi hadisə deyil, həm də milli mənəviyyatın, tarixi ədalət duyğusunun və gələcəyə inamın bərpasıdır.


Mənim üçün Qarabağ Zəfərinin mənası məhz budur. Bu Zəfərə rəhbərlik etmiş Azərbaycan Prezidentinə qarşı təhqiramiz münasibət sərgilənməsini xalqımızın tarixi həssasiyyətlərinə hörmətsizlik hesab edirəm.

Eyni zamanda, Azərbaycanda da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrin işlədilməsini doğru saymıram. Dövlət başçıları siyasi baxımdan tənqid oluna bilərlər, lakin bu, xalqların qarşılıqlı hörmətinə və qardaşlıq münasibətlərinə xələl gətirməməlidir.


Son hadisələr fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparması, Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbriklərini çatdırması və iki ölkə arasında əməkdaşlığın davamına dair mesajlar verməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır.

Mən bu addımı iki dövlət arasında siyasi dialoqun və qarşılıqlı hörmətin vacibliyini göstərən hadisə kimi qiymətləndirirəm.

Azərbaycan Prezidentinə qarşı hörmətsiz ifadələri ilə gündəmə gəlmiş müşavirin vəzifəsindən uzaqlaşdırılması barədə məlumatlar da bu kontekstdə diqqətimi çəkdi. Belə məsələlərdə əsas prinsip dövlətlərarası münasibətlərin şəxsi bəyanatların və emosional qarşıdurmaların fövqündə dayanmasıdır.


Türkiyə dövlətinin siyasi rəhbərliyi ilə yanaşı, müxtəlif siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının və ziyalıların Azərbaycanla münasibətlərə verdiyi önəmi də xüsusi qeyd etmək istəyirəm.


Bu baxımdan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin Azərbaycanla bağlı məsələlərdə nümayiş etdirdiyi mövqe mənim yaddaşımda ayrıca yer tutur. Onun Qarabağ məsələsində və türk dünyasının birliyi mövzusunda səsləndirdiyi fikirlər Türkiyədə Azərbaycana münasibətin yalnız hakimiyyət və müxalifət çərçivəsində qiymətləndirilməməli olduğunu göstərir.


Burada türk dünyasına gənclik illərindən könül vermiş, Azərbaycan xalqının ağrılarını və milli həssasiyyətlərini yaxından tanıyan AK Parti sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr, professor Kürşad Zorlunu da xüsusi qeyd etmək istəyirəm.


Mən onun Azərbaycanla bağlı fəaliyyətinin hələ 2006-cı ildən şəxsən şahidiyəm. O illərdə Azərbaycana gələrək çalışdığı televiziya kanalında Qarabağın işğalı, Xocalı faciəsi və xalqımızın yaşadığı ağır hadisələr haqqında proqramlar hazırlamasını yaxşı xatırlayıram. Kürşad Zorlunun türk dünyasına bağlılığı mənim üçün yalnız bugünkü siyasi vəzifəsi ilə bağlı deyil. Onun bu sahədəki fəaliyyətini uzun illərdir müşahidə edirəm. Azərbaycan–Türkiyə qardaşlığına və bütövlükdə türk dünyasının birliyinə verdiyi töhfələrə görə ona səmimi təşəkkürümü bildirirəm.


Mən Türkiyədəki vətəndaş cəmiyyəti nümayəndələri ilə apardığımız müzakirələrdə də bunun şahidi oluram. Fərqli siyasi mövqelərə malik insanların böyük bir hissəsi Azərbaycanın suverenliyinə, dövlət müstəqilliyinə və daxili işlərinə qarışılmaması prinsipinə hörmətlə yanaşır.


Çünki Azərbaycan–Türkiyə münasibətləri hansısa siyasi partiyanın, dini qrupun, ayrı-ayrı məmurların və ya ideoloji çevrələrin mülkiyyəti deyil. Bu münasibətlər iki xalqın ortaq tarixi sərvətidir.

Bu sərvətin təməlində ortaq dilimiz, mədəniyyətimiz, milli yaddaşımız, mənəvi dəyərlərimiz və əsrlərin sınağından keçmiş qardaşlıq dayanır.

Biz tarix boyu yalnız sevinclərimizi deyil, faciələrimizi də bölüşmüşük. Çanaqqalada, Bakının azadlığı uğrunda mübarizədə, Azərbaycanın müstəqillik yolunda, Qarabağın ağır günlərində və böyük Zəfərimizdə bu mənəvi yaxınlığın izləri vardır.


1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişindən 2020-ci ilin Qarabağ Zəfərinə qədər uzanan tarix bizə bir həqiqəti xatırladır: Azərbaycan və Türkiyə arasındakı bağlar yalnız diplomatik sənədlərlə yaranmayıb.

Bu bağlar xalqların yaddaşında, ailələrin xatirələrində, şəhid məzarlarında, ortaq sevinclərdə və ortaq kədərlərdə yaşayır.


Mən illər öncə də bu münasibətlərin müdafiəsində dayanmışam. Bu gün də eyni düşüncədəyəm. Sabah da prinsipim dəyişməyəcək.

Çünki mənim üçün Türkiyə–Azərbaycan qardaşlığı gündəlik siyasətin mövzusu deyil, həyatımın böyük bir hissəsini həsr etdiyim mənəvi amaldır.


Biz iki ayrı dövlətik, hər birimizin öz suverenliyi, milli maraqları, konstitusion quruluşu və dövlətçilik ənənələri var. Bu həqiqətə qarşılıqlı hörmət qardaşlığımızı zəiflətmir, əksinə, daha da möhkəmləndirir.

Heç bir tərəf digərinin daxili işlərinə müdaxilə etməməli, heç bir siyasi və dini çevrə öz maraqlarını iki xalqın münasibətlərindən üstün tutmamalıdır.


Unutmayaq ki, dövlətlər arasında müəyyən fikir ayrılıqları yarana bilər. Siyasi proseslər dəyişə, müvəqqəti gərginliklər yaşana bilər. Lakin bunlar əsrlərin dərinliyindən gələn qardaşlıq bağlarını inkar etmək üçün əsas ola bilməz.

Biz sadəcə iki dost dövlət deyilik. Biz ortaq tarixin, ortaq mənəviyyatın, ortaq dilin və ortaq milli yaddaşın birləşdirdiyi, bir millətin iki dövlətik.


Bizi birləşdirən yalnız bugünkü siyasi maraqlar deyil. Bizi birləşdirən babalarımızın mirası, analarımızın duaları, şəhidlərimizin xatirəsi və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətdir.

Ona görə də Azərbaycanla Türkiyənin arasına nifaq salmaq istəyənlər bir həqiqəti anlamalıdırlar: bu qardaşlıq bir gündə yaranmayıb ki, bir gündə də dağılsın.

Tarix bizi dəfələrlə sınayıb. Bəzən yollarımız ayrılıb, bəzən ağır siyasi şərtlər bizi bir-birimizdən uzaq salıb. Amma ürəklərimizdəki yaxınlığı, milli yaddaşımızdakı birliyi heç bir qüvvə silə bilməyib.


Mən inanıram ki, bu gün yaşanan gərginliklər də keçəcək. Əsas olan bu hadisələrdən nəticə çıxarmaq, qarşılıqlı hörməti qorumaq və qardaşlığımızı gələcək nəsillərə daha sağlam şəkildə ötürməkdir.

Və sonda bir fikrimi bütün səmimiyyətimlə ifadə etmək istəyirəm:

Azərbaycan Türkiyənin, Türkiyə Azərbaycanın sadəcə qonşusu və müttəfiqi deyil. Biz bir babanın iki övladı, eyni tarixin iki yadigarı, eyni mənəvi kökün iki qoluyuq.


Bizi ayırmağa çalışanlar ola bilər. Amma bizi birləşdirən tarix onlardan daha qədim, mənəvi bağlarımız onların siyasi hesablarından daha güclüdür.Bu qardaşlıq nə dünən başlayıb, nə də sabah bitəcək.

Var olsun Azərbaycan!

Var olsun Türkiyə!

Əbədi yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar