Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı general Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Tehrana gələrək, bir sıra İran rəsmiləri ilə təmasda olublar.
"Bakupost" xəbər verir ki, bu barədə “Daneshjoo” agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən ölkələrin rəsmiləri İran Prezidenti Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının katibilə görüşüblər.
Konfliktoloq Azər Hüseynov
“Bakupost”a bildirib ki, “Məkkə Paktı”na üzv ölkə rəsmilərinin İrana səfərinin məqsədlərindən biri, Tehranla birbaşa qarşıdurmadan yayınmaq və mövcud problemləri diplomatik yollarla həll etməkdir:
“Hər nə qədər “Məkkə Paktı” çərçivəsində müəyyən siyasi və hərbi əməkdaşlıq imkanları mövcud olsa da, onun praktik müstəvidə tətbiqi kifayət qədər mürəkkəb məsələdir. Çünki Səudiyyə Ərəbistanının maraqları naminə Türkiyənin və ya Pakistanın birbaşa hərbi münaqişəyə cəlb olunacağı bu dövlətlərin maraqlarına uyğun deyil. Eyni zamanda, belə bir qarşıdurmanın həmin ölkələrin öz milli maraqlarına nə dərəcədə uyğun gələcəyi də ciddi sual doğurur”.
Bu baxımdan, müsahibimiz sözügedən nümayəndələrin İranla danışıqlarının əsas istiqamətlərindən birinin Səudiyyə Ərəbistanla husilər arasında mövcud problemlərin həlli olduğunu düşünür:
“Yəmən məsələsi, husilərin bölgədəki mövqeləri və İranın bu qüvvələr üzərindəki təsiri Körfəz ölkələrinin təhlükəsizlik maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, tərəflərin Körfəzdəki ümumi təhlükəsizlik vəziyyətini və regional münasibətləri müzakirə etməsi də mümkündür”.
Hər bir halda, ekspert bu səfəri diplomatik baxımdan əhəmiyyətli hadisə kimi qiymətləndirdi:
“Çünki regionda hərbi qarşıdurmanın genişlənməsi əvəzinə, tərəflərin birbaşa danışıqlara üstünlük verməsi problemlərin həlli üçün daha əlverişli şərait yarada bilər. Əlbəttə, diplomatik təmasların konkret nəticələr verib-verməyəcəyi ayrıca məsələdir. Lakin bölgədə davamlı sülhün təmin olunması üçün dialoq imkanlarından istifadə etmək, hərbi güc tətbiqindən daha məqsədəuyğun yanaşmadır”.
Rüfət Sultan,
BakuPost