Ru
14:15 / 27 Oktyabr 2026

Marketdə sürpriz təhlükə: Keyfiyyətsiz və zərərli məhsullar pərakəndə satışda necə qalır?

Marketdə sürpriz təhlükə: Keyfiyyətsiz və zərərli məhsullar pərakəndə satışda necə qalır?
Eye

Azərbaycanda satış məntəqələri, mağaza və marketlər mal və məhsullarla bol olsa da, heç də həmin məkanlarda satılan bütün məhsullar standartlara cavab vermir.

Müvafiq qurumların apardığı araşdırmalar da göstərir ki, bir sıra hallarda həmin məkanlarda insan sağlamlığına təhlükə yaradan məhsullara da rast gəlmək mümkündür. Hansı ki, belə təhlükəli məhsullar aşkarlanaraq, bazardan yığışdırılmalı, dövriyyədən çıxarılmalı və məhv edilməlidir.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakupost”a bildirib ki, Azərbaycanda insan sağlamlığı üçün təhlükəli məhsulların bazardan geri çağırılması və dövriyyədən çıxarılması mexanizmi mövcuddur. Müsahibimizin fikrincə, burada əsas məsələ təkcə təhlükəli məhsulun aşkarlanması deyil, onun satışının dayandırılmasından sonra bütün satış nöqtələrindən, anbarlardan və təchizat zəncirindən tam yığışdırılmasıdır:

“Məhsulun bir mağazadan götürülməsi onun başqa mağazalarda, kiçik ticarət obyektlərində və ya onlayn satış kanallarında qalmadığına zəmanət vermir”.

Ekspertə görə, bu sahədə ən mühüm problemlərdən biri nəzarətin bütün ticarət şəbəkəsini əhatə etməsinin çətinliyidir: “Məhsulun idxalçıdan topdansatış şirkətinə, oradan pərakəndə satıcıya qədər hərəkətini izləmək mümkün olmadıqda təhlükəli malların harada və hansı həcmdə qaldığını müəyyənləşdirmək çətinləşir. Xüsusilə mənşəyi və sənədləri aydın olmayan məhsullar, kiçik ticarət obyektləri və qeyri-rəsmi satış kanalları əlavə risk yaradır”.

Həmsöhbətimizin sözlərinə görə, burada əsas məsələ qanunların mövcudluğundan daha çox, onların icrasının nəticələrinin nə dərəcədə izlənilməsidir:

“Qanunvericilik baxımından bu sahədə mexanizm müəyyən edilib. "Qida təhlükəsizliyi haqqında" Qanun təhlükəli qida və yem məhsullarının geri çağırılmasını, yığışdırılmasını, utilizasiyasını və ya məhv edilməsini nəzərdə tutur. Bu məhsulların daşınması, saxlanması və məhv edilməsi ilə bağlı xərclər də məhsula cavabdeh olan sahibkarların vəsaiti hesabına ödənilməlidir.

Təhlükəli məhsulun geri çağırılması barədə qərar verildikdə onun hansı həcmdə bazara daxil olduğu, nə qədərinin satışdan çıxarıldığı, nə qədərinin istehlakçılardan geri alındığı və qalan hissəsinin taleyinin necə həll edildiyi dəqiq müəyyənləşdirilməlidir. Bu göstəricilər üzrə açıq və müntəzəm hesabatlılıq olmadan sistemin nə dərəcədə effektiv işlədiyini tam qiymətləndirmək çətindir”.
İqtisadçı problemin həllinə gəldikdə, təklif edir ki, ilk növbədə məhsulların istehsalçıdan və ya idxalçıdan son satış nöqtəsinədək izlənməsi gücləndirilsin:

“Təhlükəli məhsul aşkarlananda onun adı, markası, partiya nömrəsi, istehsal tarixi və satışdan çıxarılma səbəbi barədə ictimaiyyətə operativ məlumat verilməlidir. Satış şəbəkələri həmin məhsulların geri çağırılması barədə məlumatı dərhal almalı, icra vəziyyəti isə təkrar yoxlamalarla təsdiqlənməlidir. Elektron izləmə sisteminin qurulması və istehlakçıların məhsulun təhlükəsizliyini yoxlaya bilməsi də bu baxımdan əhəmiyyətlidir”.

Nəsirli hesab edir ki, təhlükəli məhsulu gizlədən, geri çağırılma qərarını icra etməyən və ya onu yenidən satışa çıxaran sahibkarlara qarşı məsuliyyətin tətbiqi də təmin edilməlidir:

“Eyni zamanda, məhsulun sadəcə satışdan götürülməsi kifayət sayılmamalı, onun təhlükəsiz şəkildə saxlanması, daşınması və utilizasiyası və ya məhv edilməsi sonadək nəzarətdə saxlanılmalıdır.

Əsas məqsəd təhlükəli məhsul aşkarlanandan sonra reaksiya verməklə kifayətlənməmək, onun istehlakçıya çatmasının qarşısını almaqdır. Təhlükəli malların dövriyyədən tam çıxarılması yalnız bu mərhələlərin hər biri real nəticə ilə təsdiqləndikdə mümkün ola bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar