ABŞ Prezident Donald Tramp hər çıxışında “İran bizimlə danışıqlar aparmaq istəyir”, hətta “danışıqlar üçün bizə yalvarırlar” kimi ifadələr işlətsə də, qarşı tərəf Vaşinqtonla heç bir dialoqun olmadığını vurğulayır. Tərəflərin masada oturduqlarına dair məlumat yoxdur. Halbuki bir neçə dövlət, o cümlədən Türkiyə və Pakistan vasitəçilik təşəbbüsləriylə çıxış edib.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin ərazisində görüşlər təşkil edə biləcəyini açıqlayıb:
“Ancaq Vaşinqton və Tehran Şahbaz Şərifin təklifinə müsbət reaksiya verməyib. Bunun əvəzinə Pakistanda bu ölkənin, o cümlədən Türkiyə, Ərəbistan və Misir xarici işlər nazirlərinin görüşü planlaşdırılıb (Görüş 30 martda İslamabadda olacaq - red.).
Bu 4 dövlət müharibəni dayandırmaq üçün müzakirələr aparacaqlar. Ancaq bu müzakirələrin də müharibə aparan tərəfləri masaya oturmağa sövq edəcəyini söyləmək çətindir.
Məsələni qəlizləşdirən Pakistanın özünün də Əfqanıstanla münaqişə içərisində olmasıdır. Türkiyə bu iki dövlət arasında bir neçə dəfə vasitəçilik etsə də, gərginlik azalmayıb. İki ölkə arasında silahlı toqquşmalara ara verilsə də, İslamabadla Kabil arasındakı mübahisəli məsələlər həll olunmayıb.
Digər tərəfdən İslamabad Səudiyyə Ərəbistanının strateji müttəfiqidir və İranın bu ölkəyə qarşı raket zərbələrini qətiyyətlə pisləyib. Yəni Vaşinqton hansısa məqamda İslamabadınn vasitəçiliyini qəbul etsə belə, Tehranın müzakirələrin Pakistanda həyata keçirilməsinə razılaşacağı sual altındadır.
Yaxın Şərqdəki müharibələr müxtəlif dövlətləri hərbi xərcləri artırmağa vadar edib. Bu arada, Pakistanın rəqibi Hindistan Rusiyadan yeni S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünü də əhatə edən təxminən 25 milyard dollar dəyərində hərbi satınalma planını təsdiqləyib. Maraqlıdır ki, Hindistan Fransanın “Rafael” qırıcı təyyarələrinin, o cümlədən “Boinq P-8I” kəşfiyyat təyyarələrinin alınması üçün 40 milyard dollar dəyərində sazişi də təsqiqləyib. Buna baxmayaraq, Hindistan Rusiyadan hava müdafiə sistemləri ilə yanaşı, bu ölkədən pilotsuz uçuş aparatları almağı da planlaşdırır. Eyni ilə Çin də həm hərbi büdcəsini artırır, həm də hərbi texnika istehsalını modernləşdirməyə çalışır”.
Asena,
BakuPost