Ərdoğan və Putin görüşündən dərhal sonra məlum oldu ki, Ermənistan baş naziri təcilli olaraq Rusiyaya gedir. Çünki söhbət Rusiya və Türkiyənin iştirakı ilə bölgədə yeni geosiyasi prosesin və konfiqurasiyanın formalaşmasından gedir.
Bunu
Bakupost.az -a
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Putin və Paşinyan görüşünü şərh edərkən bildirib.
Politoloq vurğulayıb ki, Ermənistan rəhbəri İran, Rusiya eyni zamanda qərbdəki bəzi dairələrdən asılı olduğundan onun manevr imkanları kifayət qədər dardır:
“Son zamanlar Zəngəzur istiqamətində və bölgədəki yeni kommunikasiyalarla bağlı İranın maneçilik törətdiklərinin də şahidiyik. Ard-arda İran və Ermənistan Xarici İşlər nazirləri arasında görüş oldu. İranın Ermənistandakı səfiri İrəvanda rəsmilərlə görüşdü”.
Politoloq qeyd edib ki, burada Moskva və Tehran arasında fikirlərin toqquşmasından söhbət gedir:
“Rusiya heç bir vəchlə İranı Cənubi Qafqaza buraxmaq niyyətində deyil və 200 il əvvəl başladığı Cənubi Qafqazdakı geosiyasi davranışını bundan sonra da İransız davam etdirmək istəyir.
Bu görüşdə Rusiya prezidenti Ermənistana nələrin etməli olduğu ilə bağlı yol xəritəsini bir daha göstərmiş olacaq. Söhbət kommunikasiyaların açılmasından və digər məsələlərdən gedir. İran Ermənistanla aralarında səddin olmasından qorxur. Bu, İranın istəyib-istəməməsindən asılı olmayaraq və bu sədd olacaq”.
Politoloq vurğulayıb ki, Araz çayı fars və erməni xalqlarını birləşdirən körpü deyil. Araz çayı yalnız Azərbaycan və İran arasında körpü rolunu oynayacaqdır:
“Digər məsələ təbii ki, üçtərəfli bəyənatın müddəalarını yerinə yetirilməsi, Azərbaycan və Ermənistan liderləri arasında yeni görüşün hazırlıqlarının başlaması da ola bilər. Son hadisələr bir daha göstərdi ki, Moskva və Tehran arasında Cənubi Qafqazla bağlı fikir ayrılıqları kifayət qədər fundamental mahiyyət daşıyır.
Rusiya, bu məsələlərdə İranın tərəfində olsaydı, Azərbaycan faktiki olaraq həm şimaldan, həm də cənubdan Zəngəzurla bağlı təklənmiş olardı.
Artıq yeni reallığa əsasən, məhz Azərbaycanın istəklərini bütün tərəflər mütləq şəkildə nəzərə almalıdır. Əgər hansısa tərəf bizim maraqlarımızı qulaqardına vurarsa, bu həmin ölkənin çıxarılması ilə nəticələnə bilər. İndiki Azərbaycan və İran arasında proseslər ,bizim onlara təqdim etdiyimiz əməkdaşlıqdan Tehranın imtina etməsi və konfrontasiya siyasətinə üstünlük verməsini göstərir. Ümid edək ki, yaxın vaxtlarda situasiyanın normallaşacağının şahidi olacağıq”.
Fəridə Söhrabqızı
Baku Post