Ru
12:59 / 12 Oktyabr 2026

Pensiyalarla bağlı yenilik: Fərdi hesaba yönələn 5 faiz nəyi dəyişəcək?

Pensiyalarla bağlı yenilik: Fərdi hesaba yönələn  5 faiz nəyi dəyişəcək?
Eye

Azərbaycanda əməkhaqqılarından Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsaitin fərdi hesaba köçən hissəsinin 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur.

“Bakupost” xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyin məqsədinin həssas qrupların sosial təminatı sisteminin gücləndirilməsi üçün ehtiyatın artımına şərait yaradılması olduğu bildirilir.

Sözügedən dəyişikliyin şəxsin pensiya kapitalının formalaşmasına və gələcək pensiya məbləğinə təsiri ola bilərmi və olacaqsa hansı formada?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakupost”a bildirib ki, əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsaitin fərdi hesaba yönəldilən hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklifi vətəndaşların pensiya kapitalının formalaşmasına və gələcək pensiya təminatına təsir göstərə bilər:

“Çünki fərdi hesabda toplanan pensiya kapitalı əmək pensiyasının məbləğinin müəyyən edilməsində əsas amillərdən biridir”.

İqtisadçı deyir ki, sosial sığorta haqlarının daha az hissəsi fərdi hesaba köçürülərsə, digər şərtlər dəyişmədiyi halda, şəxsin fərdi hesabında toplanan kapitalın artım tempi zəifləyə bilər:

“Bu isə uzunmüddətli perspektivdə gələcək pensiyanın məbləğinə təsir göstərmək potensialına malikdir”.

Müsahibimizin sözlərinə görə, burada əsas məsələ fərdi hesaba yönəldilməyən 5 faizlik hissənin hansı məqsədlə istifadə olunacağıdır:

“Əgər həmin vəsait pensiya sisteminin ümumi maliyyə dayanıqlığının təmin edilməsinə, hazırda pensiya alan şəxslərin ödənişlərinin maliyyələşdirilməsinə və sistemin digər öhdəliklərinin qarşılanmasına yönəldiləcəksə, bu, dövlətin həm indiki, həm də gələcək pensiya öhdəlikləri arasında maliyyə bölgüsünü dəyişmək cəhdi kimi qiymətləndirilə bilər. Bununla belə, belə bölgünün vətəndaşların fərdi pensiya hüquqlarına konkret təsiri qanunvericilikdə nəzərdə tutulan mexanizmdən asılı olacaq”.

İqtisadçının fikrincə, dəyişikliyin gələcək pensiyalara təsirini qiymətləndirmək üçün yalnız fərdi hesaba köçürülən faizə deyil, sosial sığorta haqlarının ümumi məbləğinə, əməkhaqqının artımına, sığorta stajına və pensiya kapitalının indeksləşdirilməsi qaydalarına da baxmaq lazımdır:

“Fərdi hesaba yönəldilən vəsaitin azalması başqa mexanizmlə kompensasiya edilməzsə, uzun müddət işləyən və əməkhaqqından müntəzəm sosial sığorta haqqı ödənilən şəxslərin topladığı kapital əvvəlki mexanizmlə müqayisədə daha az ola bilər. Bununla belə, gələcək pensiyanın konkret nə qədər azalacağını yalnız qanun dəyişikliyinin yekun mexanizmi və fərdi hesablamalar əsasında müəyyən etmək mümkündür.

Digər tərəfdən, bu dəyişiklik pensiya sisteminin ümumi maliyyə dayanıqlığını gücləndirmək məqsədi daşıyırsa, onun nəticələri yalnız fərdi kapitalın azalması ilə məhdudlaşmaya bilər. Ümumi fonda daha çox vəsaitin qalması cari pensiya ödənişlərinin maliyyələşdirilməsinə kömək edə bilər. Ancaq bunun uzunmüddətli səmərəsi üçün vəsaitlərin necə bölüşdürüləcəyi, sistemin gəlir və xərclərinin hansı səviyyədə olacağı və gələcək pensiya öhdəliklərinin necə qarşılanacağı aydın şəkildə əsaslandırılmalıdır”.
Müsahibimiz hesab edir ki, burada əsas məsələ fərdi pensiya kapitalının azalması ehtimalı ilə pensiya sisteminin ümumi maliyyə dayanıqlığı arasında balansın qorunmasıdır:

“Dəyişiklik qəbul ediləcəksə, vətəndaşlara onun fərdi hesablarına, gələcək pensiyalarına və artıq toplanmış kapitala təsiri barədə aydın məlumat verilməli, xüsusilə uzunmüddətli sosial sığorta ödənişləri edən şəxslərin pensiya hüquqlarının qorunması təmin olunmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar