Rusiyanın Böyük Savino aeroportunda Bakı istiqamətinə həyata keçirilməli olan beynəlxalq reys ciddi gecikmə ilə üzləşib. Hadisə Azərbaycanla hava əlaqələrinə birbaşa təsir göstərib.
Bakupost.az “KP.ru”ya istinadən xəbər verir ki, “İrAero” aviaşirkətinə məxsus Perm–Bakı reysi (IO-483) martın 28-də planlaşdırılan vaxtda havaya qalxa bilməyib. Uçuş texniki nasazlıq səbəbindən təxminən bir sutka gecikərək martın 29-na keçirilib.
Gecikmə təkcə Bakı istiqaməti ilə məhdudlaşmayıb. Eyni zamanda, Permdən Misirin kurort şəhəri Şarm əl-Şeyx istiqamətinə olan reys də gecikib və martın 30-na təxirə salınıb. Zəncirvari gecikmə nəticəsində əks istiqamətdə – Şarm əl-Şeyx–Perm marşrutu üzrə FV-5970 saylı reysin də qrafiki dəyişdirilib. Belə ki, həmin reysin gəlişi martın 29-u saat 15:20-dən martın 30-u saat 13:30-a keçirilib.
Sərnişinlər uzun müddət gözləməli olub. Aviaşirkət gecikmə ilə bağlı onları hotelə yerləşdirib. Hadisəyə görə Perm nəqliyyat prokurorluğu yoxlamaya başlayıb və sərnişin hüquqlarının qorunması nəzarətə götürülüb.
Rəsmi açıqlamalara əsasən, aeroportda ümumi uçuş məhdudiyyəti tətbiq olunmayıb. Bununla belə, həmin gün digər reyslərdə də gecikmələrin qeydə alındığı bildirilir.
Qeyd edək ki, Perm–Bakı reysi Azərbaycanla Rusiya arasında mühüm hava bağlantılarından biri hesab olunur və bu cür gecikmələr sərnişin axınına və planlaşdırılmış səfərlərə birbaşa təsir edir.
Cavid, BakuPost