Ru
22:35 / 21 Aprel 2019

Politoloq Zelenskinin daxili və xarici siyasətini şərh etdi

1815
Vladimir
Zelenskiy Ukraynanın prezidenti seçildi. Bu gözlənilən idi. Bütün rəy sorğuları
seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi.

 

BakuPost.azxəbər verir ki, politoloq Elxan Şahinoğlu Zelenskinin daxili
və xarici siyasətini şərh edib.
 

 

Petro Poroşenko
niyə məğlub oldu?
 

 

Petro Poroşenko
prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi. Krım artıq
ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal olunmuşdu. Bundan başqa ordu və
təhlükəsizlik sistemi dağılmışdı. Çünki, keçmiş prezident Viktor Yanukoviçin
dövründə Ukrayna ordusunun və təhlükəsizlik isteminin idarəetməsi Rusiya
kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də
təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk
işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır
əziyyətlə nail oldu.
 
Buna baxmayaraq,
Petro Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə
bilmədi, milli pul vahidi dəyərdən düşdü. Ukraynanın borcları artdı, dağılmış
sənayeni bərpa etmək mümkün olmadı. Petro Poroşenkonun dövründə Ukraynanı tərk
edənlərin də sayı artdı. Bundan başqa yeni qurulan Ukrayna ordusu Donbasda ağır
məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ağır itkilər verdi.
Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə
də bu onun imkanı xaricində idi. Çünki birincisi özü də oliqarxdır və əlindəki
maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi Ukraynada oliqarxik sistem
müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin
belə imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan
hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir
etdi.

 

 
 
Vladimir
Zelenskiy niyə qələbə çaldı?

 

 
 
Zelenskiy artist
və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb. Zelenskinin yeganə
üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil.
Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən
beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar
yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko
rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda
fərqi aradan qaldıracaq. Alınmadı. Əksinə artist debatda Poroşenkonu zəif
nöqtələrdən vurdu.

 

 
 
Bundan sonra nə
baş verəcək? Zelenskinin daxili və xarici siyasəti necə olacaq?

 

 
 
Birincisi,
Vladimir Zelenskiy oliqarxik sistemi dəyişə bilməyəcək. Bu onun əlində deyil.
Əksinə Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən
qayıdıb yenidən "iş başına” keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar.

 

 

İkincisi,
Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar
investisiyalara ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə
instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst
siyasətinə rəğmən, istədiyi investitiyaları ala bilmədi. Zelenskiy isə Qərb
üçün qara qutudur. Digər tərəfdən Zelenskinin iqtisadi proqramı haqqında da
məlumat yoxdur.

 

 

Üçüncüsü,
Vladimir Zelenskinin Krım və Donbass siyasəti bəlli deyil. Əlbəttə, Zelenskiy
Krımın ilhaqını və Donbassın işğalını qəbul etmir. Ancaq Zelenski Poroşenkonun
Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Məsələn, Rusiya
prezidenti Vladimir Putin Vladimir Zelenskiy ilə görüşmək istəyə bilər. Əgər
Zelenski Putinin təklifinə müsbət yanaşsa iki hadisə baş verəcək. Ukrayna
millətçiləri küçələrə axışacaq və ölkədə növbəti qarşıdurma yaranacaq. Bundan
başqa Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində
ciddi korrektəyə səbəb olacaq ki, Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı
bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir.
Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa Qərbin Rusiyaya
qarşı sanksiyalarının aktuallığı azalacaq. Bu bir sıra Avropa dövlətinin də
arzusudur. O da aydındır ki, Vladimir Zelenskiy torpaqları güc yolu ilə geri
qaytarmağa hazır deyil. Zelenskiy müharibə istəmir. Prezidentin bu zəifliyi
orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq.

 

 

Dördüncüsü,
Vladimir Zelenskiy Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə
bağlı fərqli siyasət yürüdə bilər. Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı
idi. Zelenski NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə
olacaq.

 

 

Beşincisi,
Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə
fraksiyasının olmamasıdır. Ukranyada oktyabr ayında parlament seçkisi
keçiriləcək. Zelenski oktaybra qədər hazırki yüksək reytinqini qoruya bilsə,
rəhbəri olduğu "Xalqın xidmətçisi” hərəkatını parlamentdə yüksək təmsilçiyini
təmin edəcək. Ancaq ona qədər Ukraynada proseslər tərs də gedə bilər. Ukrayna
xalqının hər dəfə seçdiyi prezidentlərdən gözləntiləri böyük olduğu kimi
onlardan üz döndərmələri də uzun çəkmir. Bunu Ukraynanın yaxın tarixdə
örnəkləri az deyil. Zelenskiy siyasətçi olmayan üstünlüyü onun əleyhinə çevrilə
bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların
yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı
parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarını və
siyasi qruplarıın təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub.

 

 
Biz Zelenskinin
Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətindəyik. Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın
Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında
yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət
münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko
Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər
qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu
Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də
anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar.
Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil
etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının
Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər