Ru
21:09 / 08 Oktyabr 2019

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”

3132
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin".

BakuPost-un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı səsləndirib.



Dövlət başçısı deyib: “Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.


Dövlət başçısı qeyd edib ki, aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb: "Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Uzun illər evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir: “Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər