Ru
20:54 / 07 Yanvar 2026

Prezident İlham Əliyevin müsahibəsi: Azərbaycanın strateji istiqamətinin yeni geosiyasi mərhələdə təhlili

Prezident İlham Əliyevin müsahibəsi: Azərbaycanın strateji istiqamətinin yeni geosiyasi mərhələdə təhlili
Eye

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə yalnız keçən ilin nəticələrini təqdim etməklə kifayətlənmir, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeni geosiyasi reallıqlar fonunda formalaşdırdığı strateji xətti və prioritetlərini aydın şəkildə nümayiş etdirir. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan artıq regional proseslərin obyektindən çıxaraq qlobal gündəmin formalaşmasında fəal iştirak edir. Bu baxımdan müsahibə yalnız informativ xarakter daşımır, həm də konseptual strateji baxışın əyani təzahürüdür.

Azərbaycan-Amerika münasibətləri kontekstində 2025-ci il strateji dönüş ili kimi qiymətləndirilə bilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra, ABŞ ilə münasibətlər üzərində uzun müddət mənfur 907-ci düzəlişin kölgəsi mövcud olmuşdur. Bu düzəliş, xüsusilə Ermənistan-Azərbaycan müharibəsi dövründə, ABŞ-dakı anti-Azərbaycan qüvvələrinin təsiri ilə Azərbaycan üçün ciddi məhdudiyyətlər yaratmışdır. Lakin 2025-ci ildə bu məhdudiyyətlər artıq aradan qalxmışdır. Bu, iki əsas amillə izah olunur: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmi şəkildə başa çatması; ikincisi, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlməsi. Yeni administrasiya Azərbaycan kimi bölgədə nüfuz və potensiala malik ölkə ilə əməkdaşlığın əhəmiyyətini qəbul etmiş, praqmatik və strateji yanaşma nümayiş etdirmişdir. Ağ Evdə Prezident Trampın 907-ci düzəlişlə bağlı simvolik addımı, Azərbaycan-Amerika münasibətlərində yeni bir mərhələnin başladığını nümayiş etdirir. Bu, diplomatik əməkdaşlığın emosional deyil, nəticəyə əsaslanan praqmatik müstəvidə qurulduğunu göstərir.



Azərbaycanın Çinlə strateji tərəfdaşlığı da müsahibədə xüsusi yer tutur. Çinə qarşı əmtəə dövriyyəsi 4 milyard dolları aşmış, bərpaolunan enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq genişlənmişdir. Bu, Azərbaycanın regional və qlobal nəqliyyat dəhlizlərindəki rolunu gücləndirir. Çin ilə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq bəyannamələri Azərbaycan-Çin ikitərəfli münasibətlərinin strateji və iqtisadi əsaslarını möhkəmləndirir, həmçinin ölkənin Şərq-Qərb marşrutları üzərində geosiyasi rolunu artırır. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiyanı Qərblə birləşdirən etibarlı coğrafi və siyasi körpü kimi çıxış edir, bununla da həm regional, həm də qlobal layihələrin icrasında önəmli rol oynayır.

Müsahibədə həmçinin, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı qeyd olunur. Azərbaycan Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmiş, C5 formatından C6-a çevrilmə prosesində iştirak etmişdir. Bu, coğrafi baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə sıx inteqrasiya və çoxsaylı iqtisadi, enerji və nəqliyyat layihələrində fəal iştirakını göstərir. Beləliklə, Azərbaycan regionun geosiyasi xəritəsində həm Qərb, həm də Şərq ilə etibarlı və strateji tərəfdaş kimi çıxış edir.

Dilin qorunması məsələsi isə müsahibədə xüsusi vurğulanır və milli kimliyin, mədəni irsin və dövlətçiliyin qorunması baxımından strateji amil kimi qiymətləndirilir. Dil yalnız kommunikasiya vasitəsi deyil; o, həm də milli identitetin, ictimai həmrəyliyin və mədəni irsin qorunmasının əsas şərtidir. Dövlətin təşəbbüsü ilə yaradılan onlayn Azərbaycan dili məktəbləri, xaricdə yaşayan azərbaycanlıların ana dilini öyrənməsini təmin edən mühüm platforma rolunu oynayır. Ana dilin qorunması həm də milli təhlükəsizlik və dövlətçilik baxımından əhəmiyyətlidir. Dilin qorunması və inkişafı Azərbaycan xalqının milli şüurunun, tarixi-mədəni yaddaşının və dövlətçilik institutlarının davamlılığının təminatı kimi çıxış edir.

Prezident cənab İlham Əliyevin müsahibəsi Azərbaycanın yeni geosiyasi mərhələdə hansı strateji prinsiplərlə fəaliyyət göstərdiyini aydın şəkildə nümayiş etdirir: praqmatizm, güc balansı, iqtisadi dayanıqlılıq, regional və qlobal əməkdaşlıq, həmçinin milli maraqlara sadiqlik. Diplomatik uğurlar, strateji tərəfdaşlıqlar, hərbi və iqtisadi inkişaf, nəqliyyat və enerji layihələrinin icrası, eyni zamanda dil və milli kimliyin qorunması ölkənin yeni geosiyasi mərhələdə etibarlı və proaktiv mövqeyini möhkəmləndirir. Bu müsahibə yalnız informativ çıxış deyil, qarşıdakı dövr üçün konseptual strateji yol xəritəsi kimi dəyərləndirilə bilər.


Könül Axundova
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar