Elm və təhsil naziri Emin Əmrullayev yerli mətbuata bildirib ki, valideynlərin məktəblərdə dərs yükünün ağır olması ilə bağlı narahatlıqlarına sadəcə dərs saatlarının sayı prizmasından yanaşmaq düzgün deyil.
Nazir deyib ki, dərs yükünün çox olduğu iddia edilirsə, ilk növbədə hansı fənlərin və ya mövzuların azaldılmasının nəzərdə tutulduğu aydınlaşdırılmalıdır.
Doğrudan da, dərs yükü çoxdursa, hansı fənlər və ya mövzuların azaldılmasına ehtiyac var?
Mövzu ilə bağlı
Bakupost.az-ın suallarını riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov cavablandırıb.
O bildirib ki, nazirin bu bəyanatı cəmiyyətdəki emosional narazılıqları rasional statik və struktur çərçivəyə salmaq cəhdidir:
“Bu mesajın arxasında 3 mühüm səbəb dayanır. Müəllimlərin əmək haqqı birbaşa onların tədris etdiyi dərs saatlarının sayına bağlıdır. Belədə, hansısa fənni tamamilə ləğv etmək və yaxud saatlarının azaldılması minlərlə müəllimin dərs yükünün, maaşının azaldılması, hətta onların işsiz qalması deməkdir. Nazir də bu açıqlaması ilə cəmiyyətə dərs yükünün azaldılmasının ciddi sosial-iqtisadi fəsadlarının olacağı mesajını verib”.
İ.Orucovun fikrincə, dərs yükünün azaldılması ilə şagirdlərin qlobal rəqabətə davamlılığı daha da aşağı düşə bilər:
“Rəqabət aparmaq üçün proqramların həcmi qlobal standartlara uyğun olmalıdır. Problemin kökü dərs yükünün sayında deyil, dərsliklərin dili, metodologiyası və akademik materialların ağır formada olmasındadır. Bu məsələdə həcmə fokuslanmalı deyilik. Daha çox tədrisə, məzmuna fokuslanmalıyıq. Yəni neçə saat öyrədirik yox, nəyi öyrədir, nəyi tədris edirik, bu önəmlidir”.
Ekspert düşünür ki, heç bir fundamental fənni sistemdən tamamilə çıxarmaq olmaz:
“Lakin məzmun optimallaşdırılması vacibdir, habelə informasiya yükü azaldılmaldır. İnternet və rəqəmsal texnologiyalar sayəsində istənilən faktı anındaca tapmaq kifayətdir. Lakin dərsliklərdə hələ də mexaniki yaddaş tələb olunur. Yüzlərlə xırda tarixlər, müqavilə bəndləri, faydalı qazıntı yataqlarının adlarının əzbərlədilməsi azaldılmalıdır. Əvəzində səbəb-nəticə əlaqələri, analitik təfəkkür ön plana çəkilməlidir. Orta məktəbdə Tibb Universitetinin proqramına yaxın həddən artıq dərin anotomik terminologiya verilir. Bu isə şagirdləri əzbərçiliyə sürükləyir. Gigiyena, sağlamlıq, ekoloji savadlılıq kimi mövzuları isə dərslikdən çıxarmaq olmaz”.
Ekspert düşünür ki, sadələşdirmə aparmaqla bəzi fənləri birləşdirmək mümkündür:
“Şagirdlərin gündəliyində fənlərin adının çox olması da onlarda psixoloji gərginlik yaradır. Elm və Təhsil Nazirliyinin ən yaxşı yanaşması olan sistem yanaşması tətbiqi böyük effekt verir. Bu yanaşma ilə yola çıxıb, fizika, kimya və biologiya fənləri üzrə bəzi nəzəri mövzuları vahid təbiət elmləri fənni altında birləşdirmək olar. İnformatika və rəqəmsal bacarıqlar fənni ayrıca nəzəri yük kimi deyil, digər fənlər daxilində tətbiqi formatda birləşdirilməlidir”.
Bunlardan başqa, İ.Orucov yuxarı siniflərdə profilləşməyə ehtiyac duyulduğunu deyir:
“X-XI siniflərdə şagird humanitar sahəyə yönəlirsə, ona triqonometriya və ya nüvə fizikası və ya texniki sahəyə yönəlirsə, dərin ədəbiyyat təhlili məcburi yük olmamalıdır. Ev tapşırıqları, BSQ və KSQ-lər də azaldılmalıdır. Dərs yükünün yarısı məhz bunlara yüklənir. Dərsliklər məsələsinə də mütləq şəkildə baxmalıyıq. Dərsliklər akademik dildən uşaq dilinə tərcümə edilməlidir. Bu günki dərsliklərə mənasız, heç bir məzmun ifadə etməyən, söz yığını olan şeirlər salınır. Mövzu daha sadə dildə, vizual və daha cəlbedici formatda təqdim edilməlidir ki, şagirdin yaddaşında ömürlük qalsın”.
Rüfət Sultan, BakuPost