Azərbaycanda idarə rəisi övladına karantin qaydalarına uyğun toy etdi.
"BakuPost"un məlumatına görə, bu barədə məlumatı millət vəkili Fazil Mustafa verib.
"Bu məmləkətdə insanların nə istədiyini təyin etməkdən çətin məsələ yoxdur. İndi diqqət yetirirəm ki, Respublika prokururluğunun idarə rəisi qız övladına geniş toy tədbiri yerinə məhdud bir ailəvi tədbir keçirib. Tamamilə karantin qaydalarına uyğun tədbir olub. Ailə üzvlərindən başqa kimsə olmayıb. Bəylə gəlin də birlikdə şəkil çəkdirib.
Azərbaycanda son 2 ayda bu cür mütəvazi toyların sayı yüzlərcədir. Başqa yolu da yoxdur, ailələr qurulmalı, gənclər xoşbəxtliyinə qovuşmalıdır".
Deputatın sözlərinə görə, buna baxmayaraq bəzi saytlarda yalandan təmtəraqlı məclis keçirilməsi haqqında məlumat yayılıb. "İstər vəzifəli şəxs olsun, istər də sadə insan, fərqi yoxdur, karantin qaydalarına zidd gəlməyən formada öz övlad toyunu keçirirlərsə, buna yaxşı mənada sevinmək lazımdır ki, epidemiyanın yayılmasına şərait yaratmırlar. Mən hələ düşünürəm ki, belə məclisləri evdə keçirərək sadəcə bəylə gəlinin adına ayrı-ayrılıqda hesab açılmalıdır ki, iştirak edə bilməyənlər istədikdə gənc ailəyə maddi dəstək də göstərə bilsinlər".
Xatırladaq ki, bu gün Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala Yevlax şəhərində yerləşən villasında toy mərasimi keçirməsi barədə məlumat yayılıb. Məlumata görə, karantin qaydalarına zidd olaraq mərasimdə çox sayda qonaq iştirak edib.
Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.
Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışır.
Lakin Vidadi İsayev bunun həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirdib. Onun sözlərinə görə, oğlu bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. "Nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib".