Ru
18:03 / 30 Sentyabr 2026

Pul köçürmələrində yeni qayda: 20 min manatlıq limit kimlərə tətbiq olunur?

Pul köçürmələrində yeni qayda: 20 min manatlıq limit kimlərə tətbiq olunur?
Eye

Oktyabrın 1-dən elektron pul köçürmələri ilə bağlı yeni qaydalar qüvvəyə minir. 20 min manatlıq hədd saxlanılsa da, artıq bu məbləğ bir təqvim ili üzrə hesablanacaq və müştərinin il ərzində həyata keçirdiyi elektron köçürmələr nəzərə alınacaq.

İqtisadçı Eldəniz Əmirov “Bakupost” a bildirib ki, 20 min manat vətəndaşların və ya sahibkarların pul köçürməsinə qoyulan limit deyil. Bu məbləğ maliyyə institutlarının Maliyyə Monitorinq Xidmətinə məlumat və sənəd təqdim etməli olduğu həddi ifadə edir.

Onun sözlərinə görə, əsas dəyişiklik 20 min manatlıq həddin artıq bir təqvim ili üzrə hesablanmasıdır. Bu yanaşma il ərzində həyata keçirilən elektron köçürmələrin daha bütöv şəkildə qiymətləndirilməsinə və maliyyə əməliyyatlarının izlənməsinin sistemləşdirilməsinə imkan verəcək.

E.Əmirov qeyd edib ki, yeni qayda vəsaitlərin hərəkətinin şəffaflığının artırılmasına, şübhəli maliyyə axınlarının müəyyənləşdirilməsinə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsinə xidmət edə bilər.

İqtisadçı bildirib ki, əvvəl nəzarətin ayrı-ayrı əməliyyatlar üzrə aparılması böyük həcmli vəsaitlərin çoxsaylı kiçik əməliyyatlara bölünməsi zamanı monitorinqi çətinləşdirə bilərdi. İllik yanaşma isə müştərinin əməliyyatlarının ümumi mənzərəsini görməyə imkan verəcək.

“Adi vətəndaşların gündəlik köçürmələri baxımından bunu ciddi məhdudiyyət kimi qiymətləndirmək doğru olmaz. Nə qədər insan var ki, bu məbləğdən çox vəsait köçürür?” – deyə E.Əmirov bildirib.

Onun sözlərinə görə, 20 min manatlıq həddin keçilməsi köçürmələrin avtomatik dayandırılması demək deyil. Əsas öhdəlik maliyyə institutlarının üzərinə düşür.

E.Əmirov qeyd edib ki, bank müştəridən əməliyyatın mahiyyəti, vəsaitin mənbəyi və ya təyinatı ilə bağlı əlavə sənəd tələb edə bilər. Xüsusilə il ərzində köçürmələrin həcmi artdıqda və ya əməliyyatlar müştərinin adi maliyyə profilindən fərqləndikdə belə sualların yaranması mümkündür. Lakin 20 min manat həddinin keçilməsi avtomatik olaraq hər bir müştərinin əlavə sənəd təqdim etməli olduğu anlamına gəlmir.

Sahibkarlıq subyektlərinə gəldikdə isə iqtisadçı bildirib ki, şəxsi və sahibkarlıq məqsədli maliyyə axınlarının bir-birindən ayrılması vacibdir. Davamlı kommersiya fəaliyyəti ilə məşğul olan sahibkarların təsərrüfat ödənişlərini şəxsi köçürmələr formasında həyata keçirməsi vergi intizamı baxımından suallar yarada bilər.

E.Əmirovun sözlərinə görə, yeni qaydanı pul köçürmələrinin məhdudlaşdırılması kimi deyil, maliyyə axınlarının daha şəffaf və izlənilə bilən formada təmin edilməsi kimi qiymətləndirmək lazımdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar