Bu günlərdə Cənubi Koreyada məhkəməsi gedən eks-prezident Yun Sok-yolun bioqrafiyasına nəzər salanda məşhur “mühakimə etmə, mühakimə olunma” nəsihətinin sanki onun üçün deyildiyi qənaətinə gəlmək olur.
Bakupost.az Müsavat.com -a istinadla xəbər verir ki, Yun Sok-yol ölkəsinin 13-cü prezidenti (10 may 2022 - 4 aprel 2025) olmazdan əvvəl Cənubi Koreyanın baş prokuroru (2019-2021) vəzifəsində işləyib və keçmiş prezidentlər Pak Kın He və Li Men Bakı mühakimə edib.
Yun Sok-yol onları vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edib. İmpiçment təhlükəsi qarşısında qalaraq vəzifəsindən istefa verən xanım Pakı ilk illər rahat buraxsalar da, sonradan ona qarşı cinayət işi qaldırıblar və baş prokuror Yun Sok-yolun tələbi ilə ona 26 il həbs cəzası kəsiblər. Ancaq 12-ci prezident Mun Çje İn onu, 11-ci prezidenti əfv edib.
Ölkəsinin 10-cu prezidenti olan Li Men Bak da baş prokuror Yun Sok-yolun qanunpərəstlik və prinsipiallığının güdazına gedib. Onu rüşvətxorluqda, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 15 il həbs cəzasına məhkum ediblər. 2019-cu ildə Bak səhhətinin pisləşməsi səbəbindən həbsdən azad edilib. 2020-ci ildə Ali Məhkəmə Linin cəzasını qüvvədə saxlayıb və o, yenidən həbsxanaya göndərilib. Ancaq 2022-ci ildə prezident seçilən Yun Sok-yol sələfini, özünün türməyə göndərdiyi Li Men Bakı əfv edib. 81 yaşlı keçmiş prezidentin səhhəti çox pisləşibmiş.
İndi işə baxın, özündən əvvəlki prezidentləri uzunmüddətli cəzalara məhkum etdirən Yun Sok-yolun özünü mühakimə edir və daha ağır – edam cəzası tələb edirlər.
O, Cənubi Koreyada prezident səlahiyyətlərinin icra edə-edə 3 ay türmədə yatmış ilk prezidentdir. Yun Sok-yolun sələflərini bir qayda olaraq vəzifədən getdikdən sonra qandallayıblarsa, onun özünü prezident ola-ola həbs ediblər və yalnız 3 aydan sonra vəzifəsindən kənarlaşdırıblar.
Bəs özü akademik oğlu və yaxşı təhsil almış hüquqşünas olan, məşhur vəkil kimi tanınan, sonra rayon, şəhər prokuroru işləyən, sonda baş prokuror təyin edilən və prezident seçilən bu şəxsin günahı nədir?
2021-ci ildə Yun Sok-yol baş prokuror vəzifəsindən istefa verəndən sonra müxalifətə keçib və bir ildən sonra müxalifət qüvvələrinin namizədi olaraq prezident seçilib. Ancaq bundan 2 il sonra onun partiyası parlament seçkilərində məğlub olub və bu da onun siyasi mövqeyini zəiflədib.
Onun vəzifədə olduğu müddətdə demokratiya sarıdan ölkədə geriləmə müşahidə olunub və Yun Sok-yolun davranışlarında avtoritarizmə meyl etməsi sezilib.
2024-cü ilin 14 dekabrında Yun Sok-yolun avtoritarizmə meyllənməsi öz apogeyinə çatıb. O, ölkədə hərbi vəziyyət elan edib, özünü Napoleon Bonopart kimi apararaq, deputatların hərbi vəziyyəti ləğv etmək üçün səs verməsinin qarşısını almaqdan ötrü parlamentə qoşun göndərib. Ancaq heç də hər şey Yun Sok-yolun istədiyi kimi olmayıb, Cənubi Koreya demokratiyası və deputatlar güclü çıxıblar. Prezident geri çəkilməli, əmrini ləğv etməli olub. Parlament üzvləri isə bununla kifayətlənməyiblər. 2025-ci ilin yanvar ayında Yun Sok-yol dövlət çevrilişi cəhdi ittihamı ilə həbs edilib. Hazırda 65 yaşı olan Yun Sok-yol həbsdədir və mühakimə olunur.
Güman ki, onu edam etməyəcəklər. Çünki Cənubi Koreyada ölüm hökmü sonuncu dəfə 1997-ci ilin dekabrında tətbiq edilib. O vaxtdan bu ölkədə heç kimi edam etmirlər və uzun illərdən sonra edam cəzasının eks-prezidentə qarşı tətbiq olunması absurd olar. Ehtimal ki, ona uzunmüddətli həbs cəzası kəsəcək, sonra da əfv edəcəklər. Bu, ondan sonra yüksək vəzifə tutan, tutmaq istəyən hər kəsə dərs olacaq ki, ölkənin birinci şəxsi olmaq hələ hüdudsuz səlahiyyət, hakimiyyət sahibi olmaq deyil. Cənubi Koreyanı Şimali Koreyadan fərqləndirən əsas cəhət budur.
Yun Sok-yol Cənubi Koreyada mühakimə olunan birinci, hətta beşinci prezident də deyil. Ondan əvvəl bu taleni yaşayan prezidentlər çox olub.
10-cu və 11-ci prezidentlərdən əvvəl 9-cu prezident Roh Mu-hyun da ittihamlara məruz qalıb. Onu 23 may 2009-cu ildə Busan tekstil firmasından 30.000 dollar rüşvət almaqda suçlayıblar. Roh Mu-hyun məhkəməni gözləməyib, öz doğma kəndi Bonqhadaya gedib, özünü Bonqvasan dağındakı Bayquş qayasından ataraq intihar edib. O, intihardan əvvəl belə bir qeyd yazıb: “Çətin bir dövrdən keçirəm. Çox insanın həyatını çətinləşdirmişəm”.
7-ci prezident Kim Yon-sam da korrupsiya ittihamlarına məruz qalıb. Koreya mediasının aşkar etdiyi 17 böyük korrupsiya qalmaqalının dördü birbaşa ölkə rəhbərliyi ilə əlaqəli olub. Bu qalmaqalların ən məşhuru “Hanbo” holdinqinin Kim Yon-samın seçki kampaniyasına “böyük töhfələr” verməsi və sonradan yeni administrasiyanın xüsusi rəğbətini qazanmasına dair olub. Korrupsiya və kommersiya rüşvətxorluğu yolu ilə şirkət 6 milyard dollar məbləğində kredit əldə edə bilib. Holdinq müflis olduqda, prezidentin kiçik oğlunun fırıldaqçılara fəal şəkildə kömək etdiyi məlum olub. Bu işə görə Kim Yon-samın oğlu üç il həbs cəzasına məhkum edilib.
6-cı prezident Ro De U 1993-cü ildə əvvəlcə korrupsiya ittihamları ilə həbs edilib, daha sonra ona Çun Du-hvanın hakimiyyəti ələ keçirməsində iştirak etmək ittihamı irəli sürülüb. 1996-cı ilin avqustunda 22 il həbs cəzasına məhkum edilən Ro De U 1998-ci ilin əvvəllərində prezident Kim De-jun tərəfindən əfv edilib.
5-ci prezident Çun Du-hvan da eyni aqibəti yaşayıb, Ro De-U ilə birlikdə həbs olunub, birlikdə də bağışlanıb.
Cənubi Koreyanın 3-cü prezidenti Pak Çonxi 1979-cu ildə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kim Çje-gyu tərəfindən güllələnərək öldürülüb. Onun yerinə gələn 4-cü prezident Çoy Kyu-ha isə 5-ci prezident Çun Du-hvan tərəfindən devrilib.
Beləliklə, indiyədək Cənubi Koreyada prezident olmuş 14 nəfərdən biri öldürülüb, biri intihar edib, biri devrilib, 7-i cinayətdə ittiham edilib, 5-i qandallanıb. Onlardan yalnız üçü prezidentlik müddətini sağ-salamat başa vurub, birinin – 14-cünün isə ali postda ili tamam olmayıb.
Bu acı təcrübə ilk növbədə onun göstəricisidir ki, heç kəs Cənubi Koreyada qanunların fövqünə qalxa bilmir, özünü mütləq hakimiyyət sahibi zənn edəni əvvəl-axır zərərsizləşdirirlər.
Bu ölkənin o biri yarısında – Şimali Koreyada isə 80 ilə yaxındır ki, baba, oğul və nəvə hakimiyyətdədirlər, hüdudsuz səlahiyyət, böyük mənsəb sahibidirlər.