“Qəbələdə Türk Dövlətləri Təşkilatının zirvə toplantısı oktyabrın 6 və 7-də işə başlayacaq. 2009-cu ildə Naxçıvan şəhərində təsis olunan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq hər sahədə genişlənib. Budəfəki sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” adlanır”.
Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, mövzu seçiminin səbəbi bölgədə müxtəlif müharibələrin genişlənmə ehtimalıdır:
“Türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsinə ehtiyac var.Türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı hərbi-texniki sahədə də əməkdaşlıq yolları aranmalıdır. Bu sıraya birgə hərbi təlimlərin keçirilməsindən tutmuş hərbi texnika istehsal edən ortaq müəssisələrin yaradılmasına qədər bəndləri aid etmək olar.
Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına iki yanaşma var. Birinci yanaşma müsbətdir, ikinci yanaşma mənfidir. ABŞ və Avropa İttifaqı ölkələri Türk Dövlətləri Təşkilatına müsbət yanaşırlar. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanın genişlənməsinin təhlükəli deyil, əksinə faydalı olduğunu düşünür. Bu səbəbdən Vaşinqton və Brüssel Zəngəzur dəhlizinin reallaşmasını istəyir. Zəngəzur dəhlizi isə türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək əsas layihələrdən biridir. İkincisi, ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə 5+1 əməkdaşlıq formatı mövcuddur. Doğrudur, bu əməkdaşlıq formatının əsas səbəblərindən biri də Qərbin Mərkəzi Asiyada Rusiya və Çinlə rəqabət aparmasıdır. Mərkəzi Asiya ölkələrinin özləri də 5+1 formatının davamında maraqlıdırlar. Çünki bu ölkələr Rusiya və Çinlə sıx əməkdaşlıq etsələr də, onlardan asılı olmaq istəmir, alternativ istiqamətlərə üstünlük verirlər. Mərkəzi Asiyanın Rusiya və Çindən asılı olmaması türk inteqrasiyası üçün də vacibdir.
Türk dövlətləri arasında inteqrasiyadan narahat olan 3 ölkə var. Bu Rusiya, Çin və İrandır. Bu 3 ölkənin rəsmiləri və diplomatları türk dövlətləri arasında inteqrasiyanın əleyhinə açıqlama və ya bəyanat vermirlər. Buna baxmayaraq, Moskva, Pekin və Tehran türk dövlətləri arasında inteqrasiyanı özləri üçün təhlükə kimi qiymətləndirirlər. Halbuki, türk dövlətləri arasında inteqrasiya heç bir dövlətə və birliyə qarşı yönəlməyib. Türk birliyi qarşılıqlı inteqrasiyanı gücləndirməklə türk dövlətlərinin müstəqil inkişaflarını sürətləndirən amildir. Görünür, məhz bu amil Rusiya, İran və Çindəki dairələrin xoşuna gəlmir. Qərblə qarşıdurma içərisində olan Rusiya, Çin və İran qonşu dövlətlərin də onlar kimi siyasət yürütmələrini istəyir. Türk birliyi isə Qərblə dialoq içərisindədir.
Rusiya, Çin və İran türk birliyinin inteqrasiyasına əngəl ola bilməyəcək. Çünki, türk dövlətləri arasında inteqrasiya zamanın tələbidir. Qəbələdəki toplantıda Şimali Kipr Respublikasının (Kuzey Kıbrıs Türk Cumhuriyyəti) Cumhurbaşqanı Ersin Tatar da iştirak edəcək. Ersin Tatar türk dövltələri liderlərinin Azərbaycanda keçirilən bütün toplantılarına dəvət olunub. Türkiyə Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçidini dəstəkləyir. Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır, son söz Mərkəzi Asiya ölkələrinin liderlərinindir”.
Lalə, Bakupost